Antiterror şəhidlərinin ailə üzvlərinə təqaüd ödənişləri olub

"Sentyabrda antiterror tədbirləri zamanı şəhid olan hərbi qulluqçuların və minaya düşərək həlak olan Daxili İşlər Nazirliyinin əməkdaşlarının ailələrinə ödənişlərin təyinatlarının aparılması məqsədilə sənədlər Fondun əməkdaşları tərəfindən toplanılıb. Onlara təqaüd ödənişləri tam şəkildə həyata keçirilib".

Sabahinfo.az xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov deyib. DSMF sədri bildirib ki, həmin şəxslərə dövlət icbari şəxsi sığorta ödənişləri 70-80 faiz təyin olunub:

"Bunun üçün bir sıra ailələrdə müvafiq sənəd hazırlanması prosedurları və vərəsəlik işlərinin müəyyən edilməsi vaxt alır. Vərəsəlik şəhadətnamələri təyin olunduqca həmin ödənişlərin də həyata keçirilməsi təmin olunacaq. Yaralananlara pensiya təyinatı məqsədləri üçün isə məlumat vərəqələri aidiyyəti üzrə qurumlara göndərilməlidir. Bir qism hərbi qulluqçular üzrə məlumatlar göndərilib. Digər qismi isə hazırlanmaqdadır. Onlar da təqdim olunduqca həmin ödənişlərin qısa müddətdə hazırlanması və təyinatı həyata keçiriləcək".