Aprel döyüşlərindən sonra ordumuz özünə, xalqımız da ordumuza daha çox güvəndi

“2016-cı ilin Aprel döyüşləri 2020-ci ilin 44 günlük Vətən müharibəsindəki qələbəmizi şərtləndirən ilk hadisə kimi tarixə düşüb. Uzun illər erməni işğalında olan torpaqlarımızın müəyyən hissəsinin məhz Aprel döyüşlərində Azərbaycan Ordusu tərəfindən azad edilməsi "məğlubedilməz Ermənistan ordusu" mifini darmadağın etdi. Azərbaycan əsgəri Aprel döyüşlərində ilk dəfə göstərdi ki, o, qısa zaman ərzində Vətən torpaqlarını işğaldan azad edərək Ermənistan Ordusunu məğlubiyyətə uğratmaq iqtidarındadır. Yəni, Azərbaycan Ordusunun yenilməz gücü ilk dəfə məhz 2016-cı ilin Aprel döyüşləri ərəfəsində sübuta yetirildi”.

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib. Deputatın sözlərinə görə, Aprel zəfəri, həmçinin, Azərbaycan Ordusunun istənilən döyüş tapşırığını yerinə yetirmək iqtidarında olduğunu göstərdi: “Ermənistanın o vaxtkı prezidenti Serj Sarkisyan məhz Aprel döyüşlərindən sonra Rusiya Prezidenti Vladimir Putinə yalvardı ki, müharibəni dayandırsın. Guya onlar müəyyən güzəştlərə getməyə hazır idilər. Təəssüflər olsun ki, ermənilər müəyyən vaxt sonra həmişə olduğu kimi verdikləri sözdən yenə də qaçdılar, himayədarlarının dəstəyi ilə sülh danışıqlarından yayındılar. Nəticədə, torpaqların sülh yolu ilə azad olunması qərarından, ümumiyyətlə, imtina edildi. Sonrakı proseslər göstərdi ki, Ermənistan siyasi hakimiyyəti yanıldı. Hesab edirəm ki, "Qarabağ klanı"nın Ermənistanda hakimiyyətdən getməsinin əsas səbəbi elə Aprel döyüşləri oldu. Ermənistan xalqı başa düşdü ki, həmin "məğlubedilməz ordu" ilə nəticə əldə etmək mümkün deyil və kriminal hakimiyyətin dövrü uzandıqca erməni xalqı dilənçiliyə məhkumdur. Aprel döyüşləri Ermənistanda 20 il hökmranlıq edən "Qarabağ klanı"nın sonunu gətirdi. Eyni zamanda, dörd gün davam edən həmin döyüşlər Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazıldı. Məhz Aprel döyüşlərindən sonra ordumuz özünə, xalqımız da ordumuza daha çox güvəndi. Eyni zamanda, döyüşlərin nəticəsi olaraq, Azərbaycan Ordusu və xalqının Prezident, Ali Baş Komandan İlham Əliyevə olan inamı da artmış oldu. Xalqımız bir daha əmin oldu ki, Azərbaycan Ordusu onun qarşısına qoyulan vəzifəni istənilən halda icra etmək iqtidarındadır. 2020-ci ildə 44 günlük İkinci Qarabağ savaşı da bunu bilavasitə təsdiq etdi”.