Aqiyə Naxçıvanlı: "Azərbaycan dövləti, Azərbaycan Prezidenti hər zaman öz əsgərinin yanındadır"

 

Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Prezident İlham Əliyevin imzaladığı 2020-ci il 2 dekabr tarixli Sərəncamla sentyabrın 27-si Azərbaycan Respublikasında hər il Anım Günü kimi qeyd olunacaq. Əlbəttə, bu Sərəncam da şəhidlərin ruhuna, şəhidlərin doğmalarına ölkəmizdə göstərilən ali ehtiramın bariz təzahürüdür. 2020-ci ilin sentyabr ayının 27-də Ermənistan silahlı qüvvələri növbəti dəfə bir neçə istiqamətdə müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə olunmaqla Azərbaycanın yaşayış məntəqələrini və hərbi mövqelərimizi atəşə tutdular. Bu qanlı təxribat nəticəsində ilk saatlarda mülki şəxslər, hərbçilər həlak oldular. Artıq bundan sonra Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin əmri ilə erməni qəsbkarlarının qanlı cinayətlərinə son qoymaq məqsədilə bütün təmas xətti boyunca hərbi əməliyyatlara başladı. Bu qərar, əlbəttə ki, artıq yetişmiş bir tarixi zərurət idi və bütün Cənubi Qafqazın gələcək müqəddəratının müəyyənləşməsi baxımından müstəsna əhəmiyyət kəsb edirdi.

AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı söyləyib.

Deputat bildirib ki, 44 günlük Vətən müharibəsi Ermənistanın Azərbaycana qarşı 200 ildən çox davam edən düşmənçilik və etnik dözümsüzlük siyasətinin məntiqi nəticəsi kimi qiymətləndirilməlidir. “200 il bundan əvvəl, hələ çar Rusiyasının Cənubi Qafqazda forpost ölkə yaratmaq siyasətinə uyğun olaraq tarixi Azərbaycan torpağı olan Qarabağa köçürülən ermənilər bu ərazilərdə məskunlaşdıqları ilk gündən xalqımıza qarşı düşmənçilik və etnik dözümsüzlük sərgiləməyə başlayıblar. Getdikcə öz mövqelərini möhkəmlədən bu gəlmələr bir müddət sonra Azərbaycan toponimlərini dəyişməyə başlamış, münbit əraziləri ələ keçirməyə çalışmış və əksəriyyət təşkil etdikləri yaşayış məntəqələrində azərbaycanlıları sıxışdırmışlar. Hər zaman məkrli və hiyləgər siyasət yürüdən ermənilər XX əsrin əvvəllərində Rusiyanı bürümüş inqilablar təlatümündən də öz məqsədləri üçün yararlana bildilər. Yaranmış şəraitdən sui-istifadə edən erməni qəsbkarları Azərbaycana qarşı əsl qətliamlar törətmiş, 1905-1907-ci və 1918-ci illərdə yüz minlərlə soydaşımızı vəhşicəsinə qətlə yetirmişlər. 1918-1920-ci illər isə xalqımızın yaddaşına erməni silahlı quldur dəstələrinin xüsusi qəddarlığı ilə həkk olunmuşdur. Həmin illərdə İrəvanda, Dərələyəzdə, Zəngəzurda, Göyçədə, Tiflisdə, Naxçıvanda, Bakıda, Gəncədə, Şamaxıda, Qubada, Lənkəranda, Qarabağda, Muğanda, Göyçayda on minlərlə dinc azərbaycanlı əhali soyqırımına məruz qalmış, yaşadıqları yerlərdən qovulmuş, onlara işgəncələr verilmiş, yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə-yeksan edilmişdir”, - deyə deputat vurğulayıb. A.Naxçıvanlı bildirib ki, azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması sovet dövründə də kütləvi şəkildə həyata keçirilmişdir. 1948-1953-cü illərdə Ermənistandakı öz tarixi dədə-baba torpaqlarından 150 minə yaxın azərbaycanlı deportasiya olunaraq Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilmişdir. 1988-ci ildə daha 300 minə yaxın azərbaycanlı öz doğma yurdundan qovulmuş, bununla da Ermənistan monoetnik dövlətə çevrilmişdir. 1988-ci ildə başlayan Qarabağ hadisələri, erməni ideoloqlarının “dənizdən-dənizə Ermənistan” adlı sərsəm ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması, on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələnmişdir. Qeyd etmək lazımdır ki, azərbaycanlılara qarşı törədilmiş soyqırımına dair ilk siyasi-hüquqi qiymət ulu öndər Heydər Əliyev tərəfindən verilmişdir. Ulu Öndərin 1998-ci il 26 mart tarixində imzaladığı Fərman ilə 31 mart tarixi Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir.

Dünyanın bəzi güclərinin hələ də ermənilərə havadarlıq etmələrinin və bu əsasda Ermənistanda revanşizm əhval-ruhiyyəsinin bəslənməsinin təhlükəli tendensiya olduğunu qeyd edən deputat deyib: “Azərbaycan son 30 il ərzində bütün dünyada olan ermənipərəst qüvvələrin səyləri ilə beynəlxalq riyakarlığın ən bariz təzahürləri ilə üz-üzə qalmışdı. Nəticə etibarilə ölkəmizə torpaqlarını müharibə yolu ilə azad etməkdən başqa seçim verilmədi. Bu, onu deməyə əsas verir ki, bu gün beynəlxalq hüquq normaları işləmir. BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul olunmuş və erməni silahlı qüvvələrinin torpaqlarımızdan dərhal çıxarılmasını tələb edən dörd qətnamənin icrasının bütün bu illər ərzində təmin olunmaması da bunu sübut edir. Prezident İlham Əliyev çıxışlarında dəfələrlə qeyd edib ki, beynəlxalq hüquq normaları elə bil kiçik ölkələr, orta səviyyəli, gücü o qədər olmayan ölkələr üçün yazılıb. Böyük ölkələr buna məhəl qoymaya bilərlər. Məhz belə bir vəziyyətdə olmamaq üçün də Azərbaycan öz hərbi qüdrətini bundan sonra da artırmalıdır. Birmənalı olaraq demək lazımdır ki, Vətən müharibəsində əldə olunmuş tarixi Qələbəmiz 2003-2020-ci illər ərzində Prezident İlham Əliyev tərəfindən həyata keçirilmiş çoxşaxəli hazırlıq işləri sayəsində təmin edilib. Vətən müharibəsinə qədər davam edən dövr ərzində Azərbaycan Prezidenti daim deyirdi ki, sülh yolu ilə torpaqlarımız geri qayıtmasa, müharibə yolu ilə biz bu məsələni həll edəcəyik. Bütün xarici təzyiqlərə, ittihamlara baxmayaraq, dövlətimizin başçısı bu haqlı mövqeyindən heç zaman bir addım belə olsun geri çəkilmədi. 2003-cü ildən Vətən müharibəsinin başlanmasına qədər ötən 17 il ərzində dövlətimizin başçısı bütün çıxışlarında, beynəlxalq müstəvidə keçirilən bütün tədbirlərdə bu məsələni dilə gətirdi, mövcud münaqişəni diqqət mərkəzinə çəkdi. Görülən tədbirlər sayəsində, ilk növbədə, daxili sabitlik təmin edildi, xalq-iqtidar birliyinə nail olundu. Daha sonra ölkənin iqtisadi inkişafı təmin edildi. Eyni zamanda, həyata keçirilən düzgün xarici siyasət hesabına beynəlxalq vəziyyət bizim xeyrimizə çevrildi. Sonda Azərbaycan xalqı, Azərbaycan Ordusu öz Prezidentinin və Ali Baş Komandanının ətrafında “Dəmir yumruq” kimi birləşərək düşmənə sarsıdıcı zərbələr endirdi, düşməni məğlub etdi, tarixi ədaləti və ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Bu Qələbə tarixdə əbədi qalacaq. Bu Qələbə sayəsində Azərbaycan dövləti bu gün qalib dövlət kimi yaşayır və bundan sonra müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacaq. Bununla belə, nəzərə almaq lazımdır ki, bu cür tendensiyalar Ermənistan dövlətçiliyinin sonunu gətirib çıxara bilər. Bu gün erməni faşizmi məhv edilsə də, onun təzahürləri hələ də görünməkdədir. Bu, çox təhlükəli tendensiyadır və ilk növbədə, Ermənistan dövlətinin özü üçün. Revanşizm yolverilməzdir və əgər erməni faşizmi baş qaldırmağa bir də cəhd göstərərsə, Azərbaycanın “Dəmir yumruğu” onun başını heç bir tərəddüd etmədən bir daha əzəcək. Bunu hər kəs bilməlidir”.

Milli Məclisin deputatı Ermənistanın törətdiyi müharibə cinayətlərindən danışaraq bildirib ki, artıq bütün dünya erməni qəsbkarları tərəfindən xalqımıza, dinc əhaliyə qarşı törədilmiş vəhşiliklərin, erməni faşizminin və vandalizminin acı nəticələrini öz gözləri ilə gördülər və bundan sonra heç kim onları bu həqiqətlərin əksinə inandıra bilməz. “Bu gün artıq bütün dünyaya Ermənistan hökumətinin ağır hərbi cinayətlər törətməsinə dair danılmaz dəlillər təqdim olunub. Təkcə Gəncə şəhərinə ballistik raketlərin atılması barbarlığın, hərbi cinayətkarlığın ən böyük göstəricisidir. Çünki bu, gecə vaxtı insanların yatdığı zaman hədəflənmiş hücum idi. Rəsmi İrəvan hərbi cinayətkardır. Azərbaycan Ordusunun zəfər yürüşü qarşısında tab gətirə bilməyən düşmən təxribatlara əl ataraq dinc mülki şəxsləri hədəfə almaqla müharibə cinayətləri törətmişdir. Azərbaycanın şəhərləri ballistik raketlərlə, fosforlu və kasetli bombalarla atəşə tutulmuşdur. Müharibə dövründə namərd atəşlər nəticəsində 100-ə yaxın mülki şəxs, onların arasında uşaqlar, qadınlar həlak olmuşlar. 400-dən çox mülki şəxs yaralanmış, 5 mindən çox ev dağıdılmış, ziyan çəkmişdir. Ağdam, Bərdə, Füzuli, Gəncə, Goranboy, Naftalan, Mingəçevir və Tərtər rayonlarında şəhər və kəndlərin raket atəşinə tutulması müharibə cinayətidir. Həmçinin basdırılmış mina xəritələrinin Azərbaycana təqdim olunmaması rəsmi İrəvanın hərbi cinayətkar olmasının növbəti sübutudur. Basdırılmış yüz minlərlə mina bərpa işlərini əsaslı şəkildə ləngidir və mülki əhalinin həyatı üçün təhdid törədir. Müharibə başa çatandan bu günədək 150-dən çox mülki şəxs və hərbçi minaya düşərək həlak olmuş və ya öz sağlamlığını itirmişdir. Hər bir mina partlayışı atəşkəsin və sülhün pozulması kimi qiymətləndirilə bilər. Dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar Ermənistanı minaların xəritələrini vermədiyinə görə qınamalı və rəsmi İrəvan bütün bu cinayətlərə görə hüquqi məsuliyyət daşımalıdır”, - deyə A.Naxçıvanlı diqqətə çatdırıb.

Aqiyə Naxçıvanlı, həmçinin Azərbaycanda hər bir şəhid ailəsinə, hər bir müharibə qazisinə və iştirakçısına göstərilən dövlət qayğısından da bəhs edib. Deyib ki, Azərbaycan bütün parametrlərinə görə sosial dövlət meyarlarına cavab verən və siyasətində əsas amil kimi məhz vətəndaş məmnunluğu prinsipini tutan dövlətdir. “Mən hər zaman qazilərin yanında olacağam”, – deyən Prezident İlham Əliyev bununla, əslində, cəmiyyətimizdə bütün müharibə iştirakçılarına olan münasibətini bildirdi. Vətən müharibəsində şəhidlik zirvəsinə ucalanların ailə üzvlərinin, bu haqq savaşımızda şanlı Zəfər qazanan qüdrətli Azərbaycan Ordusunun hərbçilərinin, qazilərin sosial müdafiəsinin möhkəmləndirilməsi, o cümlədən bu insanların mənzil, fərdi ev və avtomobillərlə təmin edilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlər Prezident İlham Əliyevin bu qəbildən olan vətəndaşlarımıza daim xüsusi diqqət və qayğı göstərməsinin bir təzahürüdür. Yaralanmış müharibə iştirakçılarının reabilitasiyası və onların sosial məsələlərinin həlli istiqamətində görülmüş işlər sübut edir ki, dövlət hər zaman öz əsgərinin yanındadır. Müharibə dövründə əlini, qolunu itirmiş qazilərimiz üçün ən müasir protezlər sifariş edilmişdir. Ehtiyacı olan bütün qazilərə, şəhid ailələrinə dövlət tərəfindən lazımi köməklik göstərilməkdədir. İndiyədək 9200-ə yaxın şəhid ailəsi, müharibə əlili dövlət tərəfindən mənzillərlə təmin edilmişdir. Həm Birinci, həm də İkinci Qarabağ müharibələri şəhidlərinin ailələrinə Bakıda, Sumqayıtda, Abşeron rayonunda bu ilin sonuna qədər mənzillər veriləcəkdir. Əlavə olaraq, müharibə əlillərinə 7200-ə yaxın minik avtomaşını verilmişdir. Əsas məqsədi şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün yaradılmış “YAŞAT” Fondu tərəfindən indiyədək 75 milyona yaxın vəsait toplanmış və müvafiq istiqamətlər üzrə həmin vəsaitin xərclənməsi davam etdirilir. Azərbaycan şəhid ailələrinə göstərilən diqqətə görə dünya miqyasında nümunə sayıla bilər. Azərbaycan xalqı mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı hərbi əməliyyatlarda iştirak edərək şücaət nümayiş etdirmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş Silahlı Qüvvələrin hərbi qulluqçuları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə müxtəlif orden və medallarla təltif olunmuşlar – “Vətən Müharibəsi Qəhrəmanı” adı, “Zəfər”, “Qarabağ”, “Vətənə xidmətə görə” 1, 2 və 3-cü dərəcəli, “Rəşadət”, “Azərbaycan Bayrağı” ordenləri, habelə “Vətən uğrunda”, “İgidliyə görə”, “Döyüşdə fərqlənməyə görə”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” kimi medallar Vətən müharibəsi iştirakçılarına və ya ölümündən sonra onların yaxınlarına təqdim olunmuşdur. Dövlətimizin başçısı tərəfindən bu istiqamətdə imzalanan fərman və sərəncamlar çoxsaylı ailələrə böyük sevinc bəxş edir. Azərbaycan dövləti şəhidlərin xatirəsini əbədiləşdirmək üçün bütün lazımi tədbirləri görür və bundan sonra da görəcəkdir.