“Artıq 22 ildir ki, Ölkə Prezidenti cənab İlham Əliyev öz xalqına arxalanaraq Azərbaycanı inamla və uğurla inkişafa doğru aparır. Xüsusilə son bir neçə ildə dünyanı bürüyən iqtisadi böhranlara, planetin ən müxtəlif nöqtələrində yaranan və getdikcə alovlanan hərbi qarşıdurmalara, eləcə də beynəlxalq təzyiqlərə rəğmən möhtərəm dövlət başçımızın nümayiş etdirdiyi yüksək peşəkarlıq və xalqa arxalanma siyasəti Azərbaycanda yaşanan ümumxalq birliyini son dərəcə möhkəmləndirmişdir. Azərbaycan xalqı hər zaman öz Prezidentini dəstəkləyib, ona sonsuz etimad göstərib. 2024-cü il fevralın 7-də keçirilmiş Prezident seçkiləri isə sözün əsil mənasında Zəfər seçkisi oldu. Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra ilk dəfə seçkilər ölkə ərazisinin istisnasız hər bir yerində keçirildi. Cənab Prezident özü, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Xankəndi şəhərində səs verdilər. Əlbəttə ki, müstəqil dövlətçiliyimizin möhkəmlənməsi, suverenliyimizin tam bərpası və Konstitusiyamızın ali hüquqi qüvvəsinin ölkəmizin bütün ərazisində təmin edilməsi Azərbaycan xalqının taleyində müstəsna əhəmiyyət kəsb edən tarixi nailiyyətdir.Yeri gəlmişkən, bir neçə gün bundan əvvəl bizim də, bütün dünyanın da şahidi olduğumuz daha bir önəmli hadisə Ölkə Prezidenti cənab İlham Əliyevin uğurla həyata keçirdiyi dövlət siyasətinin başlıca ideoloji sütunlarından birinin məhz humanizm prinsipi olduğunu növbəti dəfə nümayiş etdirdi. Belə ki, möhtərəm dövlət başçımız 15 dekabr 2025-ci il tarixində “Konstitusiya və Suverenlik İli” çərçivəsində humanizm və mərhəmət ənənələrinə sadiqliyin bariz nümunəsi kimi amnistiya elan edilməsi təşəbbüsü ilə çıxış etdi. Artıq dekabrın 19 Milli Məclis müstəqil Azərbaycanın tarixində ən böyük amnistiya aktını qəbul etdi.”
Bu sözləri aia.az-a verdiyi açıqlamasında siyasi elmlər doktoru, professor Aqiyə Naxçıvanlı deyib.
Fikirlərini davam etdirən müsahibimiz bildirib ki, cənab Prezident İlham Əliyevin fəaliyyətindən danışarkən ordu quruculuğu sahəsində görülən işlər xüsusi vurğulanmalıdır: “Silahlı qüvvələrimizin modernləşdirilməsi, ordunun gücləndirilməsi hər zaman cənab Prezident İlham Əliyevin dövlət siyasətinin əsas strateji isiqamətlərindən biri olub. 2003-cü ildən etibarən planlı və ardıcıl şəkildə görülmüş işlər Azərbaycan ordusunu dünyanın ən güclü 50 ordusu sırasına yüksəltdi. 2020-ci ilə qədər davam edən dövrdə Silahlı Qüvvələrin maddi-texniki təchizatının yenilənməsi, müasir infrastrukturun yaradılması, hərbi qulluqçuların sosial müdafiəsi, mənzil təminatının yaxşılaşdırılması, həmçinin müdafiə sənayesinin inkişaf etdirilməsinə cənab Prezident İlham Əliyev tərəfindən xüsusi diqqət ayrılıb və bu tendensiya indi də davam etdirilir. 2020-ci il sentyabr-noyabr aylarında Azərbaycan Ordusu Ali Baş Komandan cənab İlham Əliyevin əmri ilə erməni təxribatlarına birdəfəlik son qoymaq məqsədilə bütün təmas xətti boyunca hərbi əməliyyatlara başladı. Birmənalı olaraq qeyd olunmalıdır ki, Vətən müharibəsi sadəcə Azərbaycanın deyil, bütün Cənubi Qafqazın gələcək müqəddəratının müəyyənləşməsi baxımından müstəsna əhəmiyyət kəsb edirdi. 44 gün davam edən irimiqyaslı hərbi əməliyyatların nəticəsi olaraq, Azərbaycan Ordusu ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdi. Məhz bizim şanlı ordumuz XXI əsrdə ilk dəfə irimiqyaslı hərbi əməliyyatlarda qalib gələrək öz ölkəsinin ərazi bütövlüyünü bərpa edib. Bu gün Azərbaycan Ordusu sadəcə ölkəmizdə deyil, artıq həm də bütün Cənubi Qafqazda sülhün əsas təminatçısı kimi çıxış edir.”
Daha sonra A.Naxçıvanlı cənab Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət xəttindən bəhs edərək bunları deyib: “Birmənalı olaraq demək lazımdır ki, cənab Prezidentin həyata keçirdiyi praqmatik xarici siyasət kursu ölkəmizə beynəlxalq münasibətlər sistemində etibarlı strateji tərəfdaş imici qazandırıb. Regional təşəbbüslər Azərbaycanın möhkəmlənməsinə, bölgədəki əməkdaşlığın dərinləşməsinə xidmət edir. Azərbaycan Prezidentinin yürütdüyü uğurlu xarici siyasət nəticəsində ölkəmiz 2012-ci ildə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi, dünyada beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət kimi tanıdı. Həmçinin Azərbaycanın 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına 2019-2023-cü illərdə uğurla və yüksək səmərəliliklə sədrlik etməsi müasir Azərbaycanın beynəlxalq miqyasda nüfuzunu və qüdrətini göstərir. Əlbəttə ki, dünyada sülhü və konstruktiv əməkdaşlığı təbliğ edən cənab Prezident İlham Əliyevin beynəlxalq təşəbbüsləri xüsusilə mühüm əhəmiyyət kəsb edir. Bu gün Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının ən aktiv və nüfuzlu üzvlərindən biridir. 2026-cı ildə isə ölkəmiz bu mötəbər Təşkilata sədrlik edəcək. Əlbəttə ki, Türk dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir. Son iki il ərzində cənab Prezident İlham Əliyevin TDT-yə üzv və müşahidəçi dövlətlərə 20-dən artıq səfəri təşkil olunmuşdur. 2024-cü il 19 dekabr tarixində Qahirədə İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə toplantısı zamanı təşkilata üzv qəbul edilməsində Azərbaycanın namizədliyinə Türkiyə, Pakistan, Misir, İran, İndoneziya, Malayziya, Nigeriya və Banqladeş tərəfindən dəstək göstərilməsi bu ölkələr ilə səmimi dostluğumuzun və əməkdaşlığımızın göstəricisidir. Zəngin enerji resurslarına malik olan və eyni zamanda da müstəqil praqmatik xarici siyasət, o cümlədən stabil enerji siyasəti yürüdən Azərbaycanda hökm sürən dayanıqlı ictimai-siyasi sabitlik Azərbaycanı bütün dost ölkələr üçün əsl etibarlı tərəfdaşa çevirib. Bütün bu uğur və nailiyyətlər cənab Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik və uzaqgörən siyasətinin, Azərbaycanın daha güclü və inkişaf etmiş ölkəyə çevrilməsinə dəqiq hesablanmış strategiyasının bariz nəticələridir.
Sonda isə mən Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevi ad günü münasibətilə səmimi-qəlbdən təbrik etmək istəyirəm. Möhtərəm dövlət başçımız bütün fəaliyyəti boyunca xalqına bağlılığını, milli maraqlara sədaqətini əməli işlərlə sübut edib. Xüsusilə işğal dövründə cənab Prezidentin öz ad günlərini dəbdəbəli mərasimlərsiz, məcburi köçkün soydaşlarımızla birlikdə qeyd etməsi onun humanist və ədalətli lider obrazının parlaq təzahürü olub. Bu addım çətin günlərdə xalqla həmrəyliyin, ağrını və ümidi bölüşməyin əsl nümunəsinə çevrildi. Cənab Prezident İlham Əliyev hər zaman bildirib ki, məcburi köçkünlərin qayıdış günü ən böyük bayram olacaq. Bu gün həmin tarixi ədalətin bərpası reallığa çevrilib və xalq öz liderinin qətiyyətini daha aydın hiss edir. Möhtərəm dövlət başçımıza möhkəm cansağlığı, uzun ömür və dövlətimizin inkişafı, xalqın rifahı naminə göstərdiyi misilsiz fəaliyyətində yeni uğur və nailiyyətlər arzulayıram. Ad gününüz mübarək cənab Prezident!” – deyə, Aqiyə Naxçıvanlı öz fikirlərini tamamlayıb.