“Ölkəmizdə 7 fevral 2024-cü il tarixinə təyin olunmuş növbədənkənar Prezident seçkiləri müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq respublikamızın bütün ərazisində keçiriləcək. 2020-ci ildə 44 günlük Vətən müharibəsində əldə olunmuş tarixi Qələbə və 2023-cü ilin antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası həm bütünlükdə Cənubi Qafqaz regionunda, həm də ölkəmizdə yeni reallıqlar yaradıb. Növbədənkənar Prezident seçkiləri də ərazi bütövlüyümüzün və suverenliyimizin təsbitidir. Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev xalqa verdiyi sözə tam əməl etdi. Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etdi, üçrəngli bayrağımızı Xankəndində, Şuşada, Xocalıda, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Zəngilanda, Füzulidə və işğaldan azad olunmuş bütün ərazilərimizdə şərəflə dalğalandırdı.”
Bu sözləri növbədənkənar Prezident seçkilərinin təyin olunması ilə əlaqədar mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı deyib.
Deputat qeyd edib ki, növbədənkənar seçkilərin keçirilməsi bütün sivil dünyada qəbul olunmuş siyasi təcrübədir: “Növbəti seçkilər bəzi fövqəladə hallarda təxirə salınır, bəzi hallarda isə vaxtından əvvəl keçirilir. Seçkilərin növbədənkənar keçirilməsi ölkə vətəndaşlarının öz siyasi iradələrini sadəcə olaraq vaxtından əvvəl ifadə edəcəkləri anlamına gəlir. Digər tərəfdən isə, bu seçkilər cənab Prezident İlham Əliyevin özünə inamının, xalqın siyasi dəstəyinə əminliyinin ən bariz göstəricisi kimi dəyərləndirilməlidir. Heç bir şübhə yoxdur ki, bu seçkilərdə də Azərbaycan xalqı uzun illərdən bəri həyata keçirdiyi çoxşaxəli fəaliyyəti, gərgin səyləri nəticəsində “Qarabağ Azərbaycandır!” şüarını yaradan və həyata keçirən ölkə rəhbərinin yanında olacaq, öz Prezidentinin xarici və daxili siyasətini, o cümlədən Qarabağda və ölkənin digər bölgələrində apardığı quruculuq işlərini fəal şəkildə dəstəkləyəcək. Xüsusi olaraq belə bir önəmli məqamı qeyd etmək lazımdır ki, növbədənkənar seçkilərin keçirilməsinə dair qərar ölkədə siyasi partiyaların üzvlərinin reyestrlərinin dövlət qeydiyyatına alınması prosesinin tamamlanmasından sonra qəbul olunub. Bununla da seçkilərdə iştirak etmək üçün dövlət qeydiyyatına alınmış bütün siyasi partiyalara bərabər imkanlar yaradılıb. Bu yanaşma ölkədə ədalətli rəqabət mühitinin təmin edildiyinin bariz nümunəsidir.”
Fikirlərini davam etdirən A.Naxçıvanlı Cənubi Qafqaz regionunda tam müstəqil bir ölkənin olmasını və Azərbaycanın Qələbəsini həzm edə bilməyən dövlətlərin təxribatlarının qarşısını almaq baxımından siyasi sistemin gücləndirilməsinin strateji əhəmiyyət kəsb etdiyini vurğulayıb: “Azərbaycan üç il bundan əvvəl Vətən müharibəsinin gedişində savaş meydanında əldə etdiyi tarixi Qələbəsini sonradan siyasi müstəvidə də təsdiqlədi. Lakin bu gün biz görürük ki, Fransa timsalında bəzi Qərb dövlətləri hələ də ölkəmizin bu Zəfərini həzm edə bilmirlər. Məhz bu dövlətlərin ölkəmizə qarşı təxribatlarının qarşısının alınması baxımından da Azərbaycanın siyasi sisteminin gücləndirilməsi strateji əhəmiyyət kəsb edən bir məsələdir. Təəssüflər olsun ki, öz qərəzli ritorikalarında daim seçkiləri tələb edən bəzi radikal siyasi qüvvələr gələn ilin fevral ayında nəzərdə tutulmuş seçkilərin keçirilməsi ilə bağlı qərəzli fikirlər səsləndirməklə sadəcə düşmən dəyirmanına su tökürlər. Halbuki, Seçki Məcəlləsinə əsasən bütün namizədlər bərabər hüquqa malikdirlər və bərabər öhdəliklər daşıyırlar, namizədlərin hamısına seçkiqabağı fəaliyyət üçün bərabər şərait təmin edilir, o cümlədən təşviqat aparılması üçün mediadan bərabər istifadə şərtləri müəyyənləşdirilir. Birmənalıdır ki, potensialı və elektoratı olan bütün siyasi qüvvələr üçün seçkilərin keçirilməsi faktı universal fürsətdir. Bu mənada seçkilərin keçirilməsi ilə bağlı olan istənilən narazılıq yalnız qərəzli mövqeyin və məhdud potensialın təcəssümü kimi dəyərləndirilməlidir” – deyə, Aqiyə Naxçıvanlı fikirlərini tamamlayıb.