“Son vaxtlar Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin imzalanması artıq reallaşmaqda olan bir hadisə kimi öz təzahürlərini bir neçə dəfə aşkar şəkildə nümayiş etdirsə də, bir tərəfdən bu ölkənin daxilində olan revanşist əhaval-ruhiyyəli qüvvələr, digər tərəfdən də anti-Azərbaycan siyasəti ilə seçilən bəzi xarici ölkələrin təhriki rəsmi İrəvanı destruktiv addımlar atmağa sövq edirdi. Nəticə etibarı ilə son bir neçə ayda Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən ordumuzun mövqelərinin müxtəlif çaplı silahlardan sistemli şəkildə atəşə tutulması, ərazilərimizin minalanmasının davam etdirilməsi və digər təxribat xarakterli hərəkətlər gərginliyin artmasına səbəb olub. Sentyabrın 19-da Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindəki birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minanın partlaması nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus nəqliyyat vasitəsinın sıradan çıxması və mülki şəxslərin həlak olması, eləcə də Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularını daşıyan nəqliyyat vasitəsinin minaya düşməsi nəticəsində hərbi qulluqçularımızın həlak olması və yaralanması Azərbaycanın səbr kasasını daşdıran son damla oldu. 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın müddəalarına zidd olaraq Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı birləşmələrinin mövcudluğunun davam etdirilməsi ilə regional sülh və sabitliyə yaranan ciddi təhlükə mənbəyini birdəfəlik ləğv etmək üçün Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin əmrinə əsasən lokal xarakterli antiterror tədbirlərinə başladı.”
Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı deyib.
Həmçinin deputat qeyd edib ki, Azərbaycan Ordusu antiterror əməliyyatının gedişində heç bir mülki şəxsə və ya obyektə zərər verməməklə bir daha öz yüksək peşəkarlığını dünyaya nümayiş etdirir: “Azərbaycanın keçirdiyi antiterror tədbirlərinin əsas və yeganə məqsədi Qarabağ bölgəsində erməni silahlı birləşmələri tərəfindən törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhalinin, bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilərin və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması, bölgədə Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsidir. Bu məqsədlə Ermənistan silahlı qüvvələrinin qanunsuz bölmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqliyə malik silahların tətbiqi ilə sıradan çıxarılır. Bununla belə ordumuz tərəfindən yüksək peşəkarlıq nümayiş etdirilərək, mülki əhali və infrastruktur obyektlərin hədəfə alınması halları istisna edilir. Eyni zamanda Azərbaycan tərəfindən keçirilən antiterror tədbirləri barədə Rusiya sülhməramlı kontingentinin komandanlığı və Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin rəhbərliyi əvvəlcədən məlumatlandırılmışdır. Heç bir şübhə yoxdur ki, antiterror əməliyyatları qısa zaman ərzində erməni silahlı bölmələrinin tam zərərsizləşdirliməsi ilə başa çatacaq. Lakin qanunsuz erməni silahlı dəstələrinin ağ bayraq qaldıracaqları, bütün silahları təhvil verəcəkləri və Xankəndində yaradılmış qanunsuz rejimin özünü buraxacağı halda Azərbaycan antiterror tədbirlərini dayandıra bilər və bu, qarşı tərəf üçün ən əlverişli hal olar.”
Sonda A.Naxçıvanlı Azərbaycanın bu hərbi əməliyyatların gedişində də özünün beynəlxalq hüquqa və humanizm prinsiplərinə daim sadiq olduğunu bütün dünyaya nümayiş etdirdiyini vurğulayaraq bunları deyib: “Azərbaycan hər zaman olduğu kimi, bu antiterror tədbirlərinin gedişində də hər iki tərəfdən mülki şəxslərin təhlükəsizliklərinin təmin olunmasını ən vacib şərt kimi müəyyən edib. Bu məqsədlə Azərbaycanın Müdafiə Nazirliyi yaşayış yerlərinin yaxınlığında atəş vasitələrinin Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən yerləşdirilməsini nəzərə alaraq ərazidə olan mülki əhalini hərbi obyektlərdən kənar durmağa və Ermənistan silahlı qüvvələrinin birləşmələrinə dəstək olmamağa çağırmışdır. Bu barədə mobil SMS xidməti vasitəsilə Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinə məlumat göndərilib. Eyni zamanda səsgücləndirici texniki vasitələrlə əhali xəbərdar edilir və məlumat vərəqələri paylanılır. Ölkə qanunlarına və beynəlxalq humanitar hüquq normalarına uyğun olaraq təhlükəsizliyinə zəmanət verilən inzibati, sosial, təhsil, tibbi, dini və digər obyektlərin mühafizə və müdafiəsi Azərbaycan tərəfindən təmin olunur. Qadınlar, uşaqlar, qocalar, habelə fiziki məhdudiyyətli şəxslər və xəstələrə lazımi tibbi və digər yardımlar göstəriləcək, onlar içməli su və ərzaqla təmin olunacaqlar. Artıq əhalinin təhlükəli ərazidən təxliyəsini təmin etmək üçün Laçın yolu üzərində və digər istiqamətlərdə humanitar dəhliz və qəbul məntəqələri də yaradılıb. Bütün bu tədbirlər bir daha göstərir ki, mülki əhalini və infrastrukturları hədəfə alan işğalçı erməni silahlı qüvvələrindən fərqli olaraq Azərbaycan Ordusu bütün hallarda insani dəyərləri hər şeydən uca tutur və məhz Azərbaycan bütün vətəndaşlarının, o cümlədən Qarabağ bölgəsində yaşayan ermənilərin təhlükəsizliyinin yeganə qarantı ola bilər” – deyə, Aqiyə Naxçıvanlı fikirlərini tamamlayıb.