“Ötən il Azərbaycanda olduğu kimi, Rusiyada da xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi xüsusi ehtiramla qeyd olunduğunu hamımız yaxşı xatırlayırıq. Bu, əlbəttə ki, ölkələrimiz və xalqlarımız arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin bir nümayişi idi və Azərbaycan xalqı bunu çox yüksək qiymətləndirir. Qeyd etmək lazımdır ki, Azərbaycan və Rusiyanın 70 il ərzində vahid ittifaqda yer almaları ölkələrimiz arasında münasibətlərin özünəməxsus xarakterini formalaşdırıb. Müstəqillik illərində əlaqələr daha da inkişaf edib və 1992-ci il aprelin 4-dən etibarən Azərbaycan və Rusiya arasında diplomatik əlaqələr qurulub. Bununla belə, məhz Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra ölkələrimiz arasında münasibətlərin ən yüksək səviyyədə inkişaf etdirilməsinə başlanılıb. 2000-ci illərin əvvəllərində isə ölkələrimiz arasındakı dostluq və mehriban qonşuluq münasibətlərinin əsasını məhz Rusiya Prezidenti Vladimir Putin və Ulu Öndər Heydər Əliyev qoyublar. Qeyd olunmalıdır ki, bu gün də Azərbaycan-Rusiya əlaqələrində siyasi münasibətlər mühüm yer tutur.”
Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı deyib.
Prezident İlham Əliyevin cari ilin aprel ayının 22-də Rusiyaya işgüzar səfərinin xüsusi əhəmiyyətini qeyd edən deputat həmçinin bildirib ki, bu səfər Ulu Öndər Heydər Əliyevin təkcə Azərbaycan xalqı qarşısında deyil, həm də bütün keçmiş SSRİ xalqları qarşısında olan tarixi xidmətlərinin bir daha işıqlandırılmasına səbəb oldu: “Ölkə Prezidenti cənab İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putinin dəvətilə aprelin 22-də Rusiyaya etdiyi işgüzar səfərini əlamətdar edən tarixi məqamlardan biri dövlət başçımızın Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə keçirilən dövlət tədbirlərində iştirakı ilə bağlıdır. Yaşlı nəslin nümayəndələri gözəl bilirlər ki, ötən əsrin ən böyük logistika layihələrindən biri olan Baykal-Amur Magistralının (BAM) tikintisində Azərbaycan inşaatçıları və mütəxəssisləri fəal iştirak ediblər. Bu da bir həqiqətdir ki, Ulu Öndər Heydər Əliyev həmin dövrdə Ümumittifaq tikintisi adlandırılan nəhəng layihənin həyata keçirilməsində yaxından iştirak edib və onun reallaşdırılmasına misilsiz töhfələr verib. Rusiya Prezidenti Vladimir Putin dəmir yolu sahəsinin veteranları və işçiləri ilə keçirilmiş görüş zamanı etdiyi çıxışında Ümummilli Liderimizin bu layihədə iştirakını son dərəcə yüksək qiymətləndirərək demişdir: “Heydər Əlirza oğlu BAM-ın tarixində müstəsna, böyük rol oynayıb. Heydər Əlirza oğlu SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində Baykal-Amur Magistralının tikintisinə rəhbərlik edir və bu çətin layihənin həyata keçirilməsi üçün əlindən gələni əsirgəmirdi. Bu işdə ona böyük bilik və təcrübə, idarəçilik istedadı, ən mürəkkəb problemləri həll etmək bacarığı və əlbəttə ki, xüsusi şəxsi keyfiyyətlər, ilk növbədə, çalışdığı insanlara qayğıkeş, hörmətli münasibət kömək etdi və o, bu nəhəng problemləri həll edə bildi. O, özü BAM-ın obyektlərində oldu, inşaatçılar, yeni qəsəbə və şəhərlərin sakinləri ilə söhbət etdi. Necə deyərlər, rahatlıqla ona yaxınlaşa, problemlərini danışa, cari məsələləri müzakirə edə bilərdin.” Bütün bunlar bir daha deməyə əsas verir ki, Ulu Öndər Heydər Əliyevin təkcə Azərbaycan xalqı deyil, həmçinin bütün SSRİ xalqları qarşısında danılmaz, müstəsna xidmətləri olub.”
Fikirlərini davam etdirən A.Naxçıvanlı Prezident İlham Əliyevin Rusiyaya bu səfərinin ölkələrimiz arasında çoxşaxəli əlaqələrin daha da inkişafına və dərinləşməsinə böyük töhfə verəcəyini də xüsusi vurğulayıb: “Dövlət başçımızın öz çıxışında qeyd etdiyi kimi, artıq iki ildən çoxdur ki, Azərbaycan və Rusiya öz əlaqələrini 2022-ci ilin fevralında Kremldə imzalanmış əsas siyasi sənəd olan müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə çərçivəsində tənzimləyirlər. Həqiqətən bu mühüm sənəd ölkələrimiz arasında münasibətlərin gələcək ardıcıl inkişafını da müəyyən edir. Bu baxımdan təbii ki, Azərbaycan və Rusiya Prezidentlərinin qarşılıqlı fəaliyyət və qarşılıqlı maraqlar ruhunda etimad tədbirlərinin, əməkdaşlığın, qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə və bütün məsələlərin nizamlanmasına yönəlmiş səyləri mühüm əhəmiyyət kəsb edir. Diqqətəlayiq bir məqam da budur ki, ölkələrimiz arasında əlaqələrin sürətli inkişafının qarşıdakı dövrdə də uğurla davam etdirilməsi və daha da genişləndirilməsi məqsədilə bu ilin yanvarında “Azərbaycan-Rusiya əməkdaşlığının inkişafının əsas istiqamətləri üzrə 2024-2026-cı illər üçün Yol Xəritəsi” imzalanıb. Beləliklə, müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır və hər iki ölkənin dövlət başçılarının siyasi iradəsinə uyğun olaraq sürətlə inkişaf etdirilir” – deyə, Aqiyə Naxçıvanlı fikirlərini başa çatdırıb.