Aqiyə Naxçıvanlı: “Ulu Öndər Heydər Əliyevin Fərmanı ermənilərin..."

“Tarixən heç bir milli dövlətçilik ənənələrinə malik olmayan ermənilərin XIX əsrin əvvəllərinə qədər İran, Suriya, Türkiyə, İraq və digər yaxın və orta şərq ölkələrinin ərazilərində milli azlıqlar kimi yaşadıqları heç kimin dana bilməyəcəyi bir faktdır. Yalnız 1828-ci ildə Rusiya ilə İran arasında Türkmənçay sülh müqaviləsinin imzalanmasından sonra ermənilərin Cənubi Qafqaza kütləvi köçürülməsinə başlanmışdır. Bu rüsvayçı müqavilənin nəticəsi olaraq 40000 erməni Azərbaycanın müxtəlif ərazilərində məskunlaşdırıldı. Bundan təxminən bir il sonra, 1829-cu ildə Osmanlı və Rus imperiyaları arasında bağlanmış Ədirnə sülhünün nəticələrinə görə isə, Osmanlı İmperiyası ərazilərində yaşayan daha 90000 erməni də Azərbaycanda, əsasən Naxçıvan, İrəvan və Qarabağ xanlıqlarında yerləşdirildi. Ermənilərin üzsüzlüyü, məskunlaşdıqları ərazilərdə ilk günlərdən yerli sakinlərə qarşı dözümsüzlük və düşmənçilik nümayiş etdirmələri, onları öz dədə-baba yurdlarından sıxışdırmaları hətta bu etnosu himayə edən rusların özlərini də heyrətləndirirdi. Məşhur rus diplomatı və yazıçısı A. S. Qriboyedov yazırdı: “Erməni əhalisi əsasən müsəlman torpaq sahiblərinin ərazilərində yerləşdirilirdilər … onlar yavaş-yavaş müsəlman əhalisini ərazilərdən sıxışdırıb çıxarmağa başlamışdılar”. Bu proses Rusiya imperiyasının siyasətinə uyğun olaraq sonrakı illərdə də davam etdirildi. Məsələ bundadır ki, Rus imperiyasının hakim dairələri Cənubi Qafqazda yeritdikləri müstəmləkə siyasətində ermənilərə çox bel bağlayırdılar. Lakin tarix göstərdi ki, satqın və yalançı xislətə malik bu etnosun xəyanətlərindən onların ən sadiq himayədarlarını belə heç nə sığortalaya bilməz. Təsadüfi deyil ki, bu gün Cənubi Qafqazda yeganə monoetnik ölkə olan Ermənistanda demək olar ki, rus millətindən olan insanlara da rast gəlmək mümkün deyil.”

Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı deyib.

Daha sonra deputat ermənilərin 1918-ci ildə azərbaycanlılara qarşı törətdikləri kütləvi qırğınlardan bəhs edərək bunları deyib: “Azərbaycan ərazilərində məskunlaşdırıldıqdan sonra keçən təxminən 100 il ərzində ermənilər rus himayədarlarının köməyi ilə bir çox ərzilərimizdə demoqrafik tərkibin öz xeyirlərinə dəyişməsinə də nail oldular. Bu isə Azərbaycan torpaqlarında ilk erməni dövlətinin yaradılmasına yol açdı. Bu dövlət yaranandan sonra isə, dərhal öz ərazilərini qonşu ölkələrin və ilk növbədə əlbəttə ki, Azərbaycanın hesabına böyütməyə başladı. Erməni millətçiləri tarixin müxtəlif mərhələlərində uydurma “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçirmişlər. O cümlədən, Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri də 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır. Həmin günlərdə Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilmiş, insanlar işgəncələrə məruz qalmışdır. Yaşayış məntəqələri dağıdılmış, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilmişdir. Sonrakı dövrlərdə daha da azğınlaşan erməni millətçiləri qeyri-insani əməllərini davam etdirərək Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçirmişlər. Bu hadisələr zamanı qətlə yetirilənlərin sayı on minlərlə ölçülür. 1918-ci ilin 30 mart - 3 aprel tarixlərində Bakı şəhərində, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və digər ərazilərdə Bakı Soveti qoşunları və daşnak erməni silahlı dəstələri 30 mindən çox azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz torpaqlarından qovmuşlar. Həmçinin bu qırğınlarda ermənilər on minlərlə azərbaycanlı ilə yanaşı, minlərlə ləzgi, yəhudi, rus, avar və talış milliyyətinə mənsub insanları qılıncdan, süngüdən keçirərək diri-diri yandırmış, bu xalqlara məxsus milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, dini və mədəni abidələri dağıtmışlar. Buna görə də 1918-ci ilin mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixinə deyil, ümumilikdə bəşər tarixinə də ən qanlı faciələrdən biri olaraq düşmüşdür.”

Bu gün bütün dünya ölkələrində 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününün tanınması və qəbul edilməsi istiqamətində dövlətimiz tərəfindən aparılan işlərin son dərəcə böyük əhəmiyyət kəsb etdiyini vurğulayan A.Naxçıvanlı həmçinin bunları qeyd edib: “Məlumdur ki, ermənilərin xalqımıza qarşı törətdikləri 31 Mart soyqırımı faciəsinin araşdırılması və həqiqətlərin dünyaya yayılması kimi vacib və əhəmiyyətli bir işin başlanması da ilk dəfə məhz Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə mümkün olmuşdur. Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırım faciələrini qeyd etmək məqsədi ilə 1998-ci il martın 26-da Ulu Öndər Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalamışdır. Sözügedən Fərmanla martın 31-i “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmişdir. Fərmanda  deyilirdi:  “Azərbaycanın  XIX-XX  əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı  düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir. Bu hadisələrin yalnız birinə – 1918-ci il mart  soyqırımına siyasi qiymət vermək cəhdi göstərilmişdir. Azərbaycan Xalq  Cümhuriyyətinin  varisi kimi  Azərbaycan  Respublikası bu gün  onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq soyqırımı hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir”. Həmin Fərmanın icrasının ardıcıl və mütəşəkkil şəkildə həyata keçirilməsi ilə bağlı Ulu Öndər Heydər Əliyev 30 mart 1999-cu ildə tədbirlər planı təsdiq etmişdir. Adıçəkilən Fərmanın imzalanması faktı məsələ ilə bağlı aparılan tədqiqatlara, habelə həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına təkan verdi. Məhz bu Fərmandan sonra həmin tarixin öyrənilməsi istiqamətində mühüm işlər görülmüş, çoxlu əsərlər yazılmış və əcnəbi dillərə tərcümə olunmuşdur. Ötən illər ərzində aparılmış araşdırmalar sayəsində bir çox yeni faktlar və sənədlər toplanıb, Quba şəhərində kütləvi məzarlıq aşkarlanıb. Bu məzarlıqda 500-dək insan kəlləsi vardı ki, onlardan 50-dən çoxu uşaqlara, 100-dən çoxu qadınlara aid idi. Qeyd eək ki, 2007-ci ilin aprelində Quba stadionunun təmiri ilə əlaqədar aparılan qazıntı işləri nəticəsində aşkarlanmış kütləvi məzarlıqdan tapılan insan cəsədləri üzərində aparılan tibbi ekspertiza və antropoloji araşdırmalar nəticəsində bu adamların 1918-ci ildə ermənilərin Qubada törətdiyi soyqırımı qurbanları olduğu sübuta yetirildi. Bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 30 dekabr 2009-cu il tarixli Sərəncamı ilə Quba şəhərində “Soyqırımı memorial kompleksi“nin yaradılmasına qərar vermişdir. Memorial kompleks 2012-2013-cü illərdə Quba şəhərində Qudyalçayın sol sahilində inşa edilmiş və 2013-cü il sentyabrın 18-də açılmışdır. Cənab Prezident İlham Əliyev Soyqırımı memorial kompleksinin açılışı zamanı demişdir: “1918-ci ilin mart-iyul aylarında erməni quldur dəstələri Azərbaycanın demək olar ki, bütün ərazilərində dinc əhaliyə qarşı soyqırımı törətmişlər. Beş ay ərzində 50 mindən çox soydaşımız erməni faşizminin qurbanı olmuşdur. Bakıda, Quba qəzasında, Şamaxıda, Qusarda, İrəvanda, Naxçıvanda, Zəngəzurda, Qarabağda, Lənkəranda, demək olar ki, bütün Azərbaycan torpaqlarında bizə qarşı soyqırımı törədilmişdir... Bakı soyqırımı, Quba soyqırımı, İkinci Dünya müharibəsində erməni faşizminin törətdiyi cinayətlər və keçən əsrin sonlarında növbəti dəfə erməni faşizminin təzahürləri Azərbaycan tarix elmində geniş şəkildə tədqiq edilməlidir.” Azərbaycan 2020-ci ildə Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə apardığı Vətən müharibəsində bütün şəhidlərinin qisasını düşməndən döyüş meydanında aldı. Şanlı Azərbaycan Ordusu düşməni məğlub edərək torpaqlarımızdan birdəfəlik qovdu, 30 illik işğala son qoydu. Bu gün Azərbaycan dövləti bütün Cənubi Qafqaz xalqlarının rifahını nəzərə alaraq, Ermənistanla ədavət səhifəsini çevirməyə hazırlığını bildirir, sülh sazişinin imzalanması ilə bağlı çağırışlar edir. Bununla belə, Azərbaycan xalqı tarix boyu başına gətirilən müsibətləri, erməni vəhşiliklərini heç zaman unutmayacaq və bu cinayətləri törədənləri bağışlamayacaq”, - deyə Aqiyə Naxçıvanlı fikirlərini tamamlayıb.