“Aqşin Fateh dedi ki, 31 min verib işimi həll etmişəm” - Qalmaqallı hadisənin yeni təfərrüatı

Bir neçə gün öncə meyxanaçı Aqşin Gajiyevin (Fateh) adı şahid kimi hallanan məhkəmə prosesi barədə informasiya yayıldıqdan sonra həmin cinayət işində zərərçəkmiş şəxs qismində tanınan Rəhimov Vüsal Arzuman oğlu “Unikal”a müraciət edib.

O, Binəqədi rayon Məhkəməsinin 11.01.2024-cü il tarixdə Aqşin Fatehin də adı hallanan Firdovsi Rüstəmov barəsində Cinayət Məcəlləsinin 221.3-cü ( xuliqanlıq) maddəsi ilə aparılan cinayət işinin hökmündən narazıdır. 

Əslində reallıq necədir?

Cinayət işində zərərçəkmiş şəxs qismində tanınan Rəhimov Vüsal Arzuman oğlu Aqşin Fatehin cinayəti törətdikdən sonra müəyyən orqanlar ilə anlaşması, zərərçəkən Fəridə Kərimovaya şikayəti geri götürməsi üçün pul təkilf etməsi, obyektin həqiqi sahibi, mühafizəçinin əsl adının Vaqif Novruzov yox, Rüstəmov Firdovsi Əlağa oğlu olması, 4 ildən artıq başqa bir cinayətə görə həbsdə olan Füzuli Alıyevin guya 15.04.2022-ci il tarixdə restoranda Aqşinlə mübahisə etdiyi barədə ətraflı məlumat verib. Həmçinin cinayət işinin hökmünü, hüquq-mühafizə orqanları üçün maraqlı olan faktları təqdim edib. 

Vüsal Rəhimovun sözlərinə görə, obyekt xalası oğlu, hazırda həbsdə olan Füzuli Alıyevə məxsusdur: “Yazırlar ki, 15.04.22-ci il tarixdə Füzuli Alıyev Aqşin Fatehlə restoranda mübahisə edib. Halbuki kiçicik bir araşdırma aparsaydılar görərdilər ki, Füzuli 2019-cu ilin dekabr ayından başqa bir cinayət ilə əlaqədar həbsdədir və Nəsimi Rayon Məhkəməsinin hökmü ilə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Belə ki, Aqşin 2021-ci ilin əvvəlindən “Bakku Music Hall” restoranında müğənni kimi çalışmağa başlayıb. Restoranı Füzuli dostu İlqar ilə şərik işlədib. Qeyd edim ki, həmin restorana Füzuli 300 min manat maya qoyub. Sonra Aqşin də heç bir yatırım qoymadan 15.04.2021-ci ildən şərikliyə cəlb olunub və restoran “By Fateh” adı ilə (o zamana kimi adı “Bakku Music Hall” kimi) fəaliyyət göstərib. Düz 1 il ərzində restoranın 2 milyon manat dövriyyəsi olsa da nə Aqşin, nə də İlqar restoranın gəlirindən Füzuliyə 1 manat da göndərməyiblər, vergi orqanlarına düzgün bəyannamə verməyiblər, işçilərin çox hissəsi rəsmi işə götürülməyib. Bu səbəbdən Füzuli mənə zəng edərək deyib ki, “get obyekti götür sən işlət”. Mən də hadisə  baş verən gün obyektə gəlmişəm ki, Aqşinlə təhvil-təslim edim. Ancaq Aqşin Fatehin adamları-Firdovsi Rüstəmov, kürd Azər və Ömər kimi tanıdığım şəxslər üstümə bıçaq çəkərək mənə xəsarət yetiriblər, köynəyimi cırıblar. Aqşin həmçinin Fəridə Kərimovaya mübahisəni lentə aldığı üçün mobil telefonunu əlindən alaraq sındırıb. Ömər adlı şəxs isə ona bir neçə dəfə təpik vuraraq xuliqanlıq edib.

Sonra soyğunçuluq edərək restoranda olan bahalı mizləri, stulları, qəlyan aparatlarını, qab-qaşığı götürərək aparıblar. Fəridənin xəsarətləri məhkəmə-tibbi ekspertizası ilə sübut olunub, məhkəmə hökmündə də göstərilib. Aqşin ilk olaraq Fəridə Kərimovanın ondan şikayət etməməsi üçün Aidə adlı bacısı ilə bir yerdə olan zaman 4000 min manat, bir də təzə telefon almağı təklif edib. Beləliklə, Aqşin adını ibtidai istintaqda təqsirləndirilən şəxs qismindən günahsız şahid kimi dəyişdirməyə nail olub. Həmçinin Firdovsi Rüstəmov həbs olunandan sonra onun yaxınları (xalası və övladları) Aqşin ilə görüşüb onlara kömək etməsini istəyib. İlk olaraq Aqşin bu işdə əli olmadığını desə də, sonda Firdovsinin xalasına etiraf edib ki, 31 min manat verib işini həll edib, onlara isə vəkil tutmağı “məsləhət” görüb. Bundan sonra müəyyən adamlarla danışığa gedib Firdovsiyə “vəkillik” edərək bəraət alıb”.

Nəzərə çatdıraq ki, Aqşin Fateh il bağlı Binəqədi rayon Polis İdarəsində müstəntiq Rzayev Vüsal Rafiq oğlunun icraatında başqa bir cinayət işi də var. Həmin cinayət işində də Aqşin Fatehin adı şahid kimi qeyd olunub. Onun yaxın dostu Ömər (istintaqda da verdiyi ifadəsində bunu təsdiq edib) isə "buxarlanıb havaya sovrulub". Binəqədi rayon Polis İdarəsi onun şəxsiyyətini dəqiq müəyyən edə bilmədiyindən 220041431 nömrəli cinayət işi üzrə icraat 20.02.2023-cü ildə dayandırılıb.  Haqqında danışdığımız Firdovsi Rüstəmovun cinayət işi isə ötən ilin mart ayında həmin cinayət işindən ayrıca icraata ayrılıb Binəqədi Rayon Məhkəməsinə göndərilib.

Qeyd edək ki, artıq çıxarılan bəraət hökmündən dövlət ittihamçısı apellyasiya protesti, zərərçəkmiş şəxs Rəhimov Vüsal Arzuman oğlu isə apellyasiya şikayəti verib.