Rusiya Ukrayna müharibəsi başlayanda Rusiya düşünürdü ki, çox qısa bir zamanda istəyinə nail olacaq, qalibiyyət əldə edəcək. Amma istər Qərbin, istərsə də Ukraynaya dost olan digər ölkələrin dəstəyi ilə Rusiya bu istəyinə nail ola bilmir. Bu barədə Bizimyol.info xəbər portalına danışan politoloq Ramiz Alıyev deyir ki, Rusiya ilə Ukraynanın münaqişədə olmasını tək Rusiya-Ukrayna müharibəsi kimi yox, eyni zamanda Rusiya müttəfiqləri və Ukrayna müttəfiqləri arasında gedən müharibə kimi qiymətləndirilməlidir. Politoloq hesab edir ki, bu müharibədə tərəflərdən heç biri qalib gəlməyəcək. Çünki bu müharibə, böyük güclərin müharibəsidir. Məqsəd də Rusiyanı zəiflətmək, Rusiyanı regionda və dünyada hegemonluq səhifəsindən silməkdir. Ramiz Alıyevin fikrincə, məhz bu səbəbdən bu müharibədə Rusiya və Ukrayna xalqları arasında olan müharibə kimi qiymətləndirilməməlidir.
“Əlbəttə ki, Rusiyanın böyük itkilər verməsi gözlənilən idi. Çünki Rusiya başqa dövlətin ərazisində müharibə aparır. Təbii ki, müəyyən ərazilərdə Ukraynanın qurduğu tələlər var. Rusiya həmin tələlərə düşdü. Ukrayna orudusunun silahlandırılması, Ukrayna ordusunun arsenalında “Bayraktar” kimi və digər Türk istehsalı olan dronların olması Ukrayna ordusunu xilas etdi. Yəni gözlənilən və planlaşdırılan itkilərə Ukrayna məruz qalmadı. Rusiya ordusu isə, başqa dövlətin torpağında olduğu üçün xeyli sayda itki verdi, çox sayda silah-sursat, texnikası məhv edildi” - deyən politoloq bildirir ki, Rusiya prezidenti Vladimir Putinin qismən səfərbərlik elan etməsi gözlənilən idi. Çünki itkiləri həddən artıq çoxdur. Eyni zamanda Rusiyanın üzərinə gedib, Ukraynaya dəstək olanların da sayı artır. Ukraynaya hərbi-texniki dəstək verilir. Bu baxımdan Rusiya əgər gücünün 10-20 faizini bu müharibəyə qoymuşdusa, bundan sonra daha çox güc sərf edəcək. İstər canlı qüvvə, istər hərbi texnika və müasir silahlardan daha çox istifadə ediləcək. Bu, Ukrayna üçün heç də yaxşı nəticələnməyəcək.
Ekspert hesab edir ki, nə Ukrayna xalqı, nə də Rusiya xalqı bu müharibəni istəmir. Sadəcə olaraq böyük güclərin səylərinin nəticəsidir ki, bu gün Ukrayna bu vəziyyətə gəlib çatıb.
Ramiz Alıyev deyir ki, bu müharibə çox uzun davam etməyəcək. Çünki qış gəlir və Avropada qaza olan təlabat özünü göstərəcək. Belə ki, artıq bəzi ölkələrdə qazın verilməsi tələbi ilə aksiyalar və mitinqlər təşkil olunmağa başlayıb. Məhz, bu səbəbdən də ekspertin fikrincə, payız-qış aylarında belə tələblər artacaq və Avropa ölkələri müharibədən, daha doğrusu Ukraynaya dəstək olmaqdan məcburən geri çəkiləcəklər. Ukraynanı Rusiya ilə sülh müqaviləsini razılaşdırmağa anlaşma yolu tapmağa çalışacaqlar. Çünki Avropanın əksər ölkələrində qış çox sərt keçir. Avropa ölkələrinin də qaza olan təlabatının müəyyən bir hissəsini Rusiya ödəyir. Buna görə də Avropa ölkələri payız-qış aylarında müharibəni sonlandırmağa və sülh əldə edilməsinə çalışacaqlar.
“Rusiyanın son addımları və ələ keçirilmiş ərazilərdə referendumun təşkil olunması, münaqişənin daha da qızışmasına gətirib çıxarır. Bu səbəbdən də Rusiya-Ukrayna müharibəsi oktyabr ayında daha da kəskinləşəcək. Rusiya, öz nüfuzunu qorumağa çalışacaq. İstəyəcək ki, ona olan təsirlərdən özünü sığortalasın. Öz gücünü bir daha göstərsin” - deyə Ramiz Əliyev əlavə edib.
Politoloq bildirib ki, Rusiya Qarabağda olan sülhməramlıların bir hissəsini Ukraynaya göndərmişdi. Ancaq Rusiyada hərbçilərin çatışmazlığı real görünmür. Çünki Rusiya əhalisi çoxdur. Rusiyanın əraziləri də böyükdür, bu əraziləri qorumaq və sərhədləri qorumaq kimi məsuliyyəti ağır olan bir məsələsi var.
“Buna baxmayaraq, əgər ehtiyac yaranarsa, Qarabağda olan sülhməramlıların böyük bir hissəsini Ukrayna ərazisinə və ya Ukrayna müharibəsinin davam etdiyi Rusiya sərhədlərinə apara bilərlər. Öncəki aylarda bu tətbiq olunmuşdu, yenə də ola bilər” - deyə ekspert əlavə edib.