“Artıq 2 ildir ki, bu günü qeyd edirik” 

İyunun 11-də Milli Məclisin Aqrar siyasət və Regional məsələlər komitələrinin Şuşa şəhərində birgə iclası keçirilib. Modern.az xəbər verir ki, iclasda Milli Məclisin deputatı Novruz Aslanov da iştirak edib. Deputat iclasla bağlı təəssüratlarını sosial şəbəkə hesabında yazıb: "Aqrar siyasət komitəsinin üzvü kimi iclasda iştirak etdim. Öz çıxışımda torpaqlarımızın azad edilməsi uğrunda canlarını fəda etmiş şəhidlərimizə həmkarlarım ilə birlikdə ehtiramımı bildirdim. Qazilərimizə cansağlığı dilədim. Çıxışımda digər millət vəkilləri kimi Şuşanın Azərbaycan tarixindəki, onların hər birinin həyatındakı yeri barədə danışıb, bu gün burada keçirdiyim hisslər və təəssüratları bölüşdüm. Vətən müharibəsində böyük Zəfərdən sonra azad edilmiş ərazilərdə aparılan geniş abadlıq-tikinti və quruculuq işlərindən, regionun iqtisadi inkişafından və həyata keçirilən layihələrdən, Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarının inkişaf potensialından söhbət açaraq bu zəfərin müəllifi olan möhtərəm prezidentimiz cənab İlham Əliyevin müasir dövrümüzün canlı qəhrəmanı kimi şanlı tariximizə öz adını qızıl hərflərlə yazdığını diqqətə çatdırdım".

Deputat, həmçinin qeyd edib ki, mayın 8-i Qızıl Xaç və Qızıl Aypara Hərəkatının yaranma günüdür: "Şuşanın işğalı ilə əlaqədar olaraq biz heç vaxt bu günü ayın 8-i qeyd etmirdik. Artıq iki ildir ki, biz bu günü məhz mayın 8-i qeyd edirik. Sonda bir daha cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya bizə bu xoşbəxt günü yaşatdıqlarına görə təşəkkürümü bildirirəm. Parlamentin sədri Sahibə xanım Qafarovaya təşəkkür edirəm ki, həmkarlarımızla birgə doğma Şuşa səhərində bu məhsuldar günü keçirməyimizə şərait yaratdı".