AŞPA Azərbaycana lazımdırmı?

AŞPA qış sessiyasının ilk iclasında Azərbaycan nümayəndə heyətinin səsvermə hüququnun müvəqqəti olaraq məhdudlaşdırılması təklif olunmuşdu. Göstərilən səbəblərin sırasında ölkədə insan haqlarının pozulması halları birinci göstərilsə də, əslində, Avropalıları narahat edən erməni terrorçularının Qarabağdan çıxarılması və 35 il ərzində Qarabağ ermənilərini siyasi girovluqda saxlayan qeyri-qanuni separatçı rejimin mövcudluğuna son qoyulmasıdır. AŞPA-nın bu qərəzli addımı Avropa deputatlarının Azərbaycanın öz ərazisi üzərində suveren hüquqlarını tam bərpa etməsinə etirazının təzahürüdür. 

AŞPA-ya üzv olduğu 2001-ci ildən bəri öz ərazimizdə və Ermənistanda bir milyona yaxın azərbaycanlının funda­mental hüquqlarının kobud şəkildə po­zulması, minlərlə günahsız insanın milli mənsubiyyətinə görə ermənilər tərəfin­dən qətlə yetirilməsi və işğal olunmuş torpaqlarımızın etnik təmizləməyə mə­ruz qalması ilə bağlı nümayəndə heyə­timizin müzakirələr aparması və müvafiq qərarlar qəbul olunmasına təkid etmə­sinə baxmayaraq AŞPA bu məsələlərlə məşğul olmadığını və Ermənistan–Azər­baycan münaqişəsinin yalnız ATƏT çər­çivəsində müzakirə oluna biləcəyini israr edirdi. 

İndi isə AŞPA Qarabağda qalıb Azər­baycan qanunları əsasında yaşamağa dəvət olunan ermənilərin öz seçimi ilə rahat şəkildə, heç bir güc tətbiq olun­madan köçüb getməsini insan haqla­rının pozulması kimi dəyərləndirir və hətta Azərbaycandan ermənilərin həmin əraziyə qaytarılmasını tələb edir. Bu AŞPA tarixində görünməmiş ikiüzlülük, ədalətsizlik, Avropa siyasətində irqi, dini ayrı-seçkiliyin ən parlaq təzahürüdür. AŞPA üzvlərinin bir çoxu Ermənistanı haqlı olduğuna görə deyil, məhz xristian ölkəsi olduğuna görə dəstəklədiklərini heç də gizlətmir və əksinə öz çıxışların­da bunu açıqca vurğulayırlar. 

Belə bir şəraitdə Azərbaycan nü­mayəndə heyəti yeganə düzgün və lə­yaqətli qərar qəbul etdi. Azərbaycanla bağlı məsələ səsverməyə çıxarılmadan öncə nümayəndə heyətimiz AŞPA-nın ölkəmizə qarşı haqsız demarşına cavab bəyanatı səsləndirərək AŞPA binasını tərk ediblər. Bəyanatda ölkəmizə qarşı açıq-aşkar qərəzli ksenofob münasi­bətə etiraz ifadə olunur və Azərbaycan nümayəndə heyətinin öz fəaliyyətini qeyri-müəyyən müddətə dayandırdığı bəyan olunur. 

AŞPA Nizamnaməsinə görə 46 ölkənin deputatlarından təşkil olunmuş bu qurum Avropa Şurasına üzv olan ölkələrdə insan hüquqlarının qorunma­sı, demokratiyanın təşviqi və qanunun aliliyinin təmin edilməsi kimi məsələlə­ri monitorinq etməli, bu istiqamətlərdə baş verən müsbət təcrübəni yaymalı və neqativ halların aradan qaldırılma­sı üçün çalışmalıdır. Xüsusilə təşkilata üzv dövlətlərin ərazisində baş verən münaqişələrin aradan qaldırılması üçün tərəflər arasında mövqelərin yaxınlaş­masına və konsensus tapılmasına cəhd göstərməlidir. Məhz buna görə 2001-ci ildə Azərbaycanın AŞPA-ya qəbul olun­ması ölkəmizdə böyük ruh yüksəkliyi doğurmuşdu.

Ölkəmizdə bu quruma rəğbət onun ümumbəşəri dəyərləri təbliğ etməsindən, insan haqları və demokratiyanı təşviq et­məsindən və xüsusilə beynəlxalq ədaləti dəstəklədiyini bəyan etməsindən irəli gəlirdi. Azərbaycan Avropa Şurasının və onun Parlament Assambleyasının bə­yan etdiyi dəyərlərin tətbiqinə, ən kobud şəkildə pozulmuş insan haqlarının mü­dafiə olunmasına və beynəlxalq ədalə­tin bərqərar olunmasına böyük ümidlər bəsləyirdi. Üzv olduğumuz digər bey­nəlxalq təşkilatlarla yanaşı AŞPA–danda gözləntilərimiz Azərbaycan torpaqla­rının işğal faktının rəsmən tanınması və işğala son qoyulması üçün təcavüzkar dövlətə təzyiq göstərilməsindən ibarət idi. Lakin gözləntilərimizin əksinə olaraq Ermənistan–Azərbaycan münaqişəsinin davam etdiyi 35 il ərzində AŞPA bütün hüquqları vəhşicəsinə pozulmuş bir mil­yon Azərbaycanlının hüquqlarının mü­dafiəsi üçün bir qərar belə qəbul etmədi. 

Bu azmış kimi, işğal olunmuş torpaq­ları Azərbaycanın öz gücünə azad et­məsi, 30 ilə yaxın icra olunmamış BMT TŞ qətnamələrini icra etməsi və bunun­la da beynəlxalq ədaləti təmin etməsi AŞPA-nı narahat etməyə başladı. İndi AŞPA Azərbaycana qarşı haqsız irad­lar irəli sürür və Azərbaycan dövlətini ermənilərin hüquqlarının pozulmasında ittiham edir. Elə bu məqamda “AŞPA nəyə və kimlərə xidmət edir?” sualı orta­ya çıxır və AŞPA-nın Avropa siyasətində oynadığı rol bütün çılpaqlığı ilə üzə çıxır. 

20 ildən çox AŞPA-da fəaliyyətimiz bu qurumun əsl məqsəd və məramını anlamaq üçün kifayətdir. 20 il ərzində Azərbaycan nümayəndə heyətinin bü­tün səylərinə baxmayaraq AŞPA Ermə­nistanı qonşu dövlətin torpaqlarını iş­ğal etmiş təcavüzkar kimi tanımadı. Bu müddət ərzində Azərbaycan nümayən­də heyəti tərəfindən Ermənistanın işğal­çı siyasəti ilə bağlı irəli sürülən təkliflər eşidilmədi. Ermənistanın işğalçılıq si­yasətini pisləyən, Ermənistanda 1998-ci ildə parlamentin və 2013-cü ildə dinc nümayişçilərin gülləbaran edilməsi heç müzakirəyə belə çıxarılmadı. Ermənis­tanda başdan ayağa korrupsiyaya uğ­ramış, vətəndaşları və dövlət büdcəsini qarət edən və hər cür insan haqlarını tapdalayan Koçaryan – Sarkisyan haki­miyyətinə qarşı heç bir ittiham irəli sü­rülmədi. Azərbaycan nümayəndə heyə­tinin bu məsələlərlə bağlı irəli sürdüyü müzakirə təşəbbüslərinin qarşısı dərhal alındı. Azərbaycan həqiqətlərinin geniş Avropa auditoriyasına çatdırılması üçün göstərilən bütün səylər və təşəbbüslər aparıcı dövlətlərin deputatları tərəfindən bloklandı. 

Nəhayət aydın oldu ki, Fransa, Al­maniya kimi böyük dövlətlərin maraqları bir çox hallarda beynəlxalq ədalət, qa­nunların aliliyi və demokratiya prinsip­ləri ilə uzlaşmaya da bilər və bu halda AŞPA tərəfindən bəyan edilmiş dəyərlər bilərəkdən arxa plana keçirilir. 20 illik fəaliyyətimiz AŞPA-nın Avropanın apa­rıcı dövlətləri tərəfindən öz maraqlarını təmin etmək üçün bir alət kimi istifadə edildiyini üzə çıxardı.

2020-ci ildə Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi və 2023-cü ildə son 30 il müddətində bö­yük güc mərkəzlərinin dəstəyi ilə Qara­bağda yuva salmış separatçı qüvvələrin təslim olması və nəhayət 35 ildən son­ra Azərbaycanın beynəlxalq səviyyədə tanınmış öz qanuni əraziləri üzərində suverenliyini təmin etməsi ölkəmizə və bütövlükdə Cənubi Qafqaz bölgəsinə tə­sir və təzyiq imkanlarını xeyli dərəcədə məhdudlaşdırıb. Azərbaycanla Ermə­nistan arasında münasibətlərin normal­laşması isə kənardan bölgəyə müdaxilə cəhdlərinin qarşısını tam şəkildə ala bilər. Odur ki, öz maraqlarını təmin et­məyə çalışan Fransa, Almaniya, ABŞ kimi dövlətlər regionda öz müstəqil si­yasətini aparmağa çalışan yeganə döv­lət kimi Azərbaycana qarşı yeni təzyiq mexanizmlərini işə salmağa çalışırlar. Azərbaycan nümayəndə heyətinin səs­vermə hüququnun müvəqqəti məhdud­laşdırılması cəhdləri də bu ssenarinin bir hissəsidir. 

Azərbaycan xalqı artıq anlayır ki, demokratiya, insan haqları, ədalət kimi yüksək pafoslu “Avropa dəyərləri­nin” arxasında məkrli niyyətlər və güc mərkəzləri hesab edilən dövlətlər tərə­findən Afrikanın, Asiyanın və bütün zəif dövlətlərin əsrlər boyu əsarət altında saxlanmasını təmin edən neo-imperia­lizm siyasəti dayanır. Avropa siyasətinin əsl mahiyyəti irqçilik, etnik-dini təəssüb-keşlik, qızışdırıcılıq və sümürgəçilikdir. Bütün bunlar Azərbaycanın öz ərazisin­də təmin etməyə səy göstərdiyi azadlıq, istiqrar və ləyaqətli həyat məqsədləri ilə daban-dabana ziddir. AŞPA-nın yürüt­düyü siyasət Azərbaycanın öz milli ma­raqları çərçivəsində aparmağa çalışdığı siyasətlə uzlaşmır, əksinə toqquşur.

Lakin AŞPA öz qərarını vermədən əvvəl Azərbaycan nümayəndə heyəti öz qərarını artıq elan etdi və AŞPA çərçivə­sində öz fəaliyyətini dayandırdı. Torpaq­larımız azad olunduqdan sonra, bütün ərazimiz üzərində suverenliyimiz təmin edildikdən sonra Azərbaycanın AŞPA-ya heç bir ehtiyacı yoxdur. Dünyada 200-ə yaxın müstəqil dövlət var və onlardan yalnız 46-sı bu qurumun üzvüdür. Belə olan halda “AŞPA hansı qərarı qəbul edəcək?” sualı yoxdur, indi belə bir sual var: AŞPA Azərbaycana lazımdırmı?

Cavanşir Feyziyev
Milli Məclisin deputatı, fəlsəfə doktoru