AŞPA siyasi riyakarlığını sübut etdi

Məşhur Məmmədov

Milli Məclisin deputatı

Beynəlxalq riyakarlığın təzahürünə şahidlik edirik. 2001-ci ildə Avropa Şurası Parlament Assambleyasına üzv olandan sonrakı dövrün təcrübəsi göstərir ki, ermənipərəst, islamofob qüvvələr bu təşkilatdan daim Azərbaycana qarşı vasitə kimi istifadə ediblər.

Təşkilatı təzyiq etmə alətinə çevirən Avropa Şurası müxtəlif Avropa ölkələrinin Avropa Parlamentinə düşə bilməyən islamofob və türkəfob təfəkkürlü nümayəndələrinin düşərgəsidir desək, yanılmarıq.

AŞPA-da Azərbaycana qarşı gedən proses təsadüfi deyil. AŞPA-nın davranışı Fransanın ölkəmizə qarşı kampaniyasının davamıdır. İllərdir ki, AŞPA Azərbaycana problem yaratmaq, ölkəmizi gözdən salmaqdan başqa heç nə etmədi. Qərbdəki antiazərbaycan qüvvələr bu qurumdan ölkəmizə qarşı təzyiq vasitəsi kimi istifadə edirlər.

Avropanı narahat edən Zəfər Qələbəmiz, ardınca, lokal antiterror əməliyyat aparıb suverenliyimizi bərqərar etməyimizdir. Son hadisələr göstərdi ki, AŞPA Prezident İlham Əliyevin müstəqil siyasətini, Ermənistanı məğlubiyyətini, tam suverenliyimizin bərpa olunmasını həzm edə bilmir.

Avropanın əsl niyyətlərini ifşa edən həqiqətlərə qısa nəzər salsaq görərik ki, 2023-cü il aprelin 23-də Azərbaycan tərəfindən  suveren ərazimizdə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulandan sonra Qərb təsisatları, habelə AŞPA dəfələrlə Azərbaycandan həmin sərhəd-buraxılış məntəqəsinin ləğv edilməsinə çağırış etdi. Bu çağırışlar dolayısı ilə Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınmamasının tələb edilməsi idi.

Azərbaycan tərəfinin təzyiq qarşısında geri çəkilməyəcəyinə, planlarının fiaskoya uğradığlna əmin olan AŞPA rəhbərliyi məzmunu saxlamaqla formanı dəyişmək qərarı verdi. 2023-cü ildə AŞPA 3 dəfə ölkəmizə müraciət edərək Laçın yoluna məruzəçi göndərmək istədiyini bildirdi. Bu dəfə də plan baş tutmadı.

Ermənilərin “blokadada yaşadıqları”nı göstərmək və uydurma faktlar əsasında saxta hesabatların hazırlanmasına xidmət edəcək sözügedən absurd niyyətlərin reallaşmasına Azərbaycan imkan vermədi.

2023-cü ildə AŞPA nümayəndələrinin Azərbaycana səfər cəhdləri yalnız erməni məsələsi ilə bağlı olub və təşkilatın prioritet məsələsini “ermənilərin hüquqları” təşkil edib. AŞPA digər məsələlərlə bağlı deyil, məhz ermənilərin müdafiəsinə yönəlik “Laçın dəhlizinin blokadaya alınması”nı qınayan, eləcə də “Azərbaycan ordusunun ötən ilin sentyabrında həyata keçirdiyi və Dağlıq Qarabağın bütün erməni əhalisinin ərazini tərk etməsi ilə nəticələnən hərbi əməliyyatı”nı pisləyən qətnamələr qəbul edib.

Avropa səmərəsiz cəhdləri ilə heç nəyə nail ola bilməyəcək. Qloballaşan dünyada Azərbaycan üçün nəinki AŞPA-da səsinin dondurulması, bu qurumun özü belə heç bir əhəmiyyət kəsb etmir. Son aylardakı fəaliyyətlərini izlədikdə aydın görünür ki, AŞPA-nın hazırkı qərarının insan hüquqları ilə heç bir əlaqəsi yoxdur. Qəbul olunmuş qərar öz suverenliyini və ərazi bütövlüyünü bərpa etmiş Azərbaycana qarşı qisas cəhdidir.         

Vaxtilə Azərbaycan Qarabağ probleminin həllinə görə Avropa Şurasına üzv olmuşdu. Artıq bu problem Azərbaycanın daxili gücü ilə həll olunub və hazırda nəinki dünya səviyyəsində, heç Avropada da  nüfuzu olmayan Avropa Şurasına Azərbaycanın heç bir ehtiyacı yoxdur.

Azərbaycan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icrasını özü təmin etdi. Azərbaycan bu qətnamələri beynəlxalq hüququn normaları çərçivəsində özü həyata keçirdi. Biz ədaləti, beynəlxalq hüququn normalarını bərpa etdik. 2020-ci il Vətən müharibəsindən və 2023-cü il antiterror əməliyyatından sonra Azərbaycan ərazi bütövlüyünü və tarixi ədaləti hərbi-siyasi yolla bərpa etdi və Təhlükəsizlik Şurası qətnamələrinin icrasını özü təmin etdi. Sözügedən hadisə BMT-nin əsası qoyulandan bəri dünyada ilk dəfə idi baş verirdi. Azərbaycan bütün beynəlxalq alətlərdən istifadə edərək, öz ərazi bütövlüyünü bərpa etdi.

Suverenliyimiz bərqərar olub. Hazırda Azərbaycan sülh istəyir. 2020-ci ilin noyabrında müharibə bitdikdən dərhal sonra biz sülh danışıqlarına başlamaq üçün təşəbbüs irəli sürdük və Ermənistanla sülh müqaviləsinin əsasını təşkil edəcək beş prinsipi təqdim etdik. Azərbaycan 30 illik işğaldan əziyyət çəkmiş və ədaləti özü bərpa etmiş ölkə olaraq yeni sülh prosesinin müəllifi oldu. Bu cür addımlarımızın nəzərə alınmaması isə AŞPA-nın siyasi riyakarlığını bir daha təsdiq etmiş olur.