Atanlar və atılanlar- Yunus Oğuz yazır

Yunus Oğuz 

Felyeton

Ordan-burdan silsiləsindən

Yadda saxlayın, atanların ən böyük silahı Yalandır. Özü də bu Yalanı elə inamla yanındakına yedizdirməlisən ki, onun söhbətə şəkki-şübhəsi qalmasın. Yalan doğrunun başından elə basmalıdır ki, özü daima üzdə qalsın, axı  p...x batmır.

İndi cəmiyyət o qədər yalan danışmağa başlayıb ki, heç düz danışana da inanmırlar. Yalan doğrunun dizini qatlayıb, çökdürüb. O atalar misalı var e, "Yalan ayaq tutaq, yeriməz", hə onu deyirəm, indi yalan ayaq tutub daha yerimir, qaçır. Doğru da diz çökdüyündən heç ayağa dura bilmir, nəinki onun dalınca getmək, çatmaq. Bax, belə cəmiyyətdə yaşayırıq. Ər arvadı aldadır, arvad ərini, uşaqlar da hər ikisini. Çünki körpə gözünü açandan ata-ana uşağı aldatmağa başlayır. Uşaq ağlı kəsən kimi ona deyirlər ki, səni hacıleylək gətirib, ya da kələmin içindən tapmışıq. Bazara bağlı olan valideynlər "səni bazardan almışıq" cümləsini işlədirlər. Uşaq da sevincək buna inanır, yəni aldanır. Əsas odur ki, yalana könüllü inananlar var və bunu normal qəbul edirlər. Cəmiyyət atanlar və atılanlara bölünüb. Qəribəsi də odur ki, bir müddət keçir, atılanlar özləri atanlara çevirilirlər. Beləcə illərin fəsilləri dəyişdiyi kimi bunlar da tez-tez yerlərini dəyişirlər, bununla da cəmiyyətin dinamikliyini saxlayırlar. Bax, lap elə bu yaxınlarda deputatxanaya seçki keçirilməsi üçün təbliğat başladı, nə başladı. Yalanın qiyməti yeddi il bundan öncəsi manatın dəyərdən düşməsinə bənzədi, nə bənzədi. Biri dedi, yol çəkəcəm, o biri dedi, qaz gələcək. O namizəd, bəlkə ürəyində tutub ki, buralarda bir qaz ferması açsam, yaxşı qazanaram, axı gecə-gündüz qabırğasına döşədiyimiz Fransada qazın pörtdənəyi üz yüz avrodur. Bah, qaz vurub, qazan dolduracaq. Xalqa da üç barmağının konfiqurasiyasını göstərəcək. Üçüncüsü deyirdi ki, nə dərdiniz var, mənnikdir. Qapılarım üzünüzə həmişə açıqdır. Belə vədlər o qədər olur ki, (nə bilim pensiya verdirəcəm, uşağını instituta düzəldəcəm və sairə) atılanlar, yəni seciçilər buna gözüyumulu inanırlar, hə burada atılanların işləri başlayır göyərməyə.  Atılan, yəni seciçi gəlib durur namizədin yanında, bir-iki selfi çəkdirir, sonra düşür rayonun canına. Əgər namizəd deputatxanaya üzv olarsa, atılanın çiçəyi çırtlayır. Atılandan çevrilir atana. Ona - buna iş düzəltməyə söz verir, amma qiymətini deyir. Ayə, ay camaat, bu namizəd yol, qaz çəkəndir, su verəndir? İndi ən çox daş-başı elə bu sahələrdən qazanırlar. Bunun imkanı vardısa, namizədlikdə nə iti azmışdı? Bəs görmədin, keçən dəfə neçə deputat vəzifənin yaxasından tutub gecə-gündüz yatmadı. Aldığın alan aldı, ala bilməyən isə bu dəfəki seçkiyə qayıtdı, yəni deputatxanaya. Bə, nə bilmişdiniz, deputatlıq tramplindən suya, yəni vəzifəyə kəllə vurmaq kimi bir şeydir. Ta, orasını deyə bilmərəm ki, kimisi suya başı üstə, kimisi ayağı üstə, kimisi də böyrü üstə düşür.

Qoy bir Molla Nəsrəddindən də deyim. Mollanın qarnı quruldaya-quruldaya girir bazara. Aclıqdan başı hərlənir, gözlərinə tor gəlir, amma pulu olmadığından ona heç kim heç nə vermir. Molla hirslənir, deyir ki, gör başınıza nə oyun açacam. Çıxır bir daşın üstünə qışqırır:

-Ey cümlə, filan yerdə ehsan verirlər.

Əhali himə bəndmiş kimi iş-gücünü atıb gedir, molla göstərən ünvana. Molla görür ki, bazar boşaldı. Axırıncı gedəni saxlayıb soruşur ki, hara gedirsən? O da cavab verir ki, ehsana. Molla da fikirləşir ki, bəlkə doğrudan ehsan verirlər, düşür yolun ağına.

Bah, yalan bu boyda olar, e.., özü uydurduğu yalana, özü də inanır.

Hə, indi keçək, müasir yalana oxşayan lətifəyə. Gülməyin, hər lətifənin kökündə bir həqiqət var. Bir bərkgedən vəzifədə olanda o qədər yalan danışırmış ki, elədiyi hərəkətlərə həmişə haqq qazandırırmış. Burda bir yalan, orda bir yalan, bir sözlə, yalanın başı ərşə dayanıbmış. Atana atıb, alana satıb. Yuxarıdan da buna təpinəndə deyirmiş ki, gedib Rəhbərin qəbri önündə özümü yandıracam. Nə isə bunu birtəhər bişim-bişimlə işdən çıxarırlar. Bu da gedib topdağıtmaz varını xırda-xırda xərcləyir. Amma, bir gün hiss edir ki, vaxt-vədə yetişib, vəsiyyət etmək lazımdır. Son anda super bir gediş etmək istəyir. Qohum-əqrabanı başına yığıb, üzünə ölü rəngi verərək vəsiyyət edir:

-Son vəsiyyətimi sizə edirəm. Məni rəhbərimin ayaqları altında basdırın, nə qədər pul lazımdır, "uf demədən" xərcləyin, amma bir şərtim var, yanıma bir kanistr benzin, bir dənə də alışqan qoyun.

Bunun bir baməzə bacanağı varmış. Soruşur:

-A, qıvlasız, kanistri neynirsən?

Eks məmurun dodaqlarının ucu qaçır.

-Əgər rəhbərin ayaqları altında dəfn edilməyimə icazə verməsələr, özümü yandıracam.

Bacanaq yenə atmacasından qalmır:

-Bə, alışqanı neyləyirsən? O qədər yalan danışmısan, atmısan ki, onsuz da cəhənnəmə düşəcəksən, ta orda sənə benzin, alışqan lazım olmayacaq. Bunlarsız da tüstün ərşə dayanacaq.

Eks məmur bacanağının düz gözlərinin içinə ciddi-ciddi baxıb cavab verir:

-Səy-səy danışma, məgər şiələrin cəhənnəmi var? Onlar hamısı cənnətə düşürlər. Mən dediyim kimi vəsiyyətimi həyata keçirin. Bax, özünün uydurduğu yalanlara özü də belə inanırmış.

İndi də keçək cəmiyyətdə baş alıb gedən ənənəvi yalanlara, yaxud atanşiklərə. Bunlar çoxdur, ancaq mən ən məşhurlarını sadalayacam.

1.Mənə filan qədər pul lazımdır, uzağı on günə qaytaracam. - Ta deynən qaytarmayacam da.

2. O gəlinim yox, qızımdır. - Yalan deyir, gəlinindən zindi zəhləsi gedir.

3. Yaxşı olmadı, gərək evə keçəydin. - Ürəyində deyir ki, ə, çıx get də.

4. Qız: Çox yerdən istəyirdilər, özüm getmədim. - Qiymətini qaldırır.

5. Beş dəqiqəyə çatıram. - Hələ evdən, ya da iş yerindən çıxmayıb, yaxud hardasa yeyib içir.

6. Bu yaxşılığını heç vaxt unutmayacağam. - Artıq unudub.

7. Taksi sürdüyümə baxma, iki diplomum var. - Heç attestatı da yoxdur.

8. Sən qardaşsan. - Ay, hay, qardaşa bax.

9. Filan nazirin evində malyar işini mən görmüşəm. - Deməli sən suvaqçı (malyar) deyilsən. Usta körpünün altında dayanıb iş axtarmaz.

10. Sovet dağılanda bankda üç evin pulu batdı. - Heç nəyi yox idi. Sovet vaxtında üç evin pulu bankda olsun, səni də qulaqlayıb aparmasınlar. Kimə deyirsən, ə...

11. O da sənə salam deyir. - Adam salam göndərəni bir ildir görmür.

12. Gedək qonağımız ol. - Nə qonaq, əşi?

13. Qardaşın nə qulluq eləsin? - Cibində bir manat da yoxdur, amma basıb bağlayır.

14. Gərək dünən deyəydin, indi pulum yoxdur. - Mənası odur ki, vermirəm, əkil başımdan.

15. Bir pis xasiyyətim var ki, hamıya inanıram. - Heç kimə inanmır.

16. Səndən söhbət düşmüşdü, səni o qədər təriflədim ki... - Sözsüz.

Ta, yoruldum, arxasını da siz düzüb-qoşun. Elə bilirsiz ki, dünyada atan, atılanlar yoxdur? Ən böyük Atan ABŞ-dir. Bütün dövlətlərə atır. İran, Ermənistan, Rusiya və... öz xalqlarına atırlar.

İndi gördünüz bütün bunların ən böyük silahı Yalandır. Yalansız insanları idarə etmək olmaz! Elə mənim özümü də...

05.09.24