Avrasiya məkanı üçün mühüm amil

İğdır-Naxçıvan qaz xəttinin açılışı tarixi məna kəsb edən bir hadisədir. Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Azər Kərimli deyib. Onun sözlərinə görə, İğdır-Naxçıvan qaz kəmərinin istifadəyə verilməsi də Türkiyə-Azərbaycan dostluq, qardaşlıq tarixində önəmli bir hadisə kimi qeyd edilməlidir: “2023-cü il sentyabr ayının 25-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Naxçıvana etdiyi səfər ölkələrimiz və xalqlarımız arasında mövcud olan qardaşlıq münasibətlərinin tarixində xüsusi önəmi olan bir sıra hadisələrlə əlamətdar oldu. Təbii ki, İğdır-Naxçıvan qaz kəmərinin çəkilişi də bu mühüm hadisələrdən biridir və bu layihənin icrası Naxçıvanın enerji təhlükəsizliyini daha böyük ölçüdə təmin etməklə iki qardaş ölkə arasında əlaqələrin inkişafına yeni təkan verəcək. Həmin tarixi gündən tam bir il yarım keçməmiş, iki qardaş ölkənin dövlət başçılaraı artıq qaz kəmərinin açılışını edirlər. Cari ilin mart ayının 5-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan İğdır-Naxçıvan qaz kəmərinin Ankarada keçirilmiş videobağlantı formatında açılış mərasimində iştirak ediblər. Məlumdur ki, ölkəmiz öz müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanla Türkiyə arasında bütün istiqamətlərdə, o cümlədən iqtisadi və ticari sahələrdə əlaqələr də formalaşmağa başladı. Azərbaycan və Türkiyə həmişə bir-birinə həm siyasi, həm də iqtisadi cəhətdən dəstək göstəriblər. Bu gün dünyada enerji amili dövlətlər üçün əsas təhlükəsizlik probleminə və beynəlxalq münasibətlərdə əsas gündəmlərdən birinə çevrilib. Bu səbəbdən də Türkiyə ilə Azərbaycan arasındakı etibarlı tərəfdaşlıq bütün sahələri əhatə etməklə bütün Avrasiya məkanı üçün çox böyük önəm kəsb edir. Səmimi qardaşlıq münasibətləri sayəsində Türkiyə və Azərbaycanın enerji perspektivləri və enerji təhlükəsizliyi hər iki tərəf üçün prioritet şəkildə inkişaf etməkdədir. Cənab Prezident İlham Əliyevin dediyi kimi, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP kimi neft-qaz boru xətləri layihələri nəinki ölkələrimizi birləşdirdi, eyni zamanda, Avrasiyanın enerji xəritəsini dəyişdirdi. Hazırda Türkiyədən başqa 10 Avropa ölkəsi Azərbaycan qazını alaraq öz enerji təhlükəsizliyini gücləndirir. İğdır-Naxçıvan qaz kəməri isə, Naxçıvanın enerji təhlükəsizliyini təmin edəcək”.

Deputat onu da bildirib ki, Muxtar Respublikanın tarixində Türkiyənin mühüm rolu var:“Dövlətimizin başçısı açılış mərasimində etdiyi çıxışında Muxtar Respublika ilə bağlı bəzi tarixi faktları da xatırladaraq bildirmişdir ki, Naxçıvanın Azərbaycanla coğrafi bağlantısının kəsilməsi 1920-ci ildə sovet hakimiyyəti tərəfindən Qərbi Zəngəzurun Azərbaycandan ayrılaraq Ermənistana verilməsi səbəbilə baş vermişdir. Bir əsrdən çox davam edən bu ədalətsizlik Naxçıvanda yaşayan bizim soydaşlarımızın həyatına çox mənfi təsir göstərmişdir. Xüsusilə Birinci Qarabağ savaşı başlayan kimi Ermənistan Qarabağı işğal etdi və eyni zamanda, Naxçıvanı blokadaya aldı. Onların planları Naxçıvanı da işğal etmək idi. Ancaq o zaman naxçıvanlılar öz rəhbərlərinin, Ulu Öndər Heydər Əliyevin ətrafında səfərbər olaraq işğalçını yerində oturtmağı bacardılar. Cənab Prezident İlham Əliyev bunu da vurğuladı ki, Naxçıvanın o zaman işğal altına düşməməsinin səbəblərindən biri də o idi ki, həmin vaxt Naxçıvanı Türkiyə ilə birləşdirən “Ümid” körpüsü inşa edilmişdir və Türkiyədən gələn yardımlar Naxçıvanın qorunmasına çox önəmli töhfə vermişdir”.