Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsində ikinci oyunu da böyükhesablı məğlubiyyətlə başa vurub.
Sabahinfo.az xəbər verir ki, ilk görüşdə Avstriyaya 1:4 hesabı ilə uduzan milli ötən gecə İsveç səfərində daha acınacaqlı məğlubiyyətlə üzləşib - 0:5. Canni De Byazinin rəhbərlik etdiyi komanda hazırda seçmə mərhələdə ən pis nəticə göstərən kollektivlərdən biridir. Hətta qitənin ən zəifləri hesab edilən San-Marino və Cəbəllütariqin çıxışları daha yaxşıdır.
İki oyun keçirən komandalardan Lixtenşteyn, San-Marino, Bolqarıstan, Azərbaycan, Malta və Cəbəllütariq xal qazana bilməyib. Millinin top fərqi -8-dir ki, bu da yalnız Lixtenşteyni (-11) üstələməyə imkan verir. Bu baxımdan Cəbəllütariq (-6), Bolqarıstan (-4), San-Marino (-4) və Maltada (-3) göstərici daha yaxşıdır. Yalnız onunla öyünmək olar ki, adıçəkilən kollektivlərdən təkcə Malta Azərbaycan yığması kimi qol vurmağı bacarıb.