"TANAP və "Türk axını” layihələrinin potensial olaraq biri-birindən ciddi fərqləri var”. Sözügedən layihələrin gələcək perspektivləri barədə "Olaylar”ın sualını cavablandıran iqtisadçı-ekspert Natiq Cəfərli belə deyib. N. Cəfərli həmçinin Rusiyanın təklif etdiyi qaz həcmi ilə Azərbaycanın təklifləri arasında da ciddi fərqlərin mövcud olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, Rusiya "Türk axını” vasitəsilə ilkin mərhələdə 30, sonrakı mərhələdə isə 60 milyard kubmetrə qədər qazı Türkiyə üzərindən Avropaya çıxarmağı planlaşdırır: "Azərbaycan isə TANAP və TAP layihələrilə 2020-ci ildə ilkin mərhələdə 10 milyard kubmetr qazı Avropa bazarına çıxara biləcək. Həcm olaraq, Azərbaycan qazı daha kiçikdir. Sadəcə, Avropa İttifaqı və Şərqi Avropa ölkələri Rusiyadan qaz asılılığını azaltmaq istəyirlər. Çünki Rusiya bu yöndə çox zaman öz müştərilərinə qarşı qeyri-adekvat qərarlar qəbul edir. Hələ 2009-2010-cu illərdə Rusiya Ukrayna üzərindən keçən qaz kəmərini bağladı və nəticədə bir sıra Şərqi Avropa ölkələrində ciddi enerji böhranı yarandı. Bunları nəzərə alaraq, Şərqi Avropa ölkələri rus qazından asılılığı azaltmaq üçün çoxşaxəli qaz almaq modelinə keçməyə üstünlük verir. Bu modeldə Azərbaycana üstünlük verməyə çalışırlar ki, Rusiya ilə bərabər ölkəmizdən də müəyyən qədər qaz almaq istəyirlər. Beləliklə, əgər gələcəkdə rus qazı ilə bağlı bir problem olsa, bunu Azərbaycan qazı hesabına həll etməyə çalışacaqlar. Ümumilikdə isə, Azərbaycanın təklif etdiyi qaz həcmi Şərqi Avropa ölkələrinin qaza olan tələbatını ödəmək üçün yetərli deyil. Rusiya tərəfi də bunu çox gözəl bilir. Rusiya bazarı həcmlə bağlı Azərbaycanla problem yaşamasa da, eyni bazara çıxacaqlarını nəzərə alaraq, qiymət məsələsində ölkəmizin rəqib ola biləcəyini düşünür. Buna görə, Rusiya TANAP və TAP layihələrinin tezliklə reallaşdırılmasında maraqlı deyil. Çünki əlavə bir qaz mənbəyi bazarda qiymətin Rusiya tərəfindən diktə olunmasına imkan verməyəcək. Avropa İttifaqı isə həm çoxşaxəli qaz almaq modelinə keçməyi, həm də öz bazarlarını divertifikasiya etməyi düşünür. Həmçinin bu yaxınlarda Aİ ölkələri yeni Enerji Xartiyasını qəbul etdi. Xartiyaya uyğun olaraq, qaz satan ölkə qazpaylayıcı ölkə olmamalıdır. Yəni şirkətlər və ölkələr biri-birlərindən ayrılmalıdırlar ki, bu inhisarçılığa səbəb olmasın. Bununla bağlı Azərbaycandan Avropaya bir çağırış var ki, bu formallıqları və sənədləşdirmə işlərini daha tez həyata keçirsinlər. Amma düşünürəm ki, Avropa enerji xartiyası qəbul olunubsa, Azərbaycan indidən bu xartiyaya uyğun olaraq öz işini qurmalıdır ki, gələcəkdə müqavilələr bağlanarkən Avropa Enerji Komissiyasının maneələrilə qarşılaşmasın”.