“Sahibkarlığın İnkişafı üçün xarici ölkə modelləri” layihəsinə start verilib

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Sosial-İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək” İctimai Birliyi tərəfindən “Sahibkarlığın İnkişafı üçün xarici ölkə modelləri” layihəsinə start verilib.

QHT.az-a açıqlama verən təşkilatın sədri Zülfiyyə Nuriyeva bildirib ki, layihə 2026-cı il mayın 1-dən etibarən icra olunmağa başlayıb və 3 ay müddətində davam edəcək.

Onun sözlərinə görə, layihə çərçivəsində kiçik və orta sahibkarlığın inkişafına dəstək göstərilməsi, sahibkarlarla aidiyyəti dövlət qurumları arasında əlaqələrin gücləndirilməsi, qarşılıqlı əməkdaşlıq imkanlarının genişləndirilməsi məqsədilə şəhər və rayonlarda “Sahibkarlıq Forumu”nun təşkili nəzərdə tutulur.

Z.Nuriyeva qeyd edib ki, növbəti forumun Sumqayıt şəhərində keçirilməsi planlaşdırılır. Forumda 100-dən çox sahibkarın iştirakı gözlənilir. Tədbir zamanı sahibkarlara xüsusi stendlər vasitəsilə öz məhsullarını nümayiş etdirmək imkanı yaradılacaq.

Forum çərçivəsində sahibkarların xarici bazarlara, xüsusilə Afrika qitəsinə iqtisadi-ticarət inteqrasiyasına dəstək məqsədilə təqdimatlar keçiriləcək. Eyni zamanda “Yaşıl logistikanın ərzaq təhlükəsizliyi və ətraf mühitin mühafizəsində rolu” mövzusunda çıxışlar təşkil olunacaq. Spikerlər məhsulların təhlükəsiz və zərər görmədən çatdırılması istiqamətində müasir yanaşmalar barədə məlumat verəcəklər.

Təşkilat sədri vurğulayıb ki, ölkədə kiçik və orta sahibkarlığın inkişafı daha güclü iqtisadiyyatın formalaşmasına, sosial rifahın yüksəlməsinə və dayanıqlı inkişafın təmin olunmasına mühüm töhfə verir.