Siyavuş Novruzov
Milli Məclisin Regional məsələlər komitəsinin sədri
2026-cı il mayın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorgia Meloni arasında keçirilmiş görüş və səsləndirilmiş bəyanatlar iki ölkə arasında münasibətlərin yüksək dinamikasını və strateji mahiyyətini bir daha nümayiş etdirdi. Bu səfər Azərbaycan–İtaliya əlaqələrinin yalnız mövcud vəziyyətini deyil, həm də gələcək inkişaf istiqamətlərini müəyyən edən mühüm siyasi hadisə kimi qiymətləndirilir.
Azərbaycan ilə İtaliya arasında münasibətlər uzun illərdir qarşılıqlı hörmət, etimad və ortaq maraqlara əsaslanır. Bu münasibətlərin institusional əsasını təşkil edən 2014-cü və 2020-ci illərdə imzalanmış strateji tərəfdaşlığa dair bəyannamələr əməkdaşlığın sistemli və davamlı inkişafına zəmin yaradıb. Hər iki sənəd tərəflərin siyasi, iqtisadi, enerji və humanitar sahələrdə əlaqələri dərinləşdirmək niyyətini açıq şəkildə ifadə edir və bu gün də əməkdaşlığın əsas yol xəritəsi kimi çıxış edir.
Siyasi dialoq baxımından Azərbaycan və İtaliya arasında əlaqələr ən yüksək səviyyədə qurulub. Dövlət və hökumət başçıları səviyyəsində mütəmadi görüşlər, qarşılıqlı səfərlər və beynəlxalq platformalarda sıx təmaslar ikitərəfli münasibətlərin strateji xarakterini gücləndirir. Bu kontekstdə son səfər də siyasi etimadın və tərəfdaşlığın möhkəm təməllər üzərində qurulduğunu təsdiqlədi.
Enerji sahəsi Azərbaycan-İtaliya əməkdaşlığının əsas sütunlarından biridir. İtaliya Azərbaycanın həm neft, həm də qaz ixracında birinci dərəcəli tərəfdaş kimi çıxış edir. Xüsusilə Cənub Qaz Dəhlizi çərçivəsində həyata keçirilən layihələr Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolunu artırmaqla yanaşı, İtaliyanın enerji təchizatında mühüm yer tutur. Bu əməkdaşlıq yalnız iqtisadi deyil, həm də geosiyasi baxımdan strateji əhəmiyyət daşıyır.
Son dövrlərdə tərəflər arasında əməkdaşlığın yeni istiqamətlərindən biri kimi hərbi-texniki sahə də diqqət çəkir. Bu sahədə əməkdaşlıq perspektivli hesab olunur və qarşılıqlı maraqlara uyğun olaraq inkişaf etdirilir. Müdafiə sənayesi, texnologiya transferi və təhlükəsizlik məsələlərində mümkün birgə layihələr tərəfdaşlığın daha da dərinləşməsinə töhfə verə bilər.
Prezident İlham Əliyev bəyanatda qeyd edib: “Bizim yeni əməkdaşlıq sahəmiz olan hərbi-texniki əməkdaşlıq ümidvericidir. Bu gün bu barədə də danışıldı. Birgə layihələrin həyata keçirilməsi, birgə istehsalın təşkil edilməsi, İtaliya texnologiyalarının Azərbaycan maliyyə vəsaitinin birləşməsi ilə əlaqədar konkret fikirlərimiz var. Bu barədə də geniş danışılıb.”
Həmçinin, iqtisadi əlaqələr çərçivəsində İtaliya şirkətlərinin Azərbaycanda fəaliyyəti xüsusi qeyd olunmalıdır. Bu şirkətlər uzun illərdir ölkəmizdə müxtəlif sahələrdə - enerji, tikinti, infrastruktur, sənaye və xidmət sektorlarında uğurla fəaliyyət göstərir və Azərbaycanın iqtisadi inkişafına mühüm töhfə verirlər. Onların fəaliyyəti eyni zamanda Azərbaycanın investisiya mühitinin cəlbediciliyinin göstəricisi kimi çıxış edir.
Humanitar və təhsil sahəsində əməkdaşlıq da münasibətlərin vacib istiqamətlərindən biridir. Keçən il Bakıda böyük təntənə ilə İtaliya–Azərbaycan Universitetinin açılması bu sahədə əlaqələrin yeni mərhələyə qədəm qoyduğunu göstərir. Bu təşəbbüs gənc kadrların hazırlanması, elmi-tədqiqat əməkdaşlığının genişləndirilməsi və iki xalq arasında mədəni bağların möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Bütün bu amillər fonunda Prezident İlham Əliyevin və Baş nazir Ciorgia Meloninin səsləndirdiyi fikirlər bir daha təsdiqləyir ki, Azərbaycan–İtaliya münasibətləri artıq klassik tərəfdaşlıq çərçivəsindən çıxaraq çoxşaxəli və strateji müttəfiqlik səviyyəsinə yüksəlməkdədir. Mövcud siyasi iradə, qarşılıqlı etimad və geniş əməkdaşlıq potensialı gələcəkdə bu münasibətlərin daha da inkişaf edəcəyinə əminlik yaradır.
Beləliklə, 2026-cı il mayın 4-də baş tutan səfər və verilən bəyanatlar Azərbaycan-İtaliya əlaqələrinin yeni mərhələsinin başlanğıcı kimi qiymətləndirilə bilər. Bu münasibətlər təkcə iki ölkənin milli maraqlarına deyil, həm də daha geniş regional və beynəlxalq əməkdaşlığa xidmət edən mühüm tərəfdaşlıq modelidir.