Heydər Əliyev yolu daim Azərbaycanı zirvələrə aparır, bundan sonra da aparacaq

“Müasir müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin şah əsəridir. Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanın bugünkü reallıqlarının möhkəm təməlini yaratdı. Bu reallığı dönə-dönə qeyd etməyi özümüzə borc bilirik ki, Ümummilli Lider 1993-cü ildə hakimiyyətə qayıtmasaydı bu gün Azərbaycan adlı dövlətdən danışmaq sual altında idi. Müstəqilliyimizin bərpasının ilk illərində ölkəmizin yaşadığı təhlükələr, faciələr yaddaşlardadır, eyni zamanda, müstəqillik tariximizin səhifələrində daim vərəqlənir. Azərbaycan həmin dövrün iqtidarının yarıtmaz siyasəti, idarəçilik qabiliyyətinin yoxluğu ucbatından müstəqilliyini itirmək, bir dövlət olaraq dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qalmışdır. Ölkədə anarxiya, özbaşınalıqlar baş alıb gedir, torpaqlarımız işğal olunurdu. Xalqımız bu çətin günlərdə ölkəmizi düşdüyü ağır vəziyyətdən xilas edəcək yeganə şəxsin Ümummilli Lider olduğunu düşündü və hakimiyyətə  dəvət etdi. Dövlətinə, xalqına bağlılıq, sevgi, Azərbaycanı daim zirvələrdə görmək istəyi Ümummilli Liderin hakimiyyətə qayıdışını şərtləndirən əsas amillər oldu. O, Azərbaycanın yaşadıqlarına biganə qalmadı, xalqın təkidli tələbi ilə 1993-cü ilin iyununda hakimiyyətə qayıtdı. Bu qayıdış Azərbaycanı müstəqilliyini itirmək təhlükəsindən xilas etdi. Onun ideyaları Azərbaycanın dünəni, bu günü və gələcəyidir. Ümummilli Liderin timsalında hər bir ölkənin inkişafında, gələcəyində Lider və düşünülmüş siyasət amillərinin rolu daha aydın görünür”.
Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.
Millət vəkili qeyd edib ki, Ümummilli Liderin hakimiyyətinin hər iki dövrü dövlətə, xalqa xidmət nümunəsidir: “Hələ hakimiyyətinin birinci dövründə Azərbaycanın müstəqil gələcəyini düşünərək bir-birindən mühüm addımlar atmışdır. O, daim Azərbaycanı müstəqil, qüdrətli, dünya birliyində layiqli yer tutan, sözünün imzası qədər əhəmiyyəti olan bir dövlət kimi görmək istəyib. Ümummilli Liderin harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının yaddaşına əbədi həkk olunan “Azərbaycan  dünyaya Günəş kimi doğacaq”, “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” kimi çağırışları Onun dövlətimiz, xalqımız qarşısındakı xidmətlərinin aydın  mənzərəsini yaradır. Bu fikirlərin davamı olaraq isə bildirdi ki, nə qədər ki, Azərbaycan var mən də varam. Mən isə Azərbaycan əbədi olacağam!
Ulu Öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində Azərbaycan qısa müddətdə sabitlik diyarına çevrildi, dayanıqlı iqtisadi inkişafının əsası qoyuldu. 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması ölkəmizin iqtisadi və siyasi mövqeyini möhkəmləndirdi. Azərbaycanla iqtisadi əlaqələrin qurulmasında  maraqlı olan dövlətlərin sayı artdı, yeni dostlar və tərəfdaşlar qazandı. Ümummilli Liderin müəllifi olduğu neft strategiyası Azərbaycana davamlı uğurlar qazandırdı və bu gün də qazandırır. Heydər Əliyevin milli neft strategiyasının uğurla reallaşdırılması nəticəsində xalqımız öz təbii sərvətlərinin tam sahibinə çevrilmiş və qısa müddətdə ölkəmizin inkişafına güclü təkan verən resurslar əldə edilmişdir. Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul olunması və bütün sferaları əhatə edən köklü islahatların həyata keçirilməsi, demokratik, hüquqi dövlət quruculuğu, nizami ordunun yaradılması Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında müstəsna xidmətləridir. Xalqımızı vahid amal ətrafında birləşdirən azərbaycançılıq ideologiyasının formalaşdırılması, ana dilinin dövlət qayğısı ilə əhatə olunması, ictimai-siyasi, elmi və mədəni fikir tariximizin əlamətdar hadisələrinin müntəzəm qeyd edilməsi ənənəsinin yaradılması, Azərbaycanın çoxəsrlik mənəvi-mədəni irsə sahib qədim diyar və sivilizasiyaların qovşağında yerləşən tolerantlıq məkanı kimi geniş şöhrət qazanması Ümummilli Liderin  mükəmməl quruculuq proqramının tərkib hissələri idi”.
Malik Həsənov bildirib ki, Ulu Öndər Heydər Əliyev xalqımızın zəngin dəyərlərinin tanıdılması və ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli mövqe qazanmasında müstəsna rol oynadı: “Artıq bu gün tarixə qovuşan Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli Ulu Öndərin qarşıya qoyduğu başlıca vəzifə olmuş, ölkəmizin bütün resursları, xalqımızın potensialı tarixi ədalətin bərpası üçün səfərbər edilmişdir. Ulu Öndərin şah əsəri olan müasir müstəqil Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir olduğunu 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanmaqla sübuta yetirdi. Təbii ki, Azərbaycanın bu şanlı Qələbəni yaşaması Ulu Öndər Heydər Əliyevin  2003-cü ildə xalqına inamın növbəti ünvanını göstərməsinin nəticəsidir. 2003-cü ildə xalqa tarixi müraciəti Heydər Əliyev siyasətinin davamının, bugünkü və gələcək uğurların əsası oldu. Dahi şəxsiyyət xalqa 1 oktyabr 2003-cü il tarixli müraciətində biıdirmişdi ki, üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm  başa çatdıra bilmədiyi işləri, planları cənab İlham Əliyev başa çatdıracaq. Ona özüm qədər inanır, gələcəyinə böyük ümidlər bəsləyirəm”.  
Millət vəkili qeyd edib ki, Prezident İlham Əliyev son 22 ildən artıq dövrdə Azərbaycanı zirvələri fəth etdirərək Ulu Öndərin  inamını, etimadını doğrultdu, ata vəsiyyətini yerinə yetirdiyi üçün özünü xoşbəxt hiss edir: “Dövlətimizin başçısı İlham Əliyevin həyata keçirdiyi iqtisadi strategiya nəticəsində Azərbaycan qısa müddətdə yüksək nailiyyətlərə imza atdı. Dayanıqlı iqtisadi inkişaf təmin edildi, dünyanın ən güclü 50 ordusu sırasında qərarlaşan Silahlı Qüvvələrimiz formalaşdı, beynəlxalq əlaqələrimiz genişləndi, ölkəmizin diplomatik uğurları davamlılığı ilə diqqətdədir. Bütün istiqamətlərdə qazanılan uğurların bir hədəfi var idi - ərazi bütövlüyümüzün bərpası, işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi, Azərbaycanın bütün sərhədləri boyunca Bayrağımızın dalğalanması, soydaşlarımızın dogma yurd-yuvalarına qayıtması.  2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və rəşadətli Ordumuzun gücü nəticəsində tarixi Qələbə ilə başa çatdı. Müzəffər Ali Baş Komandan İlham Əliyev Prezident kimi 17 illik gərgin əməyinin nəticəsində Azərbaycanı ərazi bütövlüyünə qovuşdurdu, xalqımızı dünyada qalib xalq kimi tanıtdı. Tarixi Zəfərimizdən üç il sonra, 2023-cü ilin sentyabr ayında Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirdikləri bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimizi bərpa etdi, Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə Azərbaycan Bayrağı ucaldıldı. Bu zəfərlər mahiyyət etibarilə Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi və Prezident İlham Əliyevin daha da təkmilləşdirərək müasirləşdirdiyi milli dövlətçilik strategiyasının ən böyük təntənəsi oldu.”.
Malik Həsənov vurğulayıb ki, bu gün azad Qarabağımız, azad Şərqi Zəngəzurumuz dirçəlir, soydaşlarımız mərhələ-mərhələ dogma yurd-yuvalarına qayıdır, Böyük Qayıdış Proqramı uğurla icra edilir. Azərbaycan hazırda sülh təcrübəsi ilə dünyanın diqqətindədir. Ermənistanla əldə edilən tarixi sülh razılaşması regionda dayanıqlı sülhə, təhlükəsizliyə, yeni əməkdaşlıq formatlarının yaradılmasına geniş imkanlar yaradır. Azərbaycanın hər bir uğuru Heydər Əliyev siyasətinin təntənəsidir. Heydər Əliyev yolu daim Azərbaycanı zirvələrə, zəfərlərə aparır, bundan sonra da aparacaq.