VII çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Heydər Əsədov 07 may 2026-cı il tarixində Şirvan şəhərində vətəndaşların növbəti qəbulunu keçirib.
Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının inzibati binasında baş tutan görüşün əsas məzmununu əhalinin sosial problemlərinin yerində öyrənilməsi, müraciətlərin operativ həlli və vətəndaş məmnunluğunun təmin edilməsi təşkil edib.
Qəbul zamanı millət vəkili sakinlərin müraciətlərini fərdi qaydada diqqətlə dinləyərək, bir qrup vətəndaşa maddi yardım göstərib. Araşdırılması vaxt tələb edən digər məsələlər isə qanunvericiliyə uyğun həlli üçün aidiyyəti dövlət qurumlarına yönləndirilərək deputatın nəzarətinə götürülüb.
Qəbuldan sonra Heydər Əsədov ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman şəhidlərimizin ailələrini ziyarət edib. Millət vəkili Birinci Qarabağ müharibəsi şəhidi Fadil Atakişiyev və İkinci Qarabağ müharibəsi şəhidi Röyal Məmmədovun ailələri ilə görüşərək, onların gündəlik qayğıları ilə yaxından maraqlanıb. Şəhid yaxınlarına mənəvi dəstək nümayiş etdirilib və qaldırılan məsələlərin həlli istiqamətində müvafiq köməkliklər göstərilib.
Heydər Əsədov bu cür görüşlərin mütəmadi xarakter daşıdığını, şəhid ailələrinin hər zaman dövlətin və xalqın xüsusi diqqət mərkəzində olduğunu vurğulayıb.