Oktyabrın 3-də Avropa Parlamentində edilən çıxışları dinləyərkən elə təəssürat yaranırdı ki, sanki deputatların əksəriyyəti Qarabağın de-yure Azərbaycan torpağı olmasından bixəbərdir. Ya da bu illər ərzində onlar özlərini inandırıblar ki, Azərbaycan xalqı artıq ərazilərinin 20 faizinin işğalı ilə barışıb və gec-tez keçmiş “Dağlıq Qarabağın” ikinci erməni dövləti kimi yaşaması, yaxud Ermənistana birləşməsi ilə də barışacaq. Məhz bu cür özünüaldatmanın təsiri altında çıxış edənlərin əksəriyyəti heç bir hüquqi və mənəvi bəraəti olmayan cəfəng fikir səsləndirirdilər: “Azərbaycan “Dağlıq Qarabağa” hücum edib, Azərbaycan aqressordur”. Bu, Fransa Prezidenti Emmanuel Makronun BMT Nizamnaməsinin, beynəlxalq-hüququn fundamental prinsiplərinin və tərəfsiz vasitəçi öhdəliyinin ziddinə olaraq, 44 günlük Vətən müharibəsinin ilk günlərində verdiyi “Azərbaycan “Dağlıq Qarabağı” fəth etmək istəyir və biz buna icazə vermərik” bəyanatını xatırladır.
Avropa Parlamentində eyni ədalətsiz iddianı yenidən təkrarlayanlar, əslində, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini şübhə altına almaqla yanaşı, həm də iddia edirdilər ki, guya Azərbaycan xarici bir subyekti hədəf seçib. Ona görə də özümüz-özümüzü aldatmamalıyıq. Bəzi beynəlxalq təşkilatlarda ölkəmizə demokratiyadan, hüququn aliliyindən, insan haqlarından və humanistlikdən “dərs keçmək” istəyənlərin yanaşma tərzi və dəyərlər sistemi, təəssüf ki, düşündüyümüzdən və arzuladığımızdan çox-çox fərqlidir. Hər nədəndirsə, söhbət Azərbaycanın ərazi bütövlüyündən və suverenliyindən getdiyi vaxt, beynəlxalq-hüquq normaları və ədalət prinsipi onların yadına düşmür. Ona görə də çıxışları sakit şəkildə dinləmək mümkün deyildi. Deputatların əksəriyyəti sanki bir mərkəzdən gələn tapşırıq əsasında Azərbaycanın ünvanına yalan və iftira püskürürdü. Bəzən elə təəssürat yaranırdı ki, onlar nəinki məsələnin mahiyyətindən, ümumiyyətlə, Qarabağın harada yerləşməsindən də xəbərsizdirlər. Deputatlardan biri tarixi saxtalaşdıraraq iddia edirdi ki, guya “Dağlıq Qarabağı” Azərbaycana Stalin bağışlayıb. Bir başqası dedi ki, “erməni xristian qardaşlarımız təhlükədədir, biz onları tək qoymamalıyıq”. Başqa bir deputat isə çağırış etdi ki, “biz Fransa ermənilərini necə seviriksə, Ermənistan ermənilərini də elə sevib qorumalıyıq”. Bu çağırışların hər biri dini və milli ayrı-seçkiliyi, dinlərarası və millətlərarası nifrəti açıq şəkildə təşviq edir, hər bir halda, sülhə və dinc bigəyaşayışa töhfə vermək məqsədini güdmür. Özü də bütün bunlar hansısa yeməkxanada, yaxud ucqar dağ kəndində deyil, dünya dəyərlərini təşviq etməli olan Avropa Parlamentində baş verir.
Çıxışlar sanki “kopirovka” edilmişdi, dediyim kimi, sanki bir mərkəzdən verilən tapşırıq icra olunurdu. “Fransa ermənilərini necə seviriksə, Ermənistan və “Dağlıq Qarabağ” ermənilərini də o cür sevməliyik və qorumalıyıq” kimi fikirlər “dirijor çubuğunun” kimin əlində olduğunu açıq şəkildə göstərir. Ona görə də Fransanın Avropa və xarici işlər naziri Katrin Kolonna tərəfindən elə həmin gün-oktyabrın 3-də Ermənistanda mətbuat konfransı zamanı səsləndirilən növbəti əsassız iddialar Avropa Parlamentindəki çıxışların ümumiləşdirilmiş ifadə forması idi. Təsəvvür edin, BMT-nin, Beynəlxalq Qırmızı Xaç Komitəsinin, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının və digər beynəlxalq təşkilatların Qarabağda öz gözləri ilə gördüklərinə adekvat olaraq tərtib etdikləri obyektiv rəy də Fransa rəsmisinə yetərli görünmədi. Ədalətin bu cür iqnor olunması, 27 il boyunca BMT qətnamələrini icra etməyən Ermənistanın özbaşınalığına göz yumulması siyasətinin açıq-aşkar davamıdır. Fransalı nazir beynəlxalq missiyanın yekdil rəyinə məhəl qoymadan onu da iddia etdi ki, guya Azərbaycanın “təqsiri” üzündən erməni sakinlər zorən qaçqın vəziyyətinə düşüblər. Amma xanım Kolonna fürsətkən “mülki əhaliyə və mülki infrastruktura birbaşa və ciddi təhlükənin yaradılmadığını” etiraf edən N.Paşinyana demədi ki, “niyə həqiqəti etiraf etməklə bizi “zibilə” salmısan?” Fransalı nazir bununla kifayətlənməyərək, Ermənistanı silahlandıracaqlarını da bəyan etdi. Bu, artıq nə ermənipərəstlikdir, nə də “sevimli bacı” elan etdiyi Ermənistanı əzizləmək deməkdir.İstər Avropa Parlamentində səslənən fikirlər, istərsə də Fransa rəsmisin Ermənistandan verdiyi açıqlamalar Azərbaycana qarşı yönələn qeyri-dost davranışıdır.