Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu: Prezidentin Bolqarıstan səfərində mühüm məqam – Deputat

Avropanın enerji təhlükəsizliyində Azərbaycan müstəsna rola malikdir. Bu baxımdan da Avropa Azərbaycanla münasibətlərə və əməkdaşlığa xüsusi önəm verir. Cənub Qaz Dəhlizinin istismara verilməsi ölkəmizi Avropanın enerji təminatında vacib faktora çevirib. Ölkəmiz Avropa ilə nəinki enerji sahəsində o cümlədən bir sıra sahələrdə sıx əməkdaşlıq edir. Bu mənada Azərbaycan Avropa üçün etibarlı tərəfdaş kimi qəbul edilib.

Bunu Siyasətinfoya Milli Məclisin deputatı Aqil Məmmədov deyib.

O hesab edir ki, Prezident İlham Əliyevin Bolqarıstana səfəri mühüm önəm kəsb edir: “Dövlətimizin başçısının bu səfəri çərçivəsində “Bulgartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), FGSZ (Macarıstan), “Eustream” (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu”u imzalanıb. Əldə edilən bu sənədlər enerji resurslarının şaxələndirilməsi, enerji təhlükəsizliyinin gücləndirilməsi istiqamətində mühüm addımdır”.

Deputat Azərbaycanla Bolqarıstan arasında diplomatik münasibətlər 1992-ci il iyunun 5-də qurulduğunu deyib: “Ötən il ölkələrimiz arasında əlaqələrin yaradılmasının 30-cu ildönümü qeyd edildi. Təbii ki, bu müddət ərzində ölkələr arasında qarşılıqlı hörmət və etimad üzərində qurulmuş əlaqələr siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə dinamik şəkildə inkişaf edib. Məhz bunun nəticəsidir ki, ölkələrimiz arasında səmərəli əməkdaşlıq qurulub. Sözsüz ki. Azərbaycan-Bolqarıstan münasibətləri Prezident İlham Əliyevin 2015-ci ildə Sofiyaya rəsmi səfəri zamanı Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması ilə keyfiyyətcə daha yüksək mərhələyə yüksəlib. Vacib əhəmiyyət daşıyan bu sənəd tərəflər arasında qarşılıqlı maraq doğuran sahələrdə həm ikitərəfli formatda, həm də beynəlxalq miqyasda əməkdaşlığı dərinləşdirmək və genişləndirmək üçün əldə edilmiş mühüm razılaşmadır. Birgə Bəyannaməyə əsasən, Azərbaycan-Bolqarıstan Strateji Dialoqu təsis olunub. Strateji Dialoqun birinci iclası 2018-ci ildə, ikinci iclası isə 2022-ci ildə keçirilib. Bununla yanaşı bu ilin aprel ayının 25-də imzlanan Anlaşma Memorandumu “Həmrəylik Halqası” təşəbbüsünün reallaşması üçün böyük əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin vurğuladığı kimi “Həmrəylik Halqası” birgə geniş planlarımızın icrasında mühüm rol oynayacaq”.

Aqil Məmmədov bildirib ki, Azərbaycanın enerji sahəsində həyata keçirdiyi siyasət bir çox ölkələr və təşkilatlar üçün açıq nümunədir: “Bir çox ölkələr Azərbaycanın enerji diplomatiyasından faydalanmağa çalışır. Ölkəmiz bu sahədə meqalayihələrin uğurla icra olunduğu dövlət kimi ölkə kimi tanınır. Sözsüz ki, Azərbaycanın Neft meqalayihələri, qaz və yaşıl enerji layihələri uğurla icra edilir. Bütün bunlar isə Avrasiyanın enerji xəritəsinin yenidən cızılmasında Azərbaycan ən mühüm faktor olduğunu açıq şəkildə nümayiş etdirir”.