"Azad edilmiş ərazilər üçün xüsusi vergi bölgəsi anlayışı gətirilməlidir" - Deputat

"İşğaldan azad edilmiş ərazilər üçün xüsusi vergi bölgəsi anlayışı gətirilməlidir. Vergi güzəştləri pozitiv, müsbət addımdır. Ancaq güzəştlər vergi fəlsəfəsinə uyğun olmalıdır".

Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deputat Vüqar Bayramov deyib.

O bildirib ki, güzəştlər iqtisadiyyatda rəqabəti təşviq etməlidir: "Rəqabətə maneə olmamalıdır. Təklif edirəm ki, Vergi Məcəlləsində bu məsləyə baxılsın. İşğaldan azad edilmiş ərazilərdə güzəştlərin tətbiq edilməsi kifayət qədər pzotiv addımdır və dəstəkləyirik. Ancaq vergi fəlsəfəsi və məcəlləsi, rəqabət məcəlləsinin qorunması ilə bağlı prinsiplər olmalıdır. Bu ərazilərə xüsusi vergi bölgəsi olaraq anlayışın qanunvericiliyə gətirilməsinə ehtiyac var ki, məhz həmin anlayışın qanunvericiliyə gətirilməsi həmin ərazidən kənarda fəaliyyət göstərən sahibkarların bazarda rəqabət aparmasını məhdudlaşdırmasın".

İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov bildirib ki, hər bir vergi güzəştinin məqsədi, müddəti, dərəcəsi var: "Azad edilmiş ərazilərdə edilən vergi güzəştlərində məqsəd məhsul istehsalında rəqabətliliyi, bərabərliyi təmin etmək deyil. Biz istəyirik ki, işğaldan azad olunmuş əraziləri dirçəldək. Məhz orada məhsul istehsal olunsun ki, insanlar ora getsinlər, məskunlaşsınlar və yaşasınlar”.