Təbiəti ilə insanı valeh edən Kəlbəcərim

Yerləşdiyi coğrafi mövqeyə görə çətin relyefə malik Kəlbəcərin düşmən tapdağından bir güllə belə atılmadan geri alınması Qələbə tariximizin şanlı səhifəsidir. Azərbaycanın ən böyük rayonlarından olan Kəlbəcərin düşmən tərəfindən işğalı nəticəsində rayonunun infrastrukturuna ciddi ziyan dəymiş, mədəni abidələr dağıdılmış rayona milyard manatlar məbləğində ziyan dəymişdir.

Kəlbəcərə səfər edən Ölkə Prezidenti cənab İlham Əliyev burada törədilmiş erməni vəhşiliyindən danışaraq qeyd etmişdir: “Baxın, görün, şəhər ermənilər tərəfindən tamamilə dağıdılmışdır. Vəhşi ermənilər başqa şəhər və kəndlərimiz kimi, Kəlbəcəri də dağıdıblar. Bütün binalar dağıdılıb. Bəzi binalarda ermənilər qanunsuz yaşayırdılar. Buradan çıxanda o binaları da yandırıb, sökdülər. Vaxt dəyişir, amma erməni faşizminin eybəcər sifəti dəyişmir. 1990-cı illərin əvvəllərində bu torpaqları işğal edərkən bizim şəhər və kəndlərimizi dağıtmışdılar. 2020-ci ildə biz bunları buradan qovanda da gedə-getdə ağacları kəsib, yandırıb, binaları dağıdıblar”.

Onu da qeyd edək ki, Kəlbəcər rayonu ərazisi ən qədim insan məskənlərindən biri kimi tanınır. Kəlbəcərdə Zar açıq düşərgəsində aparılan arxeoloji tədqiqatlarda sübut olunub ki, ibtidai insan sürü icmasının ilk əmək alətləri (daşdan) meydana gəlib. Kəlbəcər ərazisindəki qayaüstü təsvirlər Qobustandakı yazılı və şəkilli daşların oxşarı – “əkiz”ləridir. Bu ərazidə olan qayaüstü təsvirlər təkcə Kəlbəcərin deyil, bütövlükdə Azərbaycan torpağının qədim insan məskəni olduğunu sübut edir. Rayonun "Qaragöl" və "Zalxa gölləri" sahillərində, "Ayıçınqıllı" və "Pəriçınqıllı" dağlarında qayalarda həkk edilmiş təsvirlər 1968-ci ildən öyrənilməyə başlanılıb. 1976-cı ildə Kəlbəcər qaya təsvirlərinin yerləşdiyi ərazinin yaxınlığında Azərbaycanda ilk dəfə olaraq yaşayış yeri aşkar edilib. Kəlbəcər rayonunda çox sayda mineral su qaynaqları var. Onlardan ən məşhurları Yuxarı İstisu, Aşağı İstisu, Qoturlu İstisuyu, Turşsu və s. Kəlbəcər rayonu özünün zəngin filiz və qeyri-filiz faydalı qazıntıları ilə seçilir. Azərbaycan geoloqlarının səyi nəticəsində burada bir sıra qızıl (Söyüdlü, Ağduzdağ, Zərqulu, Qazıxanlı, Qalaboynu və s.), xromit, volfram, mis, molibden, qurğuşun, sink, civə, sürmə, mərgümüş, asbest yarımqiymətli və məmulat daşları (nefri-toidlər, jadeit, mərmər oniksi, irizasiyalı obsidian, qranatlar), mineral boyalar, perlit, üzlük daş, travertin, listvenit, müxtəlif cür tuf yataq və təzahirlər aşkar edilib. Bütün bunlar onu göstərir ki, Kəlbəcər yeraltı və yerüstü sərvətlərlə çox zəngindir.

“Böyük Qayıdış” Dövlət Proqramına uyğun olaraq bu gün işğaldan azad olunan digər ərazilər kimi Kəlbəcər rayonunda da geniş quruculuq işləri həyata keçirilir. Bütün bunlar bu diyarın gözəl gələcəyindən, azad olunmuş ərazilərin uğurlu perspektivindən xəbər verir.

Mətanət Səfərli

YAP Nəsimi Rayon Təşkilatının əməkdaşı