"Azərbaycan Hava Yolları" QSC (AZAL), Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosu və "Trip.com Group" arasında Anlaşma Memorandumu imzalanıb.
Sabahinfo.az xəbər verir ki, bu barədə agentliyə istinadən xəbər verir.
Məlumata görə, Büro AZAL-la əməkdaşlıq çərçivəsində Pekində Azərbaycan və Çin arasında turizm əlaqələrinin möhkəmləndirilməsinə istiqamətlənmiş bir sıra tədbirlər keçirib. Tədbirlər çərçivəsində turizm sahəsində əməkdaşlığı gücləndirmək məqsədilə sözügedən Anlaşma Memorandumu imzalanıb. Sənədə əsasən, Azərbaycanı çinli səyahətçilər üçün cəlbedici istiqamət kimi tanıda biləcək "Ctrip" platformasından aktiv şəkildə istifadə ediləcək.
Tədbir zamanı Büronun Baş icraçı direktoru Florian Zenqstşmid bu əməkdaşlığın vacibliyini vurğulayaraq qeyd edib ki, Azərbaycan və Çinin turizm əlaqələri gələn turistlərin sayının və fərdi təkliflərin artması sayəsində yeni zirvəyə çatıb. O bildirib ki, ikitərəfli əməkdaşlıq "Trip.com Group" ilə Anlaşma Memorandumunun imzalanması ilə daha da gücləndirilib və bu da Çin bazarında Azərbaycanın mövqeyinin inkişafı üçün önəmli addımdır.
Həmçinin Azərbaycanın turizm imkanlarını təqdim etmək məqsədilə Çinin 30-a qədər aparıcı media nümayəndəsinin iştirak etdiyi mətbuat konfransı təşkil olunub. Mətbuat konfransında çinli turistləri üçün vizasız rejimin tətbiqi, Büronun Çində rəsmi təmsilçiliyin fəaliyyəti və Bakı ilə Pekin arasında AZAL xətti ilə birbaşa uçuşların həyata keçirilməsi kimi məsələlərə toxunulub.
Bildirilib ki, gələn il iyulun 20-nə qədər qüvvədə olacaq vizasız rejim Çin vətəndaşlarına il ərzində üç dəfəyə qədər Azərbaycana səfər etmək imkanı yaradır.
AZAL-ın Baş Kommersiya İnzibatçısı Cəmil Manizadə qeyd edib ki, AZAL 2023-cü ilin dekabrından etibarən həftədə iki dəfə olmaqla Bakı və Pekin arasında birbaşa uçuşlar həyata keçirməyə başlayıb və bu marşrut sadəcə iki paytaxtı birləşdirən hava əlaqəsi deyil, həm də mədəniyyətlərimiz, iqtisadiyyatlarımız və xalqlarımız arasında mühüm hava körpüsüdür.
Günün ikinci hissəsində, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin və digər rəsmi şəxslərin iştirakı ilə Çindən olan 100-dən artıq səfirlik, media və turizm agentliklərinin nümayəndələrinin qatıldığı xüsusi şam yeməyi təşkil olunub.
Bu ilin yanvar-avqust aylarında Çindən Azərbaycana 26 866 nəfər səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfədən çox artım deməkdir.