"Müzakirə etdiyimiz “Aviasiya haqqında” qanun layihəsi önəmlidir. Nəzərə alsaq ki, aviasiya həm də ölkəmizin imici nöqteyi-nəzərdən vacib məqamlardan biridir. Həm vətəndaşlarımız, həm də özümüz aviasiya xidmətlərindən həmişə istifadə edirik. Bunların içərisində vacib məqam aviasiya təhlükəsizliyinin həyata keçirilməsidir".
Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisdə “Aviasiya haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı deputat Mahir Abbaszadə deyib. Deputat bildirib ki, AZAL-ın indiyə qədər həyata keçirdiyi uçuşlarda təhlükəsizlik yüksək səviyyədə qorunub:
"Nəzərə almalıyıq ki, dünyada informasiya texnologiyalarının inkişafı sürətlə gedir. Aviasiya haqqında qanun həm yerli qanunlarla, həm də beynəlxalq qanunlarla tənzimləndiyinə görə, müsbət məqamların olması bizi çox sevindirən məsələlərdəndir. İşğaldan azad olunmuş ərazilərdə bəzi hava limanlarının tikintisi başa çatıb, bəzilərinin isə 2025-ci ilin sonunda istifadəyə verilməsi nəzərdə tutulur. Bu baxımdan, aviasiya sahəsində xidmətlərin artırılması, təhlükəsizliyin ən yüksək səviyyədə həyata keçirilməsi ölkəmizin iqtisadi imkanlarına müsbət təsir göstərəcək. AZAL-ın həyata keçirdiyi uçuşlarda təhlükəsizliyin yüksək səviyyədə olması ölkəmizin imicini müsbət tərəfini ehtiva edir. Nəzər almaq lazımdır ki, son vaxtlar inkişafla əlaqədar ölkəmizə gediş-gəlişlərin çoxalması bu sahənin inkişafını şərtləndirən əsas məsələlərdəndir".