Azərbaycan Respublikasının Avropa İttifaqı ilə ümumilikdə və ayrı-ayrı üzv dövlətlərlə enerji resurslarının təçizatı sahəsindəki əməkdaşlığı uzunmüddətli səmərəli xarakter daşıyır. 2006-cı ildə Anlaşma Memorandumunun, 2011-ci ildə Cənub Qaz Dəhlizi ilə bağlı Birgə Bəyannamənin, 2022-ci ildə isə Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanması ölkəmizin Avropa qitəsinin enerji təhlükəsizliyinin təmin edilməsində mühüm aktor olmasının əyani təsdiqidir. Enerji məsələləri üzrə Avrokomissar Kadri Simson illik qaz təcizatını 10 milyard kubmetrə catdırılması ilə bağlı çağırış edərək, Azərbaycanı etibarlı tərəfdaş adlandırmışdır. Ümumiyyətlə ötən il Azərbaycan təqribən 19 milyard kubmetr təbii qaz ixrac edib, bunun da 8,2 milyard kubmetri Avropaya nəql olunub, bu isə əvvəlki illə müqayisədə 40 faiz çoxdur. 2027-ci ilə qədər Azərbaycandan Avropaya təbii qaz tədarükünün iki dəfə artırılması planlaşdırılır və ölkəmizin bunun üçün hər cür hər cür imkanları var.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin cari ilin 30 sentyabr tarixində Bolqarıstana rəsmi səfəri əyani şəkildə nümayiş etdirdi ki, mürəkkəb qeosiyasi durumlarda dövlətimiz enerji təhlükəsizliyinin təmin edilməsində mühüm yer tutur. Məlum olduğu kimi, iki ölkə arasında uzunmüddətli strateji tərəfdaşlıq münasibətləri formalaşmışdır. Bunun hüquqi bünövrəsini 2015-ci ildə Bolqarıstanla Azərbaycan arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə təşkil edir.
Əhəmiyyətli hadisələrdən birinidə oktyabrın 1-də Bolqarıstanın paytaxtı Sofiya şəhərində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (ICGB) açılış mərasiminin keçirilməsi təşkil etmişdir. Bu tədbirə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Bolqarıstan Prezidenti Rumen Radev, Avropa Komissiyasının sədri Ursula von der Leyen, Avropa İttifaqının (Aİ) enerji məsələləri üzrə komissarı Kadri Simson, Şimali Makedoniya Respublikasının Prezidenti Stevo Pendarovski, Serbiyanın Prezidenti Aleksandr Vuçiç, Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis, Rumıniyanın Baş naziri Nikolae-Yonel Çuke, həmçinin ICGB-nin icraçı direktorları Teodora Georgiyeva və George Satlas qatılıb. Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun ümumi uzunluğu 182 kilometrdir, Bolqarıstanınla Yunanıstanın qaz nəqli şəbəkələrini birləşdirir və Azərbaycan qazının Avropaya daha geniş miqyasda nəql olunmasına imkan yaradaraq, eyni zamanda, Avropa qitəsində enerji təhlükəsizliyinə ciddi töhvə verəcəkdir.
Azərbaycanda təsdiq edilmiş qaz ehtiyatlarının 2,6 trilyon kubmetr həcmində olması, ölkəmizin çoxşaxəli qaz nəqliyyat infrastrukturunun mövcudluğu dünyanın çeşidli regionlarının qaz təminatı probleminin həllinə zəmanət verir.
Nizami Səfərov, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü