“Azərbaycan Avropa ölkələri ilə əlaqələri genişləndirir” - Kamaləddin Qafarov

“Bu gün Azərbaycanın xarici əlaqələrinin coğrafiyasında cənub-şərqi Avropa və Balkan yarımadası ölkələri xüsusi yer tutur. Şimali Makedoniya ilə Azərbaycanın əlaqələri isə getdikcə daha yüksək dinamika ilə inkişaf edir.”

Bunu Sabahinfo.az-a açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Deputat bildirib ki, bu baxımdan martın 11-də Şimali Makedoniya Respublikasının Prezidenti xanım Qordana Silyanovska-Davkovanın ölkəmizə rəsmi səfəri böyük əhəmiyyət kəsb edir. “Məlum olduğu kimi, keçirdikləri təkbətək və geniş tərkibdə görüşlərdən sonra hər iki ölkənin dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər. Cənab Prezident İlham Əliyev öz çıxışında bildirib ki, Azərbaycan və Şimali Makedoniya arasında konstruktiv siyasi dialoq mövcuddur. Hazırda Azərbaycan ilə Şimali Makedoniya ikitərəfli münasibətlərin inkişafı üçün fəal iş aparırlar. Qeyd olundu ki, siyasi əlaqələrin daha da inkişafı üçün əlavə tədbirlər görülməlidir. Eyni zamanda, iqtisadi sahədə, sərmayə qoyuluşu sahəsində imkanlar araşdırılmalıdır.”

K.Qafarov Azərbaycan ilə Şimali Makedoniyanın energetika sahəsində əməkdaşlığa başlamalarını qarşılıqlı münasibətlərin inkişafı üçün möhkəm zəmin olduğunu vurğulayıb: “Cənab Prezident İlham Əliyevin öz çıxışında qeyd etdiyi kimi, ölkələrimiz arasında bu günə qədər ticari-iqtisadi sahədə o qədər böyük nəticələr əldə edilməyib. Lakin Şimali Makedoniya Prezidentinin ölkəmizə rəsmi səfərindən sonra bu boşluğun doldurulması üçün yeni perspektivlər yaranıb. Dövlətimizin başçısının bəyanatında iki ölkənin energetika sahəsində əməkdaşlığa başlaması son ayların müsbət əlaməti kimi qeyd olundu. Azərbaycan qazı artıq keçən ilin sonlarında Şimali Makedoniyanın bazarına çatdırılmışdır. Gələcəkdə Azərbaycan lazım olan həcmdə qaz təchizatını artıra bilər. Çünki ölkəmiz bu gün yeni qaz yataqlarının istismara verilməsi istiqamətində fəal iş aparır. Hazırda Azərbaycan Avrasiya məkanında 12 ölkəyə təbii qaz ixrac edir. Onlardan 10-u bilavasitə Avropa ölkəsidir. Azərbaycan keçən il xaricə 25 milyard kubmetr qaz ixrac etmişdir. Bununla belə, qaz təchizatının coğrafiyasının genişləndirilməsi də gündəlikdə duran məsələdir. Avropa Azərbaycan qazına ehtiyac duyur və bu gün Azərbaycan qazı bir çox Avropa ölkəsinin enerji təhlükəsizliyini təmin edir. Energetika sahəsində ikitərəfli formatda əməkdaşlıq ölkəmiz üçün çox önəmlidir və bu praktiki işbirliyi digər sahələrdə də əməkdaşlığa yol açacaq”.