Azərbaycan Avropanın  təhlükəsiz enerji ilə təmin edilməsində  mühüm rol oynayır

Böyük Britaniyanın Avropa və Şimali Amerika məsələləri üzrə dövlət naziri Leo Dokertinin noyabrın üçüncü ongünlüyündə dövlətimizin başçısı ilə apardığı danışıqlarda vurğuladı ki, “Azərbaycan Avropanın mühüm enerji resursları tədarükçüsü  olmaqla yanaşı, həm də Cənubi Qafqazda mühüm və məsuliyyətli ölkədir və Azərbaycan olmasaydı, Avropada sülh və təhlükəsizlik olmazdı və bu, həm də mütləq həqiqətdir”.

 Bu fikir bir daha təsdiq edir ki, Azərbaycan  regionun lider dövlətidir və  onun təşəbbüsçüsü olduğu və həyata keçirdiyi layihələrdən  Cənubi Qafqazdan kənarda da  faydalanırlar. Bu günlərdə  Serbiyanın Niş şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin iştirak etdiyi Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimi  də buna əyani sübutdur. Azərbaycan Prezidentinin haqlı olaraq qeyd etdiyi kimi, bu, Serbiyanın və Bolqarıstanın enerji təhlükəsizliyinə böyük töhfə verə biləcək layihə olmaqla yanaşı, həm də Azərbaycan qazının ixrac coğrafiyasının daha da genişlənməsinin gözəl nümunəsidir. Azərbaycan Prezidenti İlham Əliyev çıxışında bütün bunlardan ətraflı danışıb: “Hazırda biz təbii qazımızı səkkiz ölkəyə ixrac edirik, Serbiya 9-cu ölkədir. Bu doqquz ölkədən yeddisi Avropa ölkəsidir və təbii ki, bugünkü mərasim də interkonnektorun fəaliyyətə başlaması Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verəcək”. Bu isə ölkəmiz üçün böyük nailiyyətdir - ölçü baxımından kiçik, lakin təsir baxımından çox böyükdür Bununla əlaqədar olaraq, Macarıstanın xarici işlər və ticarət naziri Peter Sijartonun Cəbrayıl rayonunun Soltanlı kəndində təməlqoyma mərasimində verdiyi bəyanatdan bir neçə fikri  xatırlatmaq istərdim. O,  qeyd etdi ki, 13 il əvvəl Avropa ölkələri Macarıstanın baş nazirini Azərbaycana səfərinə görə sərt şəkildə tənqid ediblər. "Bu gün onlar Azərbaycan prezidenti ilə şəkil çəkdirmək və bununla da Avropaya təbii qaz nəqlini təmin etmək üçün növbəyə durublar. Lakin Macarıstanın Azərbaycanla dostluğu qaz tədarükü üzərində qurulmayıb". 

Və bu  fikirlər doğrudur. Azərbaycan Prezidenti İlham Əliyev sübut etdi ki, o, dünyanın aparıcı dövlətlərinin müqavimətini  qırmağı bacaran , bütün məqsədlərinə çatmağa qadir olan qlobal siyasi xadimdir. Məsələn, ölkəmiz Ermənistan-Azərbaycan münaqişəsinin hərbi yolla həllinin olduğunu sübut edəndə belə oldu. Amma ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri  bu həll yonu  inkar edir, hər vasitə ilə maneə olmaq istəyirdilər.  Onlar Azərbaycanın ərazi bütövlüyünün bərpasına, beynəlxalq hüququn təmin  olmasına  əngəl yaratmağa çalışırdılar. Lakin onlar bir məsələnə və fikrimcə əsas məsələni unudurdular.   Dövlətimizin rəhbəri İlham Əliyev Azərbaycanın milli maraqlarını parlaq şəkildə müdafiə edir, çoxları üçün qeyri-real görünənləri reallığa çevirir. O verdiyi vədlərə cavabdehdir, onun məsuliyyətini anlayır. Söz imzası qədər dəyərlidir.  Bu keyfiyyətləri ilə Azərbaycan Prezidenti  dünyanın müxtəlif ölkələrinə rəhbərlik edən digər siyasətçilərdən çox fərqlənir. 

Azərbaycan inamla hədəfə doğru gedir. ötən il Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sektorunda strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanıb və o, həyata keçirilir: Azərbaycan 2027-ci ilə qədər Avropaya göndərilən qazın həcmini iki dəfə artırmalıdır.  2021-ci ildə Avropa məkanına qaz ixracımız 8 milyard kubmetrdən bir qədər çox olmuşdursa, bu il bu, təxminən 12 milyard kubmetrə çatacaq. Bu da Azərbaycanın ümumi qaz ixracının 50 faizi deməkdir. Azərbaycanın bütövlükdə enerji strategiyası uğurla icra edilir. Bizim tərəfimizdən irəli sürülmüş və icra edilmiş layihələr Avropanın və Asiyanın - Avrasiyanın enerji xəritəsini böyük dərəcədə yenidən tərtib etmişdir.

Ölkə başçısı əsas iqtisadi hədəflərə toxunaraq bildirib ki :” Əsas iqtisadi hədəflərimiz imiz bərpaolunan enerji növləri ilə bağlıdır. 10 qiqavat bərpaolunan enerji növlərinin yaradılması üzrə Azərbaycan tərəfindən investorlarla sazişlər və anlaşma memorandumları imzalanmışdır. Baxmayaraq, Azərbaycanın zəngin neft və qaz resursları var, biz gələcəyimizi təmiz yaşıl enerjinin istehsalında və ixracında görürük”.  Azərbaycanın  qarşısında yeni hədəflər və vəzifələr var. Bolqarıstan Prezidenti Rumen Radev  öz çıxışında  qeyd etdiyi kimi  “Biz bu gün yalnız təbii qaz şəbəkələrini birləşdirmirik. Çünki Bolqarıstan–Serbiya interkonnektoru yalnız infrastruktur layihəsi deyil. O, bizim ölkələrimizin artan texnoloji imkanlarının, həmçinin Serbiya-Bolqarıstan, Bolqarıstan-Serbiya-Azərbaycan arasındakı uğurlu və faydalı əməkdaşlığın rəmzidir”. Rəsmi Bakının ciddi və etibarlı tərəfdaşlığı ilə bu layihə Avropanın enerji xəritəsini dəyişdirir. Və Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı bütün qələbələr ölkəmizə dünyada inamı artırır, nüfuzunu  yüksəldir. 
 

Milli Məclisin Komitə sədri,professor Hicran Hüseynova