Azərbaycan bayrağı milli qürurumuz, kimliyimizdir 

Mənəvi dəyərlərə üstünlük verən Azərbaycan xalqı dövlətə və onun simvollarına çox bağlıdır. Üçrəngli bayrağımızı görəndə özümüzdən asılı olmayaraq qürrələnirik, fərəhlənirik. Hətta azyaşlı uşaqlar bayrağımıza “Azərbaycan” deyirlər. Bu bizim ailələrdə uşaqlara düzgün tərbiyyənin verilməsinin, vətənpərvərlik hisslərinin aşılanmasının göstəricisidir.

Ulu Öndər Heydər Əliyevin dediyi kimi, Azərbaycan Bayrağı, sadəcə, bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Bu, bizim müstəqil dövlətimizin rəmzidir. Ona görə də gərək hər bir Azərbaycan vətəndaşı, xüsusən gənc nəsil bunu dərk etsin, qiymətləndirsin. İndi hər bir evdə 8 guşəli, ay-ulduzlu bayrağa rast gəlmək mümkündür. Sevindirici haldır ki, toylarımızda da bayrağımız dalğalanır. Şəhidlərimiz son mənzilə milli bayrağımız altında yola salınır. Şəhidin məzarı üstündə onun atasına bayrağımız əmanət edilir. O bayraq yadigar və əmanət olaraq şəhidin ailəsi tərəfindən müqəddəs simvol kimi qorunur, saxlanılır. Ölkə Prezidenti seçilən şəxs xalqa sədaqət andı içir. Bu anda sədaqətini müqəddəs Quran kitabına əl basmaqla və üçrəngli bayrağımızın qarşısında diz çökərək onu öpməklə nümayiş etdirir. 

44 günlük Vətən Müharibəsində döyüşə atılan igid oğullarımızın hər birinin sinəsində Azərbaycan bayrağı vardı. Budur Azərbaycanda bayrağa verilən dəyər. Bütün bunlar gənclərdə bayrağa, vətənə olan sevgini, bağlılığı artırır.Təbii ki, bayrağımızı bizə sevdirənlər ilk olaraq Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları olub. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, hökumətin iclasında qəbul edilib və iclasın keçirildiyi Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının binası üzərində ucaldılıb və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olub. 70 il ərzində Azərbaycanın vətənpərvər övladları, mühacirətdə yaşayan soydaşlarımız bayrağımızı yaşadıblar, təbliğ ediblər.

Hələ Azərbaycan sevdalısı Məhəmməd Əmin Rəsulzadə 28 May 1953-cü il "Amerikanın Səsi" radiosundan Azərbaycan xalqına xitabən buyururdu. "Üç rəngli İstiqlal Bayrağını döşlərində gəzdirən buradakı vətən ayrısı bizlərdən, orada hər türlü qorxu və təhdid altında qəlbləri istiqlal eşqiylə çırpınan azadlıq ayrısı sizlərə candan salamlar göndərir, 28 Mayıs istiqlal qurbanlarının əziz ruhları huzurunda hörmətlə əyilir və hər iki tərəfi birləşdirən milli böyük həsrəti, şairin deyişiylə dilə gətirirəm Sən bizimsən, bizimsən durduqca bədəndə Can, Yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan!"

Ulu Öndər Heydər Əliyev bildirirdi ki, gərək hər bir evdə Azərbaycan Dövlətinin Bayrağı olsun, hər bir ailə Azərbaycan bayrağına itaət etsin. Bu bayraq tək rəsmi yerlərdə yox, idarələrdə, küçələrdə, saraylarda, məktəblərdə yox, gərək hər bir ailənin həyatının əziz bir hissəsi olsun. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinə əsasən bu bayram ölkədə qeyri-iş günü olan bayramların siyahısına daxil edilib. Bayrağımızın ideoloji təməli çox maraqlıdır. “Türkçülük, müasirlik və islamçılıq” təməlinin müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli Bəy Hüseynzadədir. Üç rəngli bayrağımız bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağı 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı olaraq təsdiq edilib. 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət Bayrağını bərpa etdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi kimi, bayrağımız eşidilən səsimiz, duyulan nəfəsimizdir. Bizim bayrağımız qürur mənbəyimizdir.

Bayraq Günü münasibətilə bütün Azərbaycan xalqını təbrik edirəm!

Mətanət Səfərli 

YAP Nəsimi Rayon Təşkilatının əməkdaşı