Bu il – “Heydər Əliyev İli” Azərbaycan tarixində, Azərbaycan xalqının yaddaşında möhtəşəm qələbələr, tarixi anlar, təkrarolunmaz hadisələrlə yaddaşlarda qalmaqdadır. Məhz 30 ildən artıq müddətdə həsrətində olduğumuz ərazi bütövlüyü və suverenliyimizin bərpa olunmasına yönəlik fəaliyyətimiz 2020-ci ildə başayan İkinci Qarabağ-Vətən Müharibəsindən sonra, 2023-cü ilin 15 oktyabr günü hər birimizə canı qədər doğma olan Azərbaycan Bayrağının Xankəndidə ucalması, Azərbaycan Gerbinin ölkəmizin konstitusion hüdudlarında günəş kimi parlaması ilə bitdi.
Bu – hər bir azərbaycanlının müasir tariximizdə qüdrətli dövlətin vətəndaşları olduğunun bariz göstəricisidir. Ali Baş Komandan, Böyük Sərkərdə İlham Əliyevin dediyi kimi, əldə etdiyimiz uğurları Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin müdrik siyasətinə və Azərbaycan övladları, qüdrətli Ordumuzun əsgərləri, qəhrəman igidlərimizə borcludur.
Prezident İlham Əliyevin Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağı qaldırdıqdan sonra doğma xalqımıza müraciəti, “Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi” sözləri 20 il bundan əvvəl Azərbaycan vətəndaşlarının nə dərəcədə müdrik qərar verdiyini bir daha ortaya qoydu.
Bu müraciət, eyni zamanda bundan sonra qan tökülməsinin qarşısının alınmasına, insanların yaşamaq hüququnun təmin olunmasına, eləcə də gündən-günə cənnətə çevrilən Qarabağımızda Azərbaycanın suverenliyinin təmin olunması – Azərbaycanın çətinliklə əldə etdiyi Zəfərinin məntiqi nəticəsi idi.
Sərsəng su anbarının ərazisində, Ağdərə, Xocalı, Xocavənd şəhərləri və nəhayət Xankəndidə Dövlət Bayrağımızın ucaldılması bu torpaqlarda bundan sonra Azərbaycan Respublikasının Konstitusiyasının, qanunlarının, Ali Baş Komandanın əmrlərinin, həmçinin Azərbaycanın ərazi vahidi olaraq bütün hüquq və normalarına uyğun idarəçiliyin təkmilləşməsinə şərait yaradacaq, habelə Cənubi Qafqazda beynəlxalq hüquq və prinsiplərə əsaslanan, ədalətli, uzunmüddətli son sülh müqaviləsinin imzalanmasına təkan verəcəkdir. Bu, doğrudan da, Azərbaycan xalqının, bütün azərbaycanlıların həyatlarında yaşadıqları ən sevincli, ən qürurlu andır.
Həmin anları bizə qürurla yaşadan bir digər məqam isə, əlbəttə ki, bu hadisələrin 15 oktyabr tarixində baş verməsidir. Məhz 15 oktyabr 2003-cü il tarixində keçirilmiş seçkilərdə Prezident seçilmiş İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin siyasi irsini ləyaqətlə davam etdirərək, onun yaratdığı möhkəm təməl əsasında dövlətimizi strateji hədəflərə doğru uğurla apardı. Nəticədə regionda aparıcı dövlətə, dünyada çəkisi və nüfuzu olan, söz sahibinə çevrilən Azərbaycanın müstəqil siyasəti, ərazi bütövlüyünün və suverenliyin bərpası təmin olundu.
Keçdiyimiz keşməkeşli yolda Prezident İlham Əliyev müstəqilliyimizin simvolu, Azərbaycanın dünyadakı səsi, bütün dünya azərbaycanlılarının hüquqlarının və təhlükəsizliyinin qarantına çevrildi . Cənab Prezident keçmiş ənənələr üzərində müasir ölkəmizin yeni reallıqlarını yaradaraq xalqın yüksək etimadını və sonsuz məhəbbətini qazandı, əxlaqi və liderlik keyfiyyətləri ilə Azərbaycan vətəndaşlarının qəlbində özünə əbədi yer etdi.
Beləliklə, Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanı qurdu, İlham Əliyev isə onu güclü bir dövlətə çevirdi, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Qürurlu və güclü xalqımız bu birliyi, əldə etdiyimiz Qələbələri, müstəqilliyimizi əbədi etmək üçün bundan sonra da yeni zirvələr qət etməli və yenilməz Azərbaycan Sərkərdəsinin uzaqgörən siyasətini, şanlı tariximizin yazılmasını davamlı etməklə, daha böyük Azərbaycan naminə mübarizliyini əzmlə davam etdirəcəkdir.
Məzahir Əfəndiyev
Azərbaycan Respublikası
Milli Məclisinin deputatı