Azərbaycan-Çin münasibətləri regional əməkdaşlığa töhfədir

Regionda, dünyada Azərbaycanla bağlı baş verənlər, böyük siyasi güclərin ölkəmizə münasibəti, Cənubi Qafqazın əsas söz sahibi olan Azərbaycanla əməkdaşlığa böyük önəm vermələri ölkəmizlə münasibətlərin qurulmasına maraqlı olduqlarını birmənalı şəkildə göstərmiş olur. Azərbaycan-Çin əlaqələri dövlətimizin xarici siyasətində xüsusi əhəmiyyət daşıyır. Cənubi Qafqazın lider ölkəsi kimi Azərbaycanla münasibətlərin inkişafına əhəmiyyət verən Çin ikitərəfli əlaqələrin yüksək səviyyədə saxlanılmasında maraqlıdır. Dünyanın bütün ölkələri ilə qarşılıqlı surətdə faydalı əməkdaşlıq yaratmaq prinsiplərini rəhbər tutan Azərbaycan Çinlə də bütün istiqamətlərdə sıx əlaqələrə malikdir. İki ölkə arasında ticarət, iqtisadi, diplomatik, siyasi, hərbi, humanitar və mədəni əməkdaşlıq inkişaf edir.

Bildiyimiz kimi, Azərbaycan Çinin Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşıdır. Azərbaycan Çinlə sənaye, kənd təsərrüfatı, ticarət, turizm, İKT, nəqliyyat-logistika, tikinti və digər sahələrdə davamlı əməkdaşlıq edir. Azərbaycanın "Bir kəmər, bir yol" strategiyası üçün vacib ölkə olduğunu Çin rəsmiləri hər zaman vurğulayırlar.

Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə formalaşdırılmış xarici siyasəti uğurla davam etdirən ölkə başçısı İlham Əliyevin apardığı strategiyanın prioritet istiqamətlərindən biri kimi Çin Xalq Respublikası ilə münasibətlərin inkişafına xüsusi diqqətin ayrılması siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə əməkdaşlıq əlaqələrinin yeni mərhələyə daxil olmasını təmin etmişdir. Azərbaycanın xarici ölkələrdə təsis etdiyi ilk diplomatik nümayəndəliklərindən birinin məhz Çin Xalq Respublikasında açılması bu dövlətə verilən diqqətin bariz nümunəsidir.

Qeyd edək ki, Azərbaycan Respublikasının “Bir kəmər, bir yol” strategiyası üçün vacib ölkə olduğunu Çin rəsmiləri hər zaman qeyd edir. Ölkəmizin Çində ticarət nümayəndəliyi fəaliyyət göstərir. Bununla yanaşı, Urumçi, Luco və Şanxayda Azərbaycanın Ticarət evləri açılıb. Azərbaycan Çinin müxtəlif bölgələrinə ticarət missiyaları təşkil edir. Çin şirkətləri Azərbaycanda sənaye layihələrinin reallaşdırılmasında iştirak edirlər.

Əlbəttə, Çin –Azərbaycan münasibətlərinin tarixi uğurlarına, əməkdaşlığın yeni imkanlarına diqqət çəkmək yerinə düşərdi. Dövlət başçısının da müsahibələrində qeyd etdiyi kimi Çinlə əməkdaşlıq sahələrinə yaşıl enerji də əlavə edilir. Azərbaycanın yaşılı enerji ilə bağlı böyük potensialı mövcuddur. Eyni zamanda, ölkəmizin enerji siyasətində yaxın onilliklər üçün müəyyən etdiyi yeni istiqamət yaşıl enerji siyasətidir. Çin ilə bu sahədə əməkdaşlığın qurulması həmin ölkənin texnoloji nailiyyətləri ilə bağlıdır. İki ölkənin yaşıl enerjinin istehsal edilməsi istiqamətində səyləri birləşdirməsi qarşılıqlı maraqlara əsaslanır. Xarici ekspertlər də yaxşı anlayırlar ki, bərpaolunan enerjinin təkcə bizim ölkə üçün yox, həm də bütün region üçün çox böyük potensialı var və xarici bazarlar da çox əlverişlidir.

“Orta Dəhliz” layihəsinin Azərbaycan – Çin münasibətlərində vacib prioritetlərdən biridir. Şərqlə - Qərbi birləşdirən həmin layihənin müharibə şəraitində, Qərbin Rusiya ilə vəziyyətinin kirtik olduğu bir dönəmdə önəmini xüsusi qeyd etmək lazımdır. Gələcəkdə həmin layihədə Zəngəzur dəhlizinin də yer alması “Orta Dəhliz”in iqtisadi səmərəliyini daha da artıracaq. Bir sözlə, “Orta Dəhliz” layihəsi Azərbaycan üçün siyasi və iqtisadi maraq kəsb edir. Azərbaycanın həmin layihədə rolu region ölkələrin iqtisadi maraqlarını qarşılayır. Ümumilikdə Azərbaycan - Çin münasibətləri regional və beynəlxalq əməkdaşlığa da töhfə verir.

İkitərəfli əlaqələrdə əldə etdiyimiz nailiyyətlər çox uzun bir yolun başlanğıcıdır. Bu gün regionun siyasi, habelə nəqliyyat marşrutları xəritəsinə nəzər saldıqda görürük ki, ölkələrimiz bir-biri ilə nə dərəcədə eyni mövqedən çıxış edir. Beynəlxalq gündəliyə aid təməl məsələləri götürsək görərik ki, bizim mövqelərimiz suverenlik, müstəqillik, ərazi bütövlüyü, digərlərinin daxili işlərinə qarışmamaq məsələlərində üst-üstə düşür.

 

Əminə Ağzadə,

Millət vəkili