Prezident İlham Əliyevin “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısında iştirakı Azərbaycanın Aİ və ümumilikdə Avropa dövlətləri ilə münasibətlərində yeni bir mərhələnin başlandığını göstərir.
Bunu Milli Məclisin deputatı Azər Kərimli deyib. Onun sözlərinə görə, bugünkü reallıqda Azərbaycan yalnız regional aktor deyil, həm də qlobal miqyasda enerji, nəqliyyat, təhlükəsizlik və diplomatik məsələlərdə etibarlı tərəfdaş kimi çıxış edir:
“Estoniyanın Baş naziri Kaya Kallasın Azərbaycana səfəri, Aİ Şurası Prezidenti Antonio Koştanın Prezident İlham Əliyevlə telefon danışığı və nəhayət, Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenin Koşta ilə birgə Prezident Əliyevlə görüşdə iştirakı bu əhəmiyyətin bariz nümunələridir. Hazırkı mərhələdə Azərbaycan-Aİ siyasi münasibətləri stabil və qarşılıqlı etimad mühitində inkişaf edir. Zirvə toplantısı çərçivəsində Prezident İlham Əliyevin Avropa ölkələrinin liderləri ilə keçirdiyi ikitərəfli görüşlər Azərbaycanın beynəlxalq platformalarda artan nüfuzunu və əməkdaşlıq üçün cəlbedici tərəfdaş kimi qəbul edildiyini bir daha nümayiş etdirdi”.
Deputat əlavə edib ki, Azərbaycan bu gün çoxşaxəli xarici siyasət modeli ilə seçilir:“Bir tərəfdən Çinlə hərtərəfli strateji tərəfdaşlıq quraraq “Bir kəmər, bir yol” təşəbbüsündə fəal iştirak edir, Mərkəzi Asiya və Yaxın Şərq ölkələri ilə əlaqələrini möhkəmləndirir, digər tərəfdən isə Aİ ilə münasibətlərini balanslı, qarşılıqlı maraqlara əsaslanan formada inkişaf etdirir. Bu, Azərbaycanın “orta güc” (middle power) statusunu daha da gücləndirir və onu regional stabilliyin əsas sütunlarından birinə çevirir. Nəticə etibarilə, Azərbaycan Aİ ilə əlaqələrində yalnız diplomatik baxımdan deyil, həm də strateji və iqtisadi nöqteyi-nəzərdən yeni bir mərhələyə qədəm qoyur”.