“Azərbaycan Dəmir Yolları” ötən il 9 milyona yaxın sərnişin daşıyıb

2024-cü ildə “Azərbaycan Dəmir Yolları” QSC (ADY) 8,5 milyon sərnişin daşıyıb.

Sabahinfo.az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Xatırladaq ki, 2023-cü ildə bu göstərici 7 milyondan çox olub.

Ötən il xidmət həcminin artmasının əsas səbəbləri yeni alınmış qatarların xəttə buraxılması, yeni dayanacaqların istifadəyə verilməsi, bayram günlərində və həftəsonları əlavə reyslərin artırılması və ümumilikdə müştəri məmnuniyyətinin yüksəlməsi ilə əlaqədar olub. Bununla yanaşı, müştərilərə xidmətlərin təqdim edilməsi və müştərilərlə əlaqələrin qurulması sahələrində sürətli rəqəmsallaşma, eləcə də qatarların daxilində, stansiya və dayanacaqlarda modernləşdirmə və təkmilləşdirmə işləri də müştəri məmnuniyyətinin yüksəlməsinə xidmət edib.

İl ərzində İsveçrənin “Stadler Rail Group” şirkətinin istehsalı olan yeni, müasir, komfortlu qatarlar sərnişinlərin mənzil başına daha rahat və təhlükəsiz çatdırılması məqsədilə Bakı–Ağstafa–Bakı marşrutu üzrə istifadəyə verilib. Sərnişindaşımanın daha da genişləndirilməsi, sərnişin məmnunluğunun təmin edilməsi məqsədilə sürətli sərnişin qatarlarına ilk dəfə olaraq Ləki və Ucar stansiyalarında dayanacaq verilib. Bundan başqa, ADY-nin sərnişindaşıma strategiyasına uyğun olaraq, Bakı–Ağstafa–Bakı marşrutu üzrə reyslərin sayı yeni qatarların istismara verilməsi ilə 2-dən 4-ə çatdırılıb.

Azərbaycanın bütün regionlarını əlçatan etməyi hədəfləyən ADY ötən il Bakı–Balakən–Bakı istiqamətində sərnişindaşımanın bərpası üçün bütün hazırlıqlarını tamamlayıb, Yevlax–Balakən sahəsində dəmiryol infrastrukturunda təmir işləri görülüb. Bu il 3 yanvar tarixindən Bakı–Balakən–Bakı istiqamətində müntəzəm qatar reyslərinə start verilib. Hər iki istiqamətdə hərəkət edən qatarlar bölgənin əhalisi üçün nəqliyyat xidmətlərinin daha əlçatan olmasına, istər şimal-qərb istiqamətində yaşayan sakinlərə, istərsə də turistlərə səfərlərini rahat və təhlükəsiz planlaşdırmağa imkan verir.

Müştəri məmnuniyyətinin təmin edilməsi üçün sərnişindaşımada rəqəmsal həllərdən də geniş istifadə edilib. Əsas yeniliklərdən biri rayonlararası (şəhərlərarası) marşrutlar üzrə hərəkət edən sərnişin qatarlarına minik zamanı həm də elektron şəxsiyyət vəsiqəsinin göstərilməsinə imkan yaradılması olub. Belə ki, hər bir vətəndaşın “My.gov.az” portalından qeydiyyatdan keçməklə şəxsiyyətini təsdiq edən məlumatları QR kod şəklində əldə edərək səfər öncəsi qeydiyyatdan keçmək üçün vaqon bələdçisinin validatorunda (məlumatları yoxlama cihazı) oxutmağa təqdim etməsi kifayətdir.

Bundan əlavə, ötən ilin sentyabr ayında Bakı, Sabunçu, Sumqayıt, Gəncə, Qəbələ vağzallarında, Koroğlu, Bakıxanov, Pirşağı, Goran, Ağstafa stansiya və dayanacaqlarında pulsuz “Wi-Fi” xidməti istifadəyə verilib. Sərnişin rahatlığının tam təmin edilməsi məqsədilə rayonlararası marşrutlar – Bakı–Ağstafa–Bakı, Bakı–Qəbələ–Bakı və Bakı–Balakən–Bakı marşrutları ilə hərəkət edən qatarlarda da pulsuz “W-Fi” xidməti aktiv edilib, yazışmalar və onlayn axtarış üçün rahat internet bağlantısı təqdim olunub.

2023-cü ildə istifadəyə verilmiş “ADY Mobile” mobil tətbiqindən istifadə edənlərin sayı artıb, ötən il yüklənmə sayı 172 mini ötüb. 2024-cü ilin sentyabr ayından tətbiqinə başlanılan loyallıq proqramı şəhərətrafı qatarlarla səfər edən sərnişinlərə “ADY Mobile” tətbiqi vasitəsilə daha sərfəli və rahat səyahət imkanları yaradıb. Belə ki, gedişlər üzrə 3 % “cashback”, eləcə də qeydiyyat, dostun dəvət edilməsi, sorğularda iştirak və qiymətləndirmələr zamanı bonus qazanılması kimi bir sıra funksiyalar mobil tətbiqdən istifadəni populyarlaşdırıb. Həmçinin 2024-cü il 1 noyabr tarixindən rayonlararası (şəhərlərarası) marşrutlar üzrə dinamik qiymət siyasətinə keçilib. Artıq səfərə 30-25 gün qalmış və əks istiqamətdə oturacağa bilet almış sərnişinlər 15 % endirimdən yararlana bilirlər.

Müştəri məmnuniyyətinin ölçülməsi məqsədilə Abşeron dairəvi üzrə stansiyalarda QR kod sorğu stikerləri yerləşdirilib.

Bilet kassalarında yeni nəsil pos-terminalların bilet satış sisteminə inteqrasiya prosesi testi aparılıb. Azərbaycan Dəmiryol Muzeyində bilet satış sisteminin və özünəxidmət köşkünün avtomatlaşdırılması işi yekunlaşaraq Abşeron dairəvi bilet satışı sisteminə inteqrasiya edilib.