İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən təbii inhisar subyektlərinin fəaliyyətinə dövlət nəzarəti davam etdirilir.
Bu barədə Sabahinfo.az-a Dövlət Xidmətindən bildirilib.
Qeyd olunub ki, Xidmətə “Azərbaycan Dəmir Yolları” QSC-nin infrastrukturu vasitəsilə fəaliyyətini həyata keçirən bir neçə ekspeditor (özəl nəqliyyat) şirkətlərindən müraciətlər daxil olub. Müraciətlərdə “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən həmin şirkətlərə qarşı haqsız rəqabətə və ayrı-seçkiliyə yol verildiyi, eləcə də bazar subyektləri ilə əməkdaşlıqdan əsassız olaraq imtina edildiyi bildirilib.
Daxil olan məlumatlar əsasında Dövlət Xidməti tərəfindən bu istiqamətdə antiinhisar qanunvericiliyinin tələblərinə əməl olunması vəziyyəti üzrə araşdırma aparılıb.
Araşdırma nəticəsində “Azərbaycan Dəmir Yolları” QSC barəsində bazarda rəqabətin məhdudlaşdırılması, rəqibin işgüzar münasibətlərinin qanunsuz vasitələrlə qəsdən pozulması və dayandırılması, kontragentə sərfəli olmayan və ya müqavilələrin məzmununa aid olmayan müqavilə şərtlərinin ona məcburi qəbul etdirilməsi və təsərrüfat qərarlarının icrasına qanunsuz vasitələrlə təsir göstərilməsi əlamətləri üzrə antiinhisar qanunvericiliyinə əsasən iş qaldırılıb.