Azərbaycan dinamik inkişaf yolunda irəliləyir

Prezident İlham Əliyevin 2024-cü ilin yekun çıxışından irəli gələn strateji hədəf və vəzifələr hər birimiz üçün aktualdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2024-cü ilin son günü xalqına Yeni İl və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik-müraciətində ölkənin inkişaf strategiyasını, prioritet istiqamətləri və qarşıda duran vəzifələri bəyan etdi. Bu çıxış həm 2024-cü ilin nailiyyətlərini əks etdirdi, həm də 2025-ci il üçün plan və çağırışları diqqətə çatdırdı.
İşğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması yenə də prioritet olaraq qalır.
Prezident çıxışında Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa işlərinin aparıldığını vurğuladı. 2024-cü ildə minatəmizləmə, infrastrukturun yenidən qurulması və keçmiş məcburi köçkünlərin yurdlarına qayıdışı əsas hədəflərdən oldu. Qarşıda duran vəzifələr arasında bu prosesin sürətlənməsi, kənd təsərrüfatı və sənaye müəssisələrinin yaradılması mühüm yer tutur.
Ölkənin inkişafı üçün iqtisadi inkişaf və qeyri-neft sektorunun gücləndirilməsi əsas hədəflərimizdəndir.
Prezidentin qeyd etdiyi kimi, iqtisadiyyatın diversifikasiyası Azərbaycan üçün prioritet olaraq qalır. 2025-ci ildə diqqət əsasən kənd təsərrüfatı və sənaye sahələrinin inkişafına, rəqəmsal transformasiyanın sürətləndirilməsinə, xarici sərmayələrin cəlb edilməsinə yönələcək.
İşsizliyin azaldılması və yeni iş yerlərinin yaradılması da bu strategiyanın ayrılmaz hissəsidir.
Sosial rifahın artırılması da 2025-ci ilin hədəflərindəndir.
Prezident İlham Əliyev çıxışında hər zaman olduğu kimi sosial sahədə islahatların davam etdiriləcəyini elan etdi. Əsas diqqət əhalinin rifah səviyyəsinin artırılmasına, təhsil və səhiyyə xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə, sosial ədalətin təmin edilməsinə yönələcək.
2025-ci il ərzində sosial müavinətlərin artırılması və əhalinin aztəminatlı təbəqələrinə dəstək də prioritet hədəflərdəndir.
Daxili siyasətlə paralel olaraq Azərbaycanın beynəlxalq mövqeyinin gücləndirilməsi də ölkə rəhbərinin diqqət mərkəzində olan məsələlərdəndir.

Xarici siyasət müstəqilliyin qorunması və balanslı münasibətlərin saxlanılmasına yönələcək. Prezident vurğuladı ki, 2024-cü ildə Azərbaycanın beynəlxalq mövqeyi daha da möhkəmləndi və regional liderlik daha da təsdiqləndi. Bu istiqamətdə iqtisadi əməkdaşlıq platformalarının genişləndirilməsi, ətraf ölkələrlə inteqrasiyanın artırılması mühüm əhəmiyyət kəsb edir.
Ölkəmiz beynəlxalq konfrans olan COP29-a uğurla evsahibliyi etdi. O tarixi günlər ötən ildə qalsa da, qarşıdakı ildə ekoloji məsələlər və alternativ enerji məsələləri hədəf olaraq qalır.
Prezident ekologiya və iqlim dəyişikliyi ilə bağlı tədbirlərin vacibliyini xüsusi qeyd etdi. 2025-ci ildə alternativ enerji mənbələrinin inkişafı və ətraf mühitin mühafizəsi dövlətin prioritetlərindən olacaq.
Prezident İlham Əliyevin çıxışı bir daha göstərdi ki, Azərbaycan dinamik inkişaf yolunda irəliləyir. Qarabağın bərpası, iqtisadiyyatın diversifikasiyası, sosial rifahın artırılması və beynəlxalq siyasətdə uğurlu addımlar 2025-ci ildə də dövlətin əsas istiqamətlərini müəyyən edir. Bu strateji planlar Azərbaycanın daha güclü və dayanıqlı bir ölkə kimi mövqeyini möhkəmləndirəcək.

Məşhur Məmmədov,
Millət vəkili