Azərbaycan dövlətçiliyi tarixin cığırdaşıdır!

Azadlıq mübarizəsi xalqın tarixini müstəqil yaşama, yaşatma istəyidir. Bu mübarizə ideologiyanı, ideologiya tarixə münasibəti müəyyənləşdirir. Milli-azadlıq mübarizəsi strateji mübarizədir. Tarixi şəxsiyyətlər bu mübarizədə xalqı nəticə üçün – müstəqillik üçün səfərbər edə bilir və xalq ideologiyanı tarixə köçürə bilir.

Azərbaycanın dövlətçilik tarixi qədimdir. Bu tarix min illərin o üzü ilə səsləşir. Zamanında kimliyini çevik siyasəti ilə, döyüş əzmi ilə, torpaq, bu anlamda Vətən sevgisi ilə tanıdan xalq dövlətçiliyini ta¬rixin sınaqlarından qoruyurdu. Qoruya-qoruya yaşadırdı. Tarixin xəyanətinə – tarixi xəyanətə kimi belə oldu; Gülüstan müqaviləsi tarixin tarixi xəyanəti oldu. Arazın o üzü kimi bu üzü də ilhaq edildi, Azərbaycan müstəqilliyini itirdi. İmperiya elə bildi ki, Azərbaycanın müstəqilliyinə son qoymağı bacrdı. Bu müqavilə Azərbaycanın müstəqilliyinin sonu olmayacaqdı, xalqın azadlıq, müstəqillik mübarizəsi bu müqaviləni tarixdən arxivə keçirəcəkdi.

Gülüstan müqaviləsi ilə müstəqilliyini itirmiş Azərbaycanda milli-azadlıq hərəkatı –  tarixi mübarizə, tarixlə mübarizə XX əsrin əvvəllərində xeyli gücləndi. Milli azadlıq mübarizəsi xalqın yaşam fəlsəfəsinin  yolgöstərəni oldu...

Azərbycan Xalq Cümhuriyyəti Milli Şurasının hazırladığı İstiqlal Bəyannaməsi 1918-ci il mayın 28-də Tiflisdə imzalandı. Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyi rəsmən elan edildi. Bu tarix Azərbaycanın müstəqillik tarixi oldu. Bu tarix Azərbaycanın ilhaqdan qurtuluş tarixi oldu...

1918-ci il mayın 28-də Milli Şura Azərbaycan Xalq Cümhuriyyətinin birinci kabinəsini təşkil etməyi bitərəf Fətəli xan Xoyskiyə tapşırdı. Milli Şuranın iclasında Fətəli xan Xoyskinin başçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin ilk hökuməti təsdiq edildi.

Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin ilk təsis iclası 1918-ci il dekabrın 7-də Bakıda Tağıyevin qız məktəbində oldu.

Azərbaycan Milli Şurasının 1918-ci il noyabrın 19-da Məmməd Əmin Rəsulzadənin sədrliyi ilə keçirilən iclasında Parlamentin açılışında Azərbaycan Milli Şurasının sədri Məmməd Əmin Rəsulzadə geniş təbrik nitqi söylədi. İclasda parlament haqqında gərəkli, dünyəvi mahiyyətli qanun qəbul olundu. Bu qanun, indiki terminologiya ilə desək, tolerantlığa əsaslanan qanun idi. Belə ki. parlamentdə dövlətin dövlət sərhədləri daxilində yaşayan bütün millətlərin təmsil olunmaları təmin edilirdi.  
Azərbaycan Parlamentini 120 nəfərdən ibarət formalaşdırmaq qərara alınmışdı...

Musavat fraksiyasının təklifi ilə Əlimərdan bəy Topçubaşov parlamentin sədri, doktor Həsən bəy Ağayev sədrin müavini seçildi. Əlimərdan bəy Topçubaşov Paris Sülh Konfransına getdiyi üçün Parlamentin fəaliyyətinə Həsənbəy Ağayev rəhbərlik etmişdi. Parlamentin ilk iclasında Fətəli xan Xoyski hökumətinin istefası qəbul edilmişdi və yeni hökumətin təşkil olunması qərara alınmışdı. Yeni hökumətin təşkili yenidən Fətəli xan Xoyskiyə tapşırılmışdı. 1918-ci il dekabrın 26-da Fətəli xan Xoyski Parlamentdə öz proqramı ilə çıxış etmiş, yeni hökumətin tərkibini təqdim etmişdi. Bu tərkib qəbul olunmuşdu...

Azərbaycan palamentinin qanunvericilik və mərkəzi dövlət orqanlarını formalaşdırmaq, onların səlahiyyətlərini (vəzifələrini) müəyyən etmək vəzifələrindən başqa, bu və ya digər orqanın hesabatlarını dinləmək, hesabatlara münasibət kimi müəyyən müvafiq qərar qəbul etmək, eləcə də ali dövlət nəzarətini həyata keçirmək funksiyaları var idi.

Azərbaycan Xalq Cümhuriyyəti Bakıya köçdükdən sonra Fətəli xan Xoyskinin təşkil etdiyi ikinci hökumətdə dəyişikliklər edildi. Müstəqil dövlətin mühüm atributlarından olan dövlət dili məsələsinə Azərbaycan Xalq Cümhuriyyəti hökuməti həssaslıqla yanaşdı. 1918-ci il 27 iyun tarixli qərarı ilə həmin vaxtlarda türk dili adlanan Azərbaycan dilini dövlət dili elan etdi. Bu qərar xalqın cümhuriyyətinin xalqın dilinin doğmalığını təmin edən qərar idi və Gülüstan müqaviləsi ilə Azərbaycanın ikiyə bölünməsindən sonra Azərbaycan dilinin dövlət dili kimi işlədilməsinə aid ilk sənəddir. Bu qərar həm də hökumətin qəbul etdiyi ilk qərarlardandır.

Parlamentin rəsmi dili Azərbaycan türkcəsi elan olunmuşdu, ancaq digər millətlərin nümayəndələrinin rus dilində çıxış etmələrinə icazə verilmişdi. Bütün rəsmi sənədlər dövlət dilində hazırlanırdı; Azərbaycan Xalq Cümhuriyyəti əsl xalq dövləti, xalqın hökuməti idi...

Dekabrın 26-da Fətəli xan Xoyskinin parlamentdə hökumət kabinəsinin proqramı və tərkibi haqqında çıxış etdi. Bu çıxış tarixi çııxış idi - yeni hökumət formalaşacaqdı, müəyyən mənada, əvvəlki hökumətlərdən mütərəqqi hökumət olacaqdı. Parlament çıxışı təqdir etdi – Fətəli xan Xoyski hökumətinin tərkibi  təsdiqləndi. Fətəli xan Xoyski həm baş nazir, həm də Xarici İşlər naziri vəzifəsini tuturdu.

Azərbaycan Xalq Cümhuriyyəti Birinci Dünya müharibəsinin başa çatması şəraitində, kəskin və gər¬gin siyasi çalxantılar, diplomatik mübarizələr şəraitində yaranmışdı. Yaranmışdı və dünyəvi dövlət kimi fəaliyyət göstərirdi. Obrazlı şəkildə desək, Azərbaycan Xalq Cümhuriyyəti Qafqazda siyasi mahiyyətli Günəş idi...

Azərbaycan ideyası – Azərbaycan Xalq Cümhuriyyəti dünyaya bəyan edilmişdi, 1920-ci ildə bu ideya Versal Ali Şurası tərəfindən beynəlxalq miqyasda təsdiqləndi. Bu, Azərbaycanın dövlətçilik uğuru idi, Azərbaycan dövlətçiliyinin tarixə siyasi inteqrasiyası idi. Belə bir şəraitdə Azərbaycanın müstəqilliyinin Versal Ali Şurası tərəfindən de-fakto tanınması 1919-cu ilin payızından sonra Azərbay¬can diplo¬mati¬yasının mühüm uğuru, onun Paris Sülh Konfransındakı say etibarilə kiçik olan heyətinin böyük qə¬ləbəsi idi. Lakin Birinci Dünya müharibəsindən sonra formalşan yeni geosiyasi proseslər Azərbaycanın bu tarixi nailiyyətdən kifayət qədər faydalanmasına imkan vermədi. Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ilin aprelində ölkə daxilində gedən siyasi proseslərin, ziddiyyətlərin nəticəsi kimi deyil, dünya siyasətində baş verən mürəkkəb diplomatik çəkişmələrin nəticəsi kimi süqut etdi. Bu, həmin diplomatik çəkişmələrin yaratdığı ilhaq idi; rus imperiyası Azərbaycanı ilhaq etdi. ...

1920-ci il aprelin 26-dan 27-nə keçən gecə Rus imperiyasının Qırmızı ordu hissələri müstə¬qil Azərbaycan dövlətinin sərhədlərini keçdi. Bu, imperiyanın Azərbaycana qarşı elan etmədən başladığı müharibə idi. Bu, Bakıya hücum idi. Bakı dənizdən də mühasirəyə alınmışdı. Aprelin 27-də səhər tezdən kommunistlərin silahlı dəstələri həm şəhər daxilində, həm də onun kənarlarında mühüm obyektləri ələ keçirmişdilər.

Azərbaycan Xalq Cümhuriyyətinin devrildiyi həmin şəraitdə işğalçıların iradəsi ilə, diqtəsi ilə kommunistlərin numayəndə heyəti Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi, Rusiya Kommunist (bolşeviklər) Partiyası Qafqaz Diyar Komitəsinin Bakı bürosu və Mərkəzi Fəhlə Konfransı adından Azərbaycan Parlamentinə hakimiyyəti təhvil vermək barədə ultimatum verdi.

Ultimatum barədə Məmmədhəsən Hacınski parlamentə məlumat verərək bildirmişdi ki, hakimiy¬yət bu gün axşam kommunistlərə təhvil verilməlidir, AK(b)P-nin Mərkəzi Komitəsi bildirir ki, belə olmaz¬sa, hakimiyyətin Qırmıızı Orduya təhvil verilməsi üçün əlindən gələni edəcəkdir. Kommunistlər həm də xəbərdarlıq edirlər ki, əgər bu gecə hakimiyyəti onlara təhvil verilməsə parlamentdə təmsil olunan siyasi partiyalar, o cümlədən Musavat Partiyası qadağan olunacaqdır. 

Çıxışının sonunda Məmmədhəsən Hacınski parlamentin üzvlərini düzgün qərar qəbul etməyə çağırmışdı. Bu çağırışda bir təslimçilik çalarları vardı. Bu çağırış 23 ay əvvəlin qürurunu dizə çökdürmək niyyəti idi. Səməd ağa Ağamalıoğlu, Qara bəy Qarabəyov, Aslan bəy Səfikürdski, Məmməd Əmin Rəsulzadə və Sultanməcid Qənizadə

Məmmədhəsən Hacınskinin hakimiyyətin kommunistlərə qeyd-şərtsiz təslim edilməsi təklifinə qarşı çıxdılar. Həm də qan tökülməsinin qarşısını almaq üçün hakimiyyətin yalnız müəyyən şərtlərlə, hər şeydən əvvəl, vətənin müstəqilliyinin saxlanılması şərti ilə kommunistlərə verilməsinə tərəfdar olduqlarını bildirdilər. Nəticədə, parlament səs çoxluğu ilə Sovet hökuməti tərəfindən idarə olunan Azərbaycanın tam istiqlaliyyətinin mühafizə edilməsi, Azərbaycan Kommunist Firqəsinin yaratdığı hökumətin müvəqqəti orqan olması, Azərbaycanın son idarə formasını hər hansı bir xarici təzyiqdən asılı olmayan fəhlə, kəndli və əsgər deputatları sovetləri şəxsində Azər¬baycanın ali qanunverici orqanı müəyyənləşdirməsi və s. əhatələyən şərtlərlə hakimiyyətin kommunist¬lərə verilməsi barədə qərar qəbul etdi...

Göründüyü kimi, Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti mühasirə şəraitində keçirdiyi hə¬min iclasında da özünün demokratik ənənələrinə və istiqlalçılıq ideyalarına sadiq qalmışdı...

1920-ci il 28 aprel ilhaqı ilhaqı zamanında Doğudan Batıya hökmü keçən Azərbaycanda müstəqillik, azadlıq hərəkatını ilhaq edə bilmədi, ilhaq edə bilməzdi. Azərbaycanda müstəqillik, azadlıq hərəkatı rus imperiyasının bütün qadağalarına, siyasi represiyalar qorxusuna, Sibir, Lefertovo xofuna məhəl qoy¬ma¬dı, Xəlil Rza Ulutürkün təbirincə desək, azadlığı zərrə-zərrə, qram-qram istəmədi, özünün olmalı, özünün olası müstəqilliyi tarixdən almaq istədi: Mənim olacaqsan, mənim tarixim!..
Rusiya imperiyasının ilhaq zənciri Azərbaycanda qırıldı. Azərbaycanda müstəqillik haqqında Konstitusiya Aktı qəbul olundu, Azərbaycanın dövlət müstəqilliyi bərpa edildi. Azərbaycan Xalq Cüm¬hu¬riy-yətinin dövlət bayrağı, gerbi, himni müstəqil Azərbaycanın dövlət bayrağı, gerbi, himni oldu...

Bu gün Azərbaycan Respublikası dünyanın inkişaf etmiş dövlətləri sırasındadır. Azərbaycan Res¬publikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərimizdə quru¬culuq işləri də uğurla başa çatacaq, dünya Azərbaycanın qüdrətinə, dünyəviliyinə, tolerantlığına bir daha əmin olacaqdır...


 
Səbinə XASAYEVA,
Milli Məclisin deputatı