“Azərbaycan ərazilərinin işğalı beynəlxalq hüququn ciddi şəkildə pozulması idi”

Azərbaycan ərazilərinin otuz ilə yaxın müddət ərzində işğalı beynəlxalq hüquq, o cümlədən beynəlxalq humanitar hüquq və insan hüquqlarının ciddi şəkildə pozulması idi.

Bu sözləri  Böyük Britaniyanın Birminhem şəhərində keçirilən Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (ATƏT PA) 29-cu illik sessiyasında çıxışı zamanı millət vəkili Əminə Ağazadə söyləyib. Millət vəkili deyib: “Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində qondarma qurum yaratmışdı. Bu qurumun tanınması bütün beynəlxalq ictimaiyyət tərəfindən rədd edilib. Bu qurumun yaradılması Azərbaycana qarşı təcavüzün, etnik təmizləmənin, irqi ayrı-seçkiliyin məhsulu və beynəlxalq hüququn, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin kobud şəkildə pozulması idi”.

Deputat, həmçinin bildirib ki, hazırda Ermənistan Azərbaycana qarşı əsassız ərazi iddialarından ibarət təxribat xarakterli ritorikasını davam etdirir. O, hələ də Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin bir hissəsi üçün “status” ideyasını təbliğ edir.