Azərbaycan gəncləri hərtərəfli qayğı ilə əhatə olunublar

1998-ci ildə hər il avqustun 12-sinin Beynəlxalq Gənclər Günü kimi qeyd olunması qərara alınıb. Həmin vaxtdan etibarən hər ilin bu günü gənclərə lazımi diqqət göstərmək, onların nailiyyətlərini təbliğ etmək, cəmiyyətin bütün sahələrində gənclərin iştirakına təkan vermək məqsədilə dünyada geniş qeyd olunur.

Azərbaycan bu sahədə də bir çox ölkələri, o cümlədən beynəlxalq ictimaiyyəti qabaqlayıb. Belə ki, 1997-ci ildə ümummilli lider Heydər Əliyevin Fərmanı ilə Azərbaycanda Gənclər Günü təsis edilib və bundan xeyli sonra gənclərin işləri üzrə nazirlərin ümumdünya konfransının tövsiyəsi əsasında BMT Baş Məclisinin 1999-cu il 17 dekabr tarixli qətnaməsi ilə 12 avqust - Beynəlxalq Gənclər Günü elan edilib.

Ulu Öndərin gəncliyə və gənclərə etimadı bu gün artıq öz təsdiqini tapıb. Əsası ulu öndər tərəfindən qoyulan gənclər siyasəti ölkəmizdə mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident İlham Əliyev Ulu Öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait bu sahəyə böyük diqqətin nəticəsidir.

Prezidentin 2011-ci il 7 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı, 2011-ci il 19 dekabr tarixli Fərmanı ilə Azərbaycan Respublikası Gənclər Gənclər Fondunun yaradılması əsası Ulu Öndər tərəfindən qoyulmuş gənclər siyasətinin elmi-nəzəri əsaslara bağlılığının, əməli nəticəliliyinin, davamlılığının əyani bir sübutudur.

Dövlətimizin başçısı gənclərin intellektual, fiziki və mənəvi inkişafını, ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında fəal iştirakını təmin etmək məqsədilə 2015-ci il yanvarın 26-da “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. İnkişaf Strategiyasında yeni nəslin elmi bacarıqlarının inkişaf etdirilməsi, innovativ fəaliyyətinə dəstək göstərilməsi, qanunvericiliyin təkmilləşdirilməsində, vətəndaş cəmiyyətinin inkişafında daha yaxından iştirakı, institusional bacarıqlarının artırılması və s. ilə bağlı konkret hədəflər var.

Azərbaycanın gənclər siyasətində idmanın inkişaf etdirilməsi və onun kütləviliyinin artırılmasına da xüsusi diqqət yetirilir. Prezident İlham Əliyevin mətin iradəsi və böyük səyləri nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilib.

Ölkə gənclərinin hərtərəfli inkişafına ən yüksək səviyyədə diqqət və qayğı göstərən Prezident İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamı ilə “Yüksəliş” müsabiqəsi təsis edilib. Bu müsabiqənin əsas məqsədi intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsi, dəstəklənməsi və ölkədə kadr ehtiyatı bankının yaradılmasıdır.

Gənclərimizin potensialının, fəallığının, məsələlərə yeni baxışlarının cəmiyyət üçün çox lazımlı olduğunu diqqətə alan Prezident İlham Əliyev 2019-cu il dekabrın 30-da Azərbaycan Respublikasında 2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında Sərəncam imzalayıb.

Bu gün ölkəmizdə gənclərin təşkilatlanması üçün zəruri iqtisadi, hüquqi və təşkilati imkanlar yaradılıb. Hazırda paytaxt və bölgələrdə yüzlərlə gənclər təşkilatı fəaliyyət göstərir. Gənclərin layihə və təşəbbüslərinə son illərdə dövlət büdcəsindən maliyyələşən fondlar və digər təsisatlar vasitəsilə dəstək verilir. Gənclər arasında könüllülük ənənələri inkişaf edir. Müxtəlif könüllülük proqramları vasitəsilə onların liderlik bacarıqları artırılır. Çoxşaxəli fəaliyyət istiqamətləri üzrə təcrübə toplaması, müəyyən mənada məşğulluğu, işgüzar çevrə yarada bilməsi təmin edilir.

Elmi fəaliyyətlə məşğul olan gənclərin dəstəklənməsi istiqamətində də əhəmiyyətli işlər görülür. Gənc alimlərimizin apardıqları tədqiqatlar müxtəlif qrant proqramları ilə dəstəklənir. Gənclərin elmə marağının artırılması üçün zəruri islahatlar həyata keçirilir. Bu sahədə beynəlxalq əməkdaşlıq əlaqələri genişləndirilir. Azərbaycanın gənc alimlərinin dünya elmi arenalarında təmsil olunması üçün lazımi şərait yaradılır.

Azərbaycan gəncliyi də bu diqqət və qayğını yüksək dəyərləndirməklə yanaşı, öz məsuliyyətini dərk edir və Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji vəzifələrin uğurla həyata keçirilməsinə, respublikamızın dinamik inkişaf edən qüdrətli dövlətə çevrilməsi prosesinə öz töhfəsini verməyə çalışır. Azərbaycan gəncləri üçün ən həlledici sınaqlardan biri sentyabrın 27-də başlayan və noyabrın 10-dək davam edən Vətən müharibəsi oldu. Rəşadətli Azərbaycan Ordusunun sıralarında Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Məhz onların rəşadəti sayəsində əldə olunan Şanlı Qarabağ Zəfəri sayəsində Azərbaycan ərazi bütövlüyünü bərpa etdi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu.

Sevindirici haldır ki, gənclərimiz Vətən uğrunda döyüşlərlə yanaşı, arxa cəbhədə də yüksək fəallıq göstərib, ölkəmizlə bağlı həqiqətlərin, işğalçı Ermənistanın əzəli torpaqlarımızda törətdiyi vandallıq aktlarının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında fəal iştirak ediblər.

Bu gün iftixar hissi ilə deyə bilərik ki, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan muxtar respublikamızda da dövlət gənclər siyasəti uğurla həyata keçirilir. Gənclərin mükəmməl təhsil alması, mənəvi-psixoloji və fiziki cəhətdən sağlam böyüməsi, elmi-texniki yeniliklərə yiyələnməsi, idmanın bir çox növü ilə məşğul olmaları, dövlət qulluğu işlərində onların potensialından səmərəli istifadə edilməsi və digər istiqamətlərdə aparılan tədbirlər muxtar respublikada dövlət gənclər siyasətinin əsasını təşkil edir. Bu diqqət və qayğının nəticəsidir ki, son illər gənclərimiz muxtar respublikamızın ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal iştirak edir, mədəniyyət, elm və idman sahələrində böyük inamla irəliləyir, zəngin mədəni irsimizin qorunub saxlanması və inkişaf etdirilməsi yolunda mühüm addımlar atır, milli dəyərlərimizin yaşadılması və təbliği üçün əllərindən gələni əsirgəmirlər.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında gənc istedadlara dövlət qayğısının artırılması haqqında” 2012-ci il 31 yanvar tarixli Fərmanı, gənc istedadların qızıl kitabının təsis edilməsi, Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun yaradılması haqqında müvafiq Fərman, Naxçıvan şəhərində Gənclər Mərkəzinin istifadəyə verilməsi, “Oxunması zəruri olan kitablar haqqında” imzalanan müvafiq Sərəncam, “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”  gənclərə göstərilən diqqət və qayğının məntiqi davamıdır.

Tam inamla demək olar ki, ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli təbəqə kimi iştirakının təmin olunması üçün həyata keçirilən bütün zəruri tədbirlər Azərbaycan gəncliyini daha işıqlı sabaha aparacaq. Bu yolda gənclərimizin ən böyük himayəçisi və dəstəkçisi məhz ölkə prezidenti İlham Əliyevdir. Dövlətimizin başçısının “Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram” - sözləri Azərbaycan dövlətinin gənclərə etimadının, gənclərin isə Prezidentə məhəbbətinin və dəstəyinin bariz nümunəsidir.

Bu gün hər birimiz fəxr edirik ki, Müzəffər Ali Baş Komandanın qətiyyəti, rəşadətli Azərbaycan Ordusunun şücaəti və qələbə əzmi, xalqımızın mətanəti sayəsində torpaqlarımız işğaldan azad edilib. Azad edilən torpaqlarımızda aparılacaq quruculuq-abadlıq işlərində, doğma diyarımızın yenidən çiçəklənməsində gənclərimizin də iştirakı mühüm əhəmiyyət kəsb edir. Azərbaycan gənclərinin ölkə həyatında yüksək fəallığı, vətənpərvərliyi, dövlətə və Vətənə bağlılığı gənclərimizin bu prosesdə də fəal iştirak edəcəyini deməyə güclü əsas yaradır.

Arzu QASIMOV

Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun

Gənclər təşkilatları və gənclərlə iş şöbəsinin müdiri