Azərbaycan gerçəklikləri maraqla qarşılanacaq

Mart ayının 13-də “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevril­mə­si” mövzusunda keçirilən XII Qlobal Bakı Forumu da, Forumda Azərbaycan Respublikasının Pre­zi­denti cənab İlham Əliyevin çıxışı da müxtəlif televiziya kanallarının diqqətini çəkib. “Euronews” televiziya kanalı çıxışın aktuallığını, dünyəvi proseslərin sülh, əmin-amanlıq mstəvisində davam etdirilməsi baxımından siyasi tezislərinin bəşəriliyini nəzərə alaraq dövlət başçımızdan müsahibə götürüb.

Beynəlxalq məsələlərə yanaşmanın formalaşmasında Forumun vacib rolu olduğunu qeyd edən, XII Qlobal Bakı Forumun iştirakçılarının qlobal gündəlikdə duran məsələlər barədə öz möv­qe­lərini, fikirlərini və yanaşmalarını bölüşəcəklərini, xüsusilə bu gün beynəlxalq arenada vəziy­yətin kəskin şəkildə dəyişdiyi bir vaxtda bölüşəcəyini bildirən Azərbaycan Respublikasının Prezi­denti cənab İlham Əliyev müasir dünyanı narahat edən bir məsələni də diqqətə çatdırıb: “Bu gün hər kəs tərəfindən bölüşülən fikir odur ki, hazırda yeni qaydaların müəyyənləşdirilməsi prosesi baş verir. Bildiyimiz dünya nizamı artıq mövcud deyil. Hələ ki, beynəlxalq ictimaiyyət tərəfindən istifadə olunacaq qarşılıqlı əlaqə konfiqurasiyası heç kəsə bəlli deyil. Buna dair fərqli fikirlər var. Lakin aydın olan odur ki, birincisi, hər bir ölkə özünün daxili işlərinə və daxili imkanlarına daha çox diqqət ayırmalı, hər hansı bir yardıma və hətta beynəlxalq hüquqa arxalanmamalıdır. Beynəlxalq hüququn selektiv tətbiqinin qurbanı olan Azərbaycanın gələcəyini daxili resurslar hesabına qurması baxımından böyük təcrübəsi var”.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev müsahibəsində Azərbaycanın zəngin yeraltı, yerüstü sərvətlərə malik olduğunu xatırladaraq bildirib ki, İkinci Qarabağ mühari­bə­sində biz ərazimizi yüksək peşəkarlıqla formalaşdırdığımız güclü ordumuza, bu sərvət­ləri­mizə güvə­nə­rək tam bərpa etdik. Bundan sonra da öz resurslarımıza güvənəcəyik. İkinci Qarabağ müha­ri­bəsi Azərbaycanın qələbəsi ilə başa çatdı. Bu fakt dünya dövlətləri tərəfindən də təsbit edildi. Mü­haribənin başa çatması hələ bölgədə sülhün yaranması demək deyildir. Bu məqamı da xatırladan dövlət başçımız dedi ki, “Hətta indiki dövrdə, İkinci Qarabağ müharibəsinin bitməsindən beş il keçməsinə baxmayaraq, Ermənistanla sülh müqaviləmiz yoxdur. Bəli, sakitlikdir, itkilər yoxdur və bu da bugünkü vəziyyətin böyük üstünlüyüdür. Lakin sülh sazişi imzalanana qədər burada sabitlik olmayacaq. Eyni yanaşmanı dünyanın bütün digər hissələrinə - Yaxın Şərqə və Afrikaya da şamil etmək olar. Əfsuslar olsun ki, münaqişələrin sayı artmaqdadır və əgər siz öz həllini tapmış münaqişə axtarsanız, görə bilərsiniz ki, sadəcə burada, Qarabağda olan münaqişə öz həllini tapıb. Bu, beynəlxalq hüquq, tarixi ədalət əsasında həllini tapmış yeganə münaqişədir. Bu həlli bütün dünya qəbul edir”.

Cənubi Qafqazın qarşıdurma və düşmənçilik bölgəsi olduğunu, milli maraqlarımız məsələ­sin­də heç kəsə və ya heç bir təsisata arxalanmadığımızı xatırladan dövlət başçımız qlobal də­yi­şikliklərin yenicə başladığına diqqəti çəkərək dünyanın siyasi atmosferi haqqında da fikirlərini bildirib: ”Geosiyasi dəyişikliklərdən bəhs edəndə daha dəqiq danışmalıyıq. Bu, Vaşinqtonda baş verən hadisələrdir. Amerikanın yeni administrasiyasının siyasəti ilə bağlı nələr baş verir və bu, bir daha bütün dünyanın Ağ evdə qəbul olunmuş qərarlardan necə asılı olduğunu nümayiş etdirir. Beləliklə, bu, qlobal geosiyasi dəyişikliyin mənbəyidir. O, yenicə başlayıb və bu geosiyasi dəyi­şikliyin ilk aylarını yaşayırıq. Buna görə də belə çoxsaylı qonaqların iştirak etdiyi toplantılar hadisələri müvafiq şəkildə qiymətləndirmək, fikirləri, narahatlıqları və ya gözləntiləri bölüşmək üçün vacibdir. Çıxışıma nəzər salsanız görərsiniz ki, baş verənlərlə bağlı çox nikbin əhvali-ruhiyyədəyəm. Çıxışımda dediyim kimi, ABŞ-ın əvvəlki administrasiyası və Azərbaycan arasında münasibətlərin pisləşməsindən məyusluq hissi keçirmişdik. Onların mövqeyi milli maraqlarımıza ədalətsiz yanaşmadan ibarət idi. Buna görə Tramp administrasiyası dövründə ABŞ ilə münasibət­lərimizin və güclü tərəfdaşlığımızın yenidən qurulmasına çox nikbin baxırıq. Lakin qonşu zalda bəzi insanlar var ki, onlar nikbin olmaq əvəzinə daha çox məyusdurlar. Bu da təbiidir, çünki hər bir ölkənin öz maraqları var. Hər bir siyasətçinin öz baxışları var. Ümid edirəm ki, burada, bu Fo­rumda ideyaların toqquşması baş verəcək və bu da forumu uğurlu edəcək”.

“Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevril­mə­si” mövzusunda keçi­rilən XII Qlobal Bakı Forumunda Azərbaycan Respublikasının Pre­zi­denti cənab İlham Əliyevin çıxışından sonra “Euronews”televiziya kanalına müsahibəsi mahiyyəti baxımından tarixi müsahibədir və Azərbaycan gerçəkliklərinin dünyaya inteqrasiyası kimi də maraql qarşılnacaq.

 

Səbinə XASAYEVA,

Milli Məclisin deputatı