Politoloq: "Bu məsələdə Türk Dövlətləri Təşkilatı da tandemə çevrilməlidir"
"Ermənistan özünə yeni orbit axtarır. Bu orbiti də Fransanın timsalında görür. Azərbaycan isə Ermənistandan fərqli olaraq özü orbitə çevrilir". Bunu "Olaylar"a deyən yazıçı-publisist, "Olaylar" qəzeti və eyniadlı informasiya agentliyinin rəhbəri, siyasi şərhçi Yunus Oğuzun sözlərinə görə, bu bir daha göstərir ki, regionda və dünyada geosiyasət dəyişib: "Artıq Türkiyədə 5-ci nəsil "Kaan" döyüş təyyarəsi, Azərbaycanda "Akınçı" uçuş aparatının yoxlanılması, Türkiyə-Azərbaycan Universitetinin yaradılması, Münhendə dünya ölkələrinin Azərbaycan Prezidenti İlham Əliyevə olan böyük marağı, Asiya Parlament Assambleyasına sədrliyin Azərbaycana keçməsi, COP-29 kimi tədbirin ölkəmizdə keçirilməsi ilə bağlı hadisələr birbaşa deyir ki, Azərbaycan Güney Qafqazda orbitə çevrilib. Məlum olduğu kimi İran Orta Dəhliz məsələsində heç nə edə bilmir, Rusiya Ukrayna ilə müharibə vəziyyətindədir, İran da, Rusiya da embarqo altındadır, belə halda Azərbaycanın mövqeyi daha da möhkəmlənir. Qərbin bütün təzyiq cəhdlərinə baxmayaraq Azərbaycan yeni orbitə çevrilir və bu da ölkəmizə böyük divident gətirir. Məlum olduğu kimi prezident seçkiləri öncəsi AŞ PA çalışırdı ki, ölkədə vəziyyəti gərginləşdirsin. Eləcə də Rusiya müxalifətinin lideri Aleksey Navalnının həbsxanada ölümü məsələsi təsadüfi deyil. Necə korafəhm olasan ki, seçki öncəsi müxalifətin liderini öldürəsən. Deməli Qərb də bunu aranı qarışdırmaq üçün edə bilər. Bu məsələdə Rusiyanı təmizə çıxarmaq istəmirəm, ancaq Rusiyanın borcu Navalnını qorumaq idi, əgər bunu edə bilmədisə Rusiyanın minusudur. Bütün bu hadisələr təbii ki, seçkilərin başında idi. Seçkilərdən sonra isə Azərbaycan daha da güclənir. Bunu İran da başa düşür və görür ki, Azərbaycan orbitə çevrilir. Çünki İran faktiki olaraq orbitdən çıxıb. Yaxın Şərq, Həmas, Husilər və nəhayət Ermənistan əlindən çıxıb. Ermənistanın baş naziri Nikol Paşinyanın France 24 telekanalına verdiyi müsahibəsində KTMT-dan çıxması barədə eyhamı Rusiya elitasının sərt münasibətilə üzləşib. Artıq Rusiya da başa düşür ki, Güney Qafqazda orbit Azərbaycana qalır, ona görə də ölkəmizlə normal münasibət saxlayır. Nəzərə almaq lazımdır ki, ortada həm də Azərbaycan-Türkiyə müttəfiqliyi var. Hər iki dövlət də getdikcə güclənir".
Y. Oğuz qeyd edib ki, Azərbaycan dövləti öz vətəndaşına sahib çıxmağı bacarır: "Kamil Zeynallının məsələsi buna bariz nümunədir. Kamil elə aeroportdaca azad olundu. Bu onu göstərir ki, istər ölkə daxilində, istərsə də xaricdə dövlət öz vətəndaşına sahib çıxa bilir. Vətəndaşlarla baş verən hadisələrin hamısına operativ reaksiya verilir. Bu o deməkdir ki, xarici siyasətimizdə orbitə çevrilə biləcək yeganə dövlət Azərbaycandır. Bu arada biz Fransa ilə ciddi mübarizə aparırıq. Fransanın koloniyaları mitinq keçirəndə Azərbaycanın bayrağını qaldırırlar və müstəqillik istəyirlər. Demək, Azərbaycan Fransaya ciddi zərbə vurub. Müəyyən dövlətlərin, hətta Almaniyanın marağındadır ki, Fransa Avropanın lider dövləti olmasın. Avropada lider dövlət olmaq Fransa və Almaniyanın üzərinə düşür. Hələ ki, Almaniya özünü bitərəf göstərir. AŞ PA da almaniyalı deputatın ölkəmizə qarşı qərəzli münasibətini çıxmaq şərtilə Münhen Konfransında Almaniyanın Azərbaycana qarşı mövqeyi elə də mənfi olmadı. Demək olar ki, bütün dövlətlər İlham Əliyevi prezident seçilməsi münasibətilə təbrik etdi. Bu da birbaşa Azərbaycanda seçkilərin keçirilməsinə münasibət idi. Ağlı olsaydı, Ermənistan da təbrik edərdi, amma bunu etmədi, çünki sülh istəmir. Hazırda Ermənistanda daxili vəziyyət olduqca gərgindir. Məlumdur ki, Qarabağda keçirilən antiterror tədbirləri birbaşa seçkilərin taleyini həll etdi. Nəticədə, o halal haqqını aldı".
Onun sözlərinə görə, indi Azərbaycanın orbitə çevrilməsi məsələsini daha da gücləndirmək lazımdır: "Bu gün dünya çapında Türkiyə ilə Azərbaycanın tandemi orbitdədir. Amma Türk Dövlətləri Təşkilatı da tandemə çevrilməlidir. Nəzərə almaq lazımdır ki, bu dövlətlər çox aktiv deyillər, amma Azərbaycan və Türkiyənin müstəqil siyasəti, ordunun güclənməsi bunu labüd edir. Elə bu gün TRT xəbərdə səlahiyyətli şəxsə sual edilir ki, bu "Kaan"ları kimə satacaqsınız, cavab verilir ki, yalnız dostlara. Bu o deməkdir ki, bu təyyarələr ilk növbədə Azərbaycana və türk dövlətlərinə satılacaq. Nəticə etibarilə bu o deməkdir ki, Azərbaycan və Türkiyə orbitə çevrilir, Orta Asiya və Mərkəzi Asiya dövləti olan Qazaxıstan gündəmə gəlir. Bu dövlətlər tandemə çevrilib iqtisadiyyatını, ordunu gücləndirsə, orbit daha da böyüyəcək. Nəticədə dünyaya nüfuz etməyi bacaracağıq".