Noyabrın 9-da Özbəkistanın paytaxtı Daşkənddə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 16-cı Zirvə toplantısında təşkilata üzv ölkələr arasında iqtisadi-ticari, investisiya, nəqliyyat-kommunikasiya və humanitar əməkdaşlığın daha da genişləndirilməsi məsələləri müzakirə olundu. İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin liderləri, eyni zamanda, təşkilatın fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı fikirlər səsləndirildi.
İqtisadi Əməkdaşlıq Təşkilatı Soyuq Müharibədən sonra yaranan, SSRİ dağıldıqdan sonra Mərkəzi Asiya dövlətlərinin və Azərbaycanın silsilə təşəbbüsləri nəticəsində yenilənmiş regional inteqrasiya strukturudur . Hazırda bölgədə, regionda, eləcə də dünyada baş verən proseslər bir sıra beynəlxalq təşkilatlarda olduğu kimi, ECO qarşısında yeni vəzifələr qoyur. Siyasi və iqtisadi gündəliyin dəyişməsi, müasir texnologiyalar və yeni aktorların meydana çıxması, bununla yanaşı ölkələrin iqtisadi inkişafının davam etdirliməsi və bu sahədə əməkdaşlığın daha da gücləndirilməsi məsələləri aktuallaşır.
Qeyd etmək lazımdır ki, Azərbaycanın təşkilatın inkişafına verdiyi töhfələrə və üzv dövlətlərlə əlaqələrini təhlil etsək görərik ki, ölkəmiz üzv olduğu digər qurumlarda olduğu kimi, burada çox fəaldır. Belə ki, 1992-ci ildə Təşkilata üzv olan Azərbaycan ötən 31 il ərzində aktiv fəaliyyəti ilə rolu ilə seçilmiş və üzv dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri qurmuşdur. Azərbaycanın xarici siyasətində ECO-ya üzv ölkələrlə əlaqələr prioritet istiqamətlərdən birini tutur. Prezident İlham Əliyev bununla bağlı fikirləri dediklərimizi təsdiqləyir: “Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının fəal üzvüdür. İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərlə münasibətlərimiz dostluq və qarşılıqlı hörmətə əsaslanır. Biz, həmçinin beynəlxalq platformalarda, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində Iqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərlə səmərəli əməkdaşlıq edirik”.
Vaxtı ilə Ulu Öndər Heydər Əliyev də ECO-nun fəaliyyətinə xüsusi önəm verirdi. Belə ki, Ümummilli Lider hələ 2002-ci ildə ECO-ya üzv ölkələrin İstanbulda keçirilmiş dövlət və hökumət başçılarının 7-ci Zirvə görüşündə təşkilatın daha səmərəli fəaliyyətinin təmin olunması məqsədilə Bakıda qurumun Tədqiqat Mərkəzinin yaradılması təklifini irəli sürüb. 2006-cı ildə EVO-nun ölkəmizdə IX Zirvə görüşündə Mərkəzin Bakı şəhərində təsis edilməsi təklifi Prezident İlham Əliyev tərəfindən yenidən irəli sürülmüş və 2021-ci ilin martında təşkilatın Türkiyənin sədrliyi ilə videokonfrans vasitəsilə keçirilmiş 14-cü toplantısında Mərkəzin nizamnaməsi imzalanıb. Tədqiqat Mərkəzinin əsas fəaliyyət istiqamətləri iqtisadi tədqiqatlara əsaslanan regional əməkdaşlığın qurulması üçün ECO-ya və üzv ölkələrə yardım etməkdir.
Azərbaycan ECO-nun fəaliyyətinə töhfələrini davam etdirir. Ölkəmiz təşkilatın bir sıra toplantılarına uğurla ev sahibliyi edib. Belə ki, təşkilatın 9-cu və 12-ci Zirvə toplantıları müvafiq olaraq 2006-cı və 2012-ci illərdə Bakıda reallaşıb. Bu il oktyabrın 10-da isə Şuşada İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclası keçirilib. Eyni zamanda, Şuşa şəhəri 2026-cı il üçün ECO-nun turizm paytaxtı elan edilib. ECO regionun nəhəng iqtisadi potensialından daha səmərəli istifadə, region ölkələri arasında iqtisadiyyat və ticarət sahəsində əlaqələrin inkişaf etdirilməsi baxımından əlverişli imkanlara malikdir. Azərbaycan təşkilat çərçivəsində əməkdaşlığın bütün sahələrdə genişlənməsinin tərəfdarıdır.
Ölkəmizin ECO-ya üzv ölkələrlə əlaqələrində bir sıra məqamları qeyd etmək mümkündür. Belə ki, dövlətimizin başçısı İlham Əliyev Azərbaycanın nəqliyyat-logistika infrastrukturunun bütün ECO ölkələri üçün açıq olduğunu bildirib. Eyni zamanda, rəsmi Bakı ilə Tehran arasında İran ərazisi vasitəsilə Azərbaycandan Naxçıvan Muxtar Respublikasına çıxış imkanı yaradacaq avtomobil və dəmir yolunun çəkilməsi barədə ilə razılıq əldə olunub. Füzuli şəhərində Özbəkistan tərəfindən məktəb tikilib istifadəyə verilib və Qazaxıstan tərəfindən yaradıcılıq mərkəzinin inşası davam etdirilir. Bu, ölkələrimiz arasında qardaşlığın, həmrəyliyin və dostluğun növbəti bariz təzahürü kimi qiymətləndirilir.
Azərbaycan, həmçinin Şimal-Cənub Nəqliyyat Dəhlizinin ötürücülük qabiliyyətinin daha da genişləndirilməsi üzərində fəal çalışır. Şərq-Qərb marşrutu üzrə yükdaşımalara tələbatın artdığını nəzərə alan Azərbaycan Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşınan yüklərin həcminin 1 milyon tondan 5 milyon tona çatdırmağı hədəfləyir. Habelə regional məsələlərin bilavasitə region ölkələrinin iştirakı ilə həll edilməsi prinsipindən çıxış edən Azərbaycan 3+3 əməkdaşlıq formatını irəli sürüb. Bütün bu təşəbbüslərin reallaşması təşkilata üzv ölkələr arasında əlaqələrin daha da möhkəmlənməsinə, Şərqdən Qərbə yüklərin daha qısa zamanda və sərfəli qiymətə daşınmasına xidmət edəcək.
Bundan başqa, təşkilata üzv ölkələr Azərbaycanın haqq işinə daim öz dəstəklərini göstəriblər. Türkiyə və Pakistanın Azərbaycana hərtərəfli dəstəyi özünü bütün dövrlərdə açıq şəkildə büruzə verib. Bu iki ölkənin Vətən müharibəsi dövründə Azərbaycana siyasi və mənəvi dəstəyi açıq və birmənalı olub. Həmçinin 2021-ci ildə Türkmənistanda keçirilmiş Zirvə Toplantısının sonunda qəbul edilən “Aşqabad fəaliyyət konsensusu” adlı yekun bəyannamə özündə Azərbaycanın maraqlarına birbaşa cavab verən müddəaları da ehtiva edir. Sənədin mətnində Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı Qələbə münasibətilə təbrik yer alıb. Sənəddə Azərbaycanın ərazi bütövlüyünün bərpasının mehriban qonşuluq münasibətlərinin qurulması yolu ilə Qafqaz regionunda davamlı sülhə və iqtisadi tərəqqiyə yol açacağına inam ifadə olunur, üzv dövlətlər Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yenidənqurma layihələrinə sərmayə yatırmaq imkanlarını araşdırmağa çağırılır. Bütün bunlar ölkəmizin təşkilatın fəaliyyətində oynadığı rola, Prezident İlham Əliyevin qonşu və tərəfdaş ölkələrə münasibətdə yürütdüyü və qarşılıqlı faydalı əməkdaşlığa istiqamətlənən siyasətə, Azərbaycanın Vətən müharibəsində Qələbə qazanmaqla regionda yaratdığı yeni reallıqlar sayəsində artan nüfuzuna verilən yüksək qiymətin əyani təzahürləridir.
Bu gün ECO ölkələri böyük ticarət dövriyyəsinə malikdir və ticarət-iqtisadi, nəqliyyat və logistika, enerji, iqlim gündəliyi, o cümlədən kənd təsərrüfatı sektoru qarşılıqlı fəaliyyətin prioritet istiqamətləri kimi müəyyən edilir. Təşkilatın həyatında tarixi hadisə “ECO-ın 2025-ci ilə qədər perspektivləri” sənədinin, eləcə də əməkdaşlığın müxtəlif istiqamətləri üzrə plan və proqramların qəbul edilməsi oldu. 2017-ci ildə İslamabadda (Pakistan) keçirilən ECO Dövlət Başçılarının 13-cü Sammiti zamanı ECO-ın 10 illik Baxışı 2025 proqramı qəbul edilib. Proqram ECO-ın gələcək onilliklər üçün ticarət, nəqliyyat və rabitə, enerji, turizm, kənd təsərrüfatı, sənaye, sosial rifah və ətraf mühit kimi mühüm sahələrdə fəaliyyətini istiqamətləndirən fəaliyyət strategiyası və gündəliyidir. Onu da əlavə edək ki, Mərkəzi Asiyadan Cənubi və Cənub-Qərbi Asiyaya qədər uzanan ECO regionu təbii sərvətlərlə, tarixi-mədəni irslə zəngindir. Bu layihə regionun ixrac potensialının artırılmasına və İƏT ölkələri arasında ticarətin inkişafı üçün optimal nəqliyyat sistemlərinin yaradılmasına kömək edəcəkdir.
İqtisadi Əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzinin Bakıda yerləşdirilməsi ilə bağlı qərarı Azərbaycanın regional enerjinin bu sektorunda liderliyinin tanınmasından xəbər verir. Bildiyiniz kimi, 2027-2030-cu illərdə Azərbaycan yaşıl, bərpa olunan elektrik enerjisinin, o cümlədən hidrogen yanacağının praktiki ixracatçısına çevriləcək. 2020-2023-cü illər arasında qlobal texnologiya liderləri ilə imzalanmış müqavilə və anlaşma memorandumlarına əsasən, Azərbaycanın bərpa olunan enerji istehsalı 10 GVt-a (yəni, ölkənin hazırkı elektrik enerjisi istehsalının təxminən yarısı) çatacaqdır.
Xatırladaq ki, oktyabr ayında “Masdar” şirkətinin hazırladığı 230 MVt gücündə Qaradağ günəş elektrik stansiyasının açılışı olub. Bu, Xəzər və Qafqaz regionlarında ən böyük günəş elektrik stansiyasıdır. 2021-2023-cü illərdə işğaldan azad edilmiş Qarabağda və Şərqi Zəngəzurda ümumi gücü 170 MVt olan su elektrik stansiyaları istifadəyə verilib, 2024-cü ilin sonuna bu rəqəm 270 MVt-a çatacaq. Bir neçə ildən sonra isə yeni iqtisadi rayonlarda Azərbaycan su elektrik stansiyalarının ümumi gücü 500 MVt olacaq. Artıq Azərbaycan ECO-nun Təmiz Enerji Mərkəzinin ev sahibi kimi rəsmi olaraq təsdiqlənmişdir. Bu isə yeni layihələr və təşəbbüslər üçün əlverişli platformanın yaranması deməkdir.
Xəzər regionu köhnə qlobal logistika və istehsal zəncirlərinin çökməsi/yavaşlaması fonunda yaranan istehsalın lokallaşdırılmasının prinsipcə yeni modeli üçün görünməmiş qüsursuz məkan yaratmaq vəzifəsi qarşısındadır. Bu baxımdan, regionun gübrə və taxıl ticarətinin necə durmadan artdığına, texnologiya və sənaye parkları üçün komponentlərlə konteyner daşımalarının necə genişləndiyinə nəzər salmaq kifayətdir. Zirvə toplantısında bu məqama xüsusi diqqət çəkən ölkə başçısı İlham Əliyev qeyd etdi ki, “Azərbaycanın nəqliyyat və logistika infrastrukturu ECO-nun üzv dövlətləri üçün açıqdır. Son illərdə Azərbaycan özünün nəqliyyat infrastrukturuna milyardlarla ABŞ dolları həcmində sərmayə qoyub və Avrasiyanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşən nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Hər iki dəhlizin Azərbaycandan keçən hissələri tam hazırdır. Biz hazırda bu dəhlizlər boyu dəmir yolu xətlərinin yükaşırma qabiliyyətinin genişləndirilməsi üzərində işləyirik”.
Yaxın vaxtlarda Mərkəzi Asiya, Xəzər dənizi, Fars körfəzi, Qara dəniz-Aralıq dənizi hövzəsinin xüsusi iqtisadi zonalarını və sənaye parklarını birləşdirəcək yeni beynəlxalq təşkilatın yaradılması məsələsi gündəmə gələcəkdir. Sənaye parkları arasında üfüqi əlaqələrin inkişafı onların rezidentləri arasında komponentlərin tədarükünün qurulması üçün imkanlar açır. Xüsusi iqtisadi zonalara gəldikdə, gömrük rüsumları ödənilmədən güzəştli rejim çərçivəsində tədarükün üstünlüyü var. Bu baxımdan Azərbaycan Avrasiyanın müxtəlif regionlarında texnoloji əməkdaşlığın qurulmasına imkan verəcək platforma təklif edə bilər.Beləliklə, digər beynəlxalq təşkilatlarda olduğu kimi Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının işində fəal iştirak edir, öz layiqli töhfəsini verir.
Milli Məclisin Komitə sədri,
professor Hicran Hüseynova