1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanda insan hüquq və azadlıqlarının təməl prinsiplərindən olan fikir, söz və ifadə azadlığının təmin edilməsi sahəsində də mühüm işlər görülüb. Belə ki, ötən müddət ərzində ölkəmizdə kütləvi informasiya vasitələrinin (KİV) inkişafı üçün müxtəlif addımlar atılıb. Həyata keçirilmiş ciddi islahatlar nəticəsində Azərbaycan Respublikasında senzura, söz və məlumat azadlığını məhdudlaşdıran digər maneələr aradan götürülüb.
Bununla belə, son illər ərzində Azərbaycan mediası ölkəmizdə və dünyada baş verən hadisələr barədə informasiyaların cəmiyyətimizə, həmçinin ölkəmiz haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində məqsədyönlü fəaliyyət göstərib. Eyni zamanda, bütün dünyada kommunikasiya vasitələrinin sürətlə inkişaf etdiyi, müasir texnologiyaların və iş metodlarının tətbiq olunduğu indiki dövrdə media sahəsində keyfiyyət dəyişikliklərinə ehtiyac duyulub. Məhz bu baxımdan, hazırda özünün inkişaf tarixində yeni mərhələyə qədəm qoyan Azərbaycan mediasında yeni islahatların reallaşdırılması prosesi gedir.
Ötən dövr ərzində Azərbaycan mediası özünəməxsus inkişaf yolu keçmiş, ölkəmizdə və dünyada baş verən hadisələrlə bağlı cəmiyyətin məlumatlandırılması, xalqımızın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində məqsədyönlü fəaliyyət göstərmişdir. Bununla yanaşı, Azərbaycanda cəmiyyət həyatının hər bir sahəsini əhatə edən köklü islahatların həyata keçirildiyi, habelə bütün dünyanı əhatə edən vahid informasiya məkanında yeniliklərin intensiv xarakter aldığı, kommunikasiya vasitələrinin sürətlə inkişaf etdiyi, mütərəqqi texnologiyaların, iş metodlarının tətbiq olunduğu müasir dövrdə media sahəsində keyfiyyət dəyişikliklərinə ehtiyac vardır.
Tarixi Qələbəmizlə yekunlaşan Vətən müharibəsinin başa çatmasından qısa müddət sonra Azərbaycan Respublikası Prezidenti tərəfindən “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanın imzalanması, həmin Fərmanla Medianın İnkişafı Agentliyinin yaradılması və “Media haqqında” Qanunun qəbulu milli informasiya məkanında davamlı inkişafa nail olunmasının dövlət üçün prioritet təşkil etməsinin göstəricisidir.
Azərbaycan hakimiyyəti erməni lobbi və diaspor təşkilatlarının, ermənipərəst qüvvələrin aramsız həmlələrinə baxmayaraq, xarici təzyiqlər qarşısında duruş gətirməyi bacardı. Məsələnin vacibliyini əsaslandırmağa ehtiyac yoxdur. Yalnız onu vurğulamaq yerinə düşər ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dünyanın müxtəlif ölkələrinin aparıcı media vasitələrinə müsahibələri düşmənə qarşı ideoloji sipər rolunu oynadı. Dövlət başçımız müsahibələrində və xalqa müraciətlərində həm xaricə, həm də daxilə vacib ismarıclar ötürdü. Onun sayəsində cəbhədəki üstünlüyümüz ideoloji müstəviyə də daşındı.
Prezident müsahibə və çıxışlarında bir növ, tezislər verdi. Təbii ki, bu amil media orqanlarımızın fəaliyyətinə də müsbət təsirini göstərdi. Jurnalistikamız həm münaqişənin tarixi, həm hazırkı vəziyyət və Azərbaycanın mövqeyi ilə bağlı kifayət qədər tutarlı arqumentlərlə silahlandı. Nəinki mediamız, bütövlükdə ictimai sektor silahlandı. Bu da son dərəcə əhəmiyyətli idi.
Medianın inkişafı yönündə dövlətin verdiyi qərarların məzmununa nəzər salsaq görərik ki, Azərbaycan mediasının iqtisadi dayanıqlılığının gücləndirilməsi, müstəqil, güclü, fəaliyyətini günümüzün tələbləri səviyyəsində qurmağı bacaran, habelə dövlətçilik ənənələrinə bağlı və xalqımızın milli maraqlarını rəhbər tutan medianın inkişafı prioritet vəzifələrdən biri kimi daim diqqət mərkəzində olub.
Bu gün Azərbaycan mediasının müstəqilliyi bizim cəmiyyətimizin inkişafı üçün başlıca şərtlərdən biridir. Bizim mediamızda sağlamlaşma prosesi uğurla gedir və xalqın maraqlarına zidd, dövlət maraqlarına zərbə vura biləcək yazılar artıq çox nadir hallarda üzə çıxır.
Bizə qarşı bu gün yenə də həmin məkirli kampaniya davam edir. Bizim Qələbəmizi həzm edə bilməyən, uğurlarımıza qısqanclıqla yanaşan, bizə qarşı açıq informasiya savaşına çıxanlara biz tutarlı, real arqumentlərlə cavab verməyi bacarmalıyıq.
Əminə Ağazadə
Millət vəkili