Azərbaycan milli maraqlarını və ədalət prinsiplərini əsas tutur

Azərbaycan-Çin münasibətlərinin mövcud səviyyəsi qarşılıqlı əlaqələrin inkişafı üçün yeni perspektivlər açır. 

Bu sözləri Modern.az saytına açıqlamasında Prezident İlham Əliyevin “China Global Television Network” televiziya kanalında yayımlanmış müsahibəsini şərh edən millət vəkilı Azər Kərimli deyib.

Millət vəkili Azərbaycanın dünyanın ən böyük iqtisadiyyatına və insan resurslarına sahib olan Çin Xalq Respublikası ilə qarşılıqlı faydalılıq prinsipinə söykənən  münasibətlərinin əsasının möhkəm təməllər üzərində qurulduğunu bildirib: 

“Cənab Prezidentin qeyd etdiyi kimi, ikitərəfli əlaqələrdə əldə edilən nailiyyətlər çox uzun bir yolun başlanğıcıdır. Azərbaycan və Çin sürətlə dəyişən geosiyasi reallıqlar çərçivəsində beynəlxalq hüququn norma və prinsiplərinə münasibətdə klassik dövlətçilik ənənələrindən çıxış edirlər. Ərazi bütövlüyü, suverenlik, sərhədlərin toxunulmazlığı, bir-birinin daxili işinə qarşımamaq kimi önəmli məsələlərdə hər iki dövlət vahid baxış bucağına sahibdirlər və daha təhlükəsiz, daha ədalətli dünya düzəni üçün prinsipial mövqe sərgiləyirlər. Azərbaycan Çinin ərazi bütövlüyünü, Vahid Çin və Çinin birləşməsi siyasətini hər zaman dəstəkləyib və dəstəkləməkdə davam edirik. Bu siyasət tamamilə dəyişməz olaraq qalır və heç zaman da dəyişməyəcək. Azərbaycanın ərazi bütövlüyünə münasibətdə rəsmi Pekinin mövqeyi də hər zaman birmənalı olub."

Azər Kərimli Prezident İlham Əliyevin müsahibəsində Qədim İpək Yolu ilə bağlı mühüm və tamamilə yeni baxış bucağını ifadə edən məqamlara toxnduğunu xatırladıb: “Qədim İpək Yolunda yerləşən ölkələrin xüsusiyyəti, oxşarlığı ondan ibarətdir ki, onlar cəmiyyətlərinin müxtəlifliyi, çoxetnik və çoxkonfessiyalı xarakteri ilə seçilirlər. Qənaətimə görə, dövlətimizin başçısının bu yanaşması tarixi İpək yoluna, mədəniyyətlərin dialoqu və inteqrasiyası kontekstindən fərqli bir yanaşma ortaya qoyur və Qədim  İpək Yolunun  varisi sayıla biləcək "Bir kəmər-bir yol” layihəsinin iqtisadi önəmi ilə yanaşı, böyük siyasi, mədəni əhəmiyyətə malik olduğunu diqqətə çatdırır. Dünyanı yenidən öz əsassız və dağıdıcı geosiyasi iddialarının girovuna çevirmək istəyən, sivilizasiyalararası qarşıdurmaları təşviq edən yanaşmaların fonunda, Prezident İlham Əliyevin bu fikirləri fərqli mədəniyyətlərin eyni platformalar üzərindən inkişafı perspektivinə də böyük ümidlər yaradır, dünyanın işıqlı gələcəyinin dialoqdan, əməkdaşlıqdan keçdiyini bir daha diqqətə çatdırır. Bütün bunlar, eyni zamanda Azərbaycanın qlobal məsuliyyətini nümayiş etdirir. Dövlətimizin başçısının bildirdiyi kimi, bəzi ölkələrdən fərqli olaraq, Azərbaycan prioritetlərinə və milli maraqlarına cavab verməyən hər hansı işə qoşulmur, müstəqil davranır və yalnız öz milli maraqlarından, ədalət prinsiplərindən çıxış edir. Ölkəmizin bir tərəfdən bəzi xarici media resurslarının və reallıqda ayrı-ayrı güc mərkəzlərinin maraqlarını ifadə edən “beynəlxal” QHT-lərin hədəfinə tuş gəlməsi məhz Azərbaycanın müstəqil siyasət yürütməsi, qlobal geosiyasi oyunların təsiri altına düşməməsi, ədalət prinsiplərindən üz döndərməməsidir”.