Azərbaycan-Misir münasibətlərində yeni inkişaf mərhələsi

Hazırda dünyada yeni yaranan, həmçinin on illiklərdir davam edən və yenidən alovlanan münaqişə ocaqları, gedən müharibələr – bütövlükdə mövcud gərgin siyasi konyuktura bir daha onu göstərir ki, düzgün diplomatik əlaqələrin formalaşdırılması bir dövlət üçün həyati əhəmiyyət daşıyır. Bu baxımdan cənab Prezident İlham Əliyevin rəhbərliyində istər regional, istərsə də beynəlxalq çərçivədə digər dövlətlərlə uğurlu dostluq və qarşılıqlı əməkdaşlıq münasibətləri formalaşdırmağa nail olan Azərbaycan bu sahədə fəaliyyətini dünya ölkələri üçün nümunə təşkil edə biləcək səviyyədə qurub.Hər vəchlə tərəfdaş ölkələrin sayının artırılmasına nail olmağa çalışan Azərbaycanın şübhəsiz ki, xarici siyasətinin mühüm istiqamətlərindən biri də ərəb dövlətləri ilə sıx əməkdaşlıq əlaqələrinin qurulmasıdır. Bu mənada qədim tarixə və zəngin mədəni irsə malik olan, dünya dövlətləri, xüsusilə, ərəb dövlətləri arasında böyük nüfuza malik Misir Ərəb Respublikası ilə əlaqələr dövlətimiz üçün mühüm əhəmiyyət kəsb edir.

Misirlə əməkdaşlığımızın tarixi Sovet dönəminə dayanır. Sovet dönəmində qurulan mehriban dostluq əlaqələri ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra da davam etdirilib. Misir Ərəb Respublikası 26 dekabr 1991-ci ildə Azərbaycan Respublikasının müstəqilliyini tanımışdır. İki ölkə arasında diplomatik əlaqələr 27 mart 1992-ci il tarixində qurulmuşdur. MƏR-in Bakıdakı Səfirliyi 1993-cü ilin aprel ayından, Azərbaycan Respublikasının Qahirədəki Səfirliyi isə 1994-cü ilin yanvar ayından fəaliyyət göstərir.

“Bütün beynəlxalq məsələlərdə bizim fikrimiz üst-üstə düşür. Hər iki ölkə beynəlxalq təşkilatlar çərçivəsində fəal çalışır, o cümlədən BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində fəal əməkdaşlıq olunur, habelə İslam həmrəyliyinin gücləndirilməsi istiqamətində birgə səylər göstərilir. Misirin dəstəyi ilə Azərbaycan dörd il ərzində Qoşulmama Hərəkatına sədrlik etmişdir. Bu sədrliyin nəticəsində Hərəkat daha böyük imkanlara malik olmuşdur.” deyə cənab Prezident İlham Əliyev cari ilin 8 iyun tarixində Qahirədə rəsmi səfəri zamanı Misir Ərəb Respublikasının Prezidenti cənab Əbdülfəttah əs-Sisi ilə görüşündə bildirib.

Görüş zamanı imzalanmış sənədlər iki ölkənin də ikitərəfli əməkdaşlığın gücləndirilməsində maraqlı olduğunu ortaya qoyur. Belə ki, “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Misir Ərəb Respublikasının Gənclər və İdman Nazirliyi arasında gənclər və idman sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Bakı Şəhər İcra Hakimiyyəti ilə Misir Ərəb Respublikasının Qahirə Qubernatorluğu arasında dostluq və əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Misir Ərəb Respublikasının Beynəlxalq Əməkdaşlıq Nazirliyi arasında təcrübə mübadiləsi haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Misir Ərəb Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” və digər sənədlər heç şübhəsiz ki, iki ölkədə də qeyd olunan sahələrin inkişafına mühüm töhfələr verəcəkdir.

Yarım əsrdən çoxdur regionda davam edən və hələ də həllini tapmayan İsrail-Fələstin münaqişəsi barədə Azərbaycanın mövqeyini ortaya qoyan və bu məsələdə müstəqil Fələstin dövlətinin qurulmalı, Qəzzada yaşanan faciənin və müharibənin tezliklə dayandırılmalı və bütün məsələlərin danışıqlar yolu ilə həll olunmalı olduğunu vurğulayan cənab Prezident İlham Əliyev Azərbaycanın Misirin bu istiqamətdəki səylərini dəstəklədiyini də bildirib.
Habelə cənab Prezident uzun illərdir davam etmiş və artıq Azərbaycanın öz torpaqlarını azad edərək ərazi bütövlüyünü və suverenliyini tam şəkildə təmin etməsi ilə yekunlaşan və iki ölkə arasında sülh sazişi imzalanması mərhələsinədək gəlinən Ermənistan-Azərbaycan münaqişəsi barədə həmkarına ətraflı məlumat verərək ölkələr arasında dövlət sərhədlərinin delimitasiya və demarkasiyası proseslərinin getdiyini və artıq 12 kilometrdən çox dövlət sərhədi ərazisinin razılaşdırıldığını bildirib. 

Vurğulamaq lazımdır ki, düzgün qurulmuş diplomatik əlaqələr sayəsində Ermənistan-Azərbaycan münaqişəsinin həlli məsələsində hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən və üzv olduğu beynəlxalq təşkilatlarda ədalətli mövqeyini daim müdafiə edən MƏR, bunlarla yanaşı Azərbaycan ilə Ərəb Dövlətləri Liqası arasında əlaqələrin inkişafını da dəstəkləyir.

Misirlə iqtisadi sahədə qurulan uğurlu əməkdaşlıq ölkələr arasında ticarət dövriyyəsinin il-ildən artmasına rəvac verir. Bu gün Azərbaycanda sənaye, ticarət və xidmət sahələrində Misir investisiyalı 10-dan artıq şirkət fəaliyyət göstərir. Hazırda səkkiz yüz milyon dolları keçən ticarət dövriyyəsinin həcmi sonuncu imzalanan sənədlərin, xüsusilə, “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Misir Ərəb Respublikasının Elektrik və Bərpaolunan Enerji Nazirliyi arasında elektrik və bərpaolunan enerji sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə Misir Ərəb Respublikasının Sərmayə və Azad Zonalar üzrə Baş Qurumu (GAFI) arasında 2024-2025-ci illər üzrə Birgə Fəaliyyət Planı”, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Misir Ərəb Respublikasının Neft və Mineral Ehtiyatlar Nazirliyi arasında əməkdaşlıq haqqında Niyyət Protokolu”, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Misir Ərəb Respublikasının Beynəlxalq Əməkdaşlıq Nazirliyi arasında təcrübə mübadiləsi haqqında Anlaşma Memorandumu”nun icrası ilə qısa zamanda daha da yuxarı səviyyələrə qalxacaqdır.

Qeyd olunanlardan əlavə bildirmək lazımdır ki, Azərbaycan Respublikası ilə Misir Ərəb Respublikası arasında müxtəlif sahələrdə dövlət qurumları arasında qurulan birgə fəaliyyət yeni deyil. İndiyədək ölkələrimiz arasında müxtəlif istiqamətlərdə əməkdaşlıq haqqında 50 sənəd imzalanmışdır. Həmçinin Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Misir parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir.

Ziyafət Əsgərov
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin