Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü daxili siyasətin vacib elementlərindən biri də ölkədə siyasi sistemin demokratik əsaslarının möhkəmləndirilməsi, siyasi partiyaların müasir tələblərə uyğun fəaliyyətinin təmin edilməsi ilə milli birlik mühitinin yaradılmasıdır.
Zəfər savaşı dönəmində ölkədə fəaliyyət göstərən siyasi partiyaların mütləq əksəriyyətinin bir qüvvə halında dövlətçiliyə dəstək olaraq siyasi həmrəyliyi gerçəkləşdirməsi qələbədə mühüm faktorlardan biri idi. Bu baxımdan “Siyasi partiyalar haqqında” qanun layihəsinin yenidən hazırlanaraq ictimai müzakirəyə çıxarılması başlanmış prosesin davamıdır.
Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Rəşad Mahmudov söyləyib. Deputat bildirib ki, “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi bir çox cəhətləri ilə diqqət çəkir. Əvvəla, Venesiya Komissiyasının siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi üzrə 2010-cu və 2020-ci illərdə qəbul etdiyi tövsiyələr, həmçinin 20-dən artıq ölkənin təcrübəsi nəzərə alınaraq hazırlanan qanun layihəsi siyasi partiyalar tərəfindən geniş müzakirəyə verilib və onların təklifləri qəbul edilib.
Sentyabrın 28-nə isə ilk ictimai dinləmələri keçiriləcək qanun layihəsi ilə bağlı ötən müddət ərzində 39 siyasi partiya təkliflərini rəsmi olaraq Milli Məclisə təqdim etmişdir. Onu da qeyd edək ki, qanun layihəsinin ilkin variantı Milli Məclisin saytına yerləşdirilib ki, bu da müzakirə və təkliflərin geniş auditoriyanı əhatə etməsinə şərait yaradır. Sentyabrın 28-də keçiriləcək ilkin ictimai dinləmədə, həmçinin növbəti ictimai dinləmələr zamanı siyasi partiyaların, digər vətəndaş cəmiyyəti subyektlərinin, ekspertlərin, dövlət qurumlarının təklifləri nəzərdən keçirilməklə təkmilləşdiriləcək yeni qanun qəbul ediləcək.
“Siyasi partiyalar haqqında” yeni qanunun qəbulu ölkədəki demokratik siyasi mühitin inkişafına töhvə verməklə yanaşı, Azərbaycanın beynəlxalq nüfuzunun yüksəlməsinə də ciddi təsir edəcək.
Deputat sonda qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin çıxışlarında dönə-dönə səslənən inkişafın “Azərbaycan modeli” iqtisadi sektorla yanaşı, siyasi idarəçilikdə də nümunəyə çevrilməkdədir. Bu gün Azərbaycan siyasi sistemində formalaşmış demokratik mühiti və bundan irəli gələn milli birliyi ölkəmizi sevməyən dövlətlər və beynəlxalq təşkilatlar da etiraf etmək məcburiyyətində qalırlar. Azərbaycanın tarixi inkişafına uğurla liderlik edən Prezident İlham Əliyevin yürütdüyü həm daxili, həm də xarici siyasət ölkənin bütün siyasi qüvvələri tərəfindən qəbul olunur. Bunun yaratdığı milli birlik və siyasi həmrəylik respublikanın inkişafı üçün ən vacib faktordur.