Azərbaycan Ordusu bu gün regionun təhlükəsizliyinin qarantıdır 

“Azərbaycan Silahlı Qüvvələri yeni inkişaf mərhələsindədir. 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın müzəffər Ordusu dünyada məhz müzəffər, döyüş meydanında qalib gəlmiş ordu kimi tanınır. Məhz İkinci Qarabağ müharibəsi bizim gücümüzü göstərdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin də söylədiyi kimi, biz XXI əsrin müharibəsini aparmışıq və bu gün artıq sirr deyil ki, dünyanın aparıcı hərbi məktəblərində İkinci Qarabağ müharibəsindəki əməliyyatlarımız, uğurlarımız, Qələbəmiz öyrənilir. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində bir dəfə də geriyə addım atmayıb. Hər gün bizim hərbçilərimiz öz həyatını risk altına ataraq irəli gedirdilər”. Bu sözləri SİA-ya açıqlamasında deputat Könül Nurullayeva deyib.

Onun sözlərinə görə, müharibə dövründə Ermənistan ordusunda 10 mindən çox fərari olduğu halda Azərbaycan Ordusunda bir dənə də fərari olmayıb: “Əksinə, yaralı əsgər və zabitlərimiz hərbi hospitallarda, xəstəxanalarda həkimlərdən xahiş edirdilər ki, bizi tezliklə sağaldın, biz qayıdaq döyüş meydanına, biz öz missiyamızı başa vurmalıyıq. Məhz bu milli ruh və Silahlı Qüvvələrin gücü Azərbaycanın qələbəsini şərtləndirdi. Azərbaycan ordusunu yeni nəsil müharibənin qalibi etdi. Bu müharibə bizim üçün əvəzolunmaz təcrübə idi. Belə ki, müharibədən sonra həm müasir tələbələrə cavab verən silah-sursat, texnikalar alınır, eyni zamanda, yeni silahlı birləşmələr yaradılır. Bir sözlə, postmünaqişə dövründə silahlı qüvvələrimiz daha da təkmilləşməkdədir - ordu quruculuğu prosesi dayanmayıb, orduya ayrılan xərclər azalmayıb, əksinə, artıb. Bir sözlə, ordu quruculuğu sahəsində son illərdə atılan ardıcıl addımlar müharibədən sonra daha da intensivləşib. Artıq tam yeni mərhələ başlayıb. Yeni nəsil müharibənin qalibi olan ordumuz üçün yeni prioritetlər müəyyənləşib.

Azərbaycan Silahlı Qüvvələri üçün yeni hərbi birləşmə forması olan komando birlikləri isə region üçün istənilən mümkün təhlükənin qarşısını almağa hesablanıb. Bu cür hərbi hissələrin sayı getdikcə artacaq. Bu da ordu quruculuğu sahəsində növbəti inkişaf mərhələsinin başlanğıcıdır. 2020-ci il 44 günlük Vətən müharibəsində peşəkarlıq, fiziki-mənəvi hazırlıq, vətənpərvərlik, fədakarlıq sayəsində tarixi torpaqlarımızı işğaldan azad edən Azərbaycan Silahlı Qüvvələri bu gün sərhəddə və bütövlükdə bölgədə daha da möhkəmlənir. Bu, regionun gələcək təhlükəsizliyi üçün mühüm əhəmiyyət kəsb edir. 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan həm də regionun təhlüksəzilik qarantına çevrilib. Azərbaycan ordusu ərazi bütövlüyümüz başda olmaqla yeni mərhələdə bölgədə davamlı sülhün və təhlükəsizliyin təmin olunması missiyasını da şərəflə yerini yetirir”.