Azərbaycan Ordusunun gücünü bütün dünya gördü

İmaməliyev Xanlar Əmirqulu oğlu
Səbail rayonu, 236 nömrəli tam orta məktəbin direktoru


Prezident İlham Əliyev Vətən müharibəsinə qədər adətən doğum günlərini məcburi köçkünlərlə görüşlərdə keçirirdi.50 illiyini məcburi köçkünlərlə bərabər Ağcabədidə qeyd edən Cənab Prezident, 60 illiyini də Qarabağda - Şuşada keçirdi.Ötən il ad gününü Qubadlı və Zəngilan rayonlarında hərbçilərlə görüşdə keçirən ölkə rəhbəri bu il artıq əsası qoyulan həmin ənənəni Hadrut və Şuşada davam etdirdi. Bu ildə istər Hadrutda, istərsə də Şuşada keçirdiyi görüşlərlə Cənab Prezident həm xalqımıza, həm də bütün dünyaya mesajlar verdi.
Xocavənd rayonunun Hadrut qəsəbəsinə səfər zamanı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev burada hərbi hissənin açılışında çıxış edərək, son illər ərzində Azərbaycan ərazisində yeni hərbi hissələrin, hərbi şəhərciklərin salınmasının diqqət mərkəzində saxlanıldığını, bu istiqamətdə genişmiqyaslı tədbirlər görüldüyünü bildirdi.
Yeni hərbi hissənin işğaldan azad edilmiş ərazidə – Xocavənd rayonunda fəaliyyətə başlamasının çox böyük əhəmiyyət daşıdığını bildirən Cənab Prezident, eyni zamanda, hərbçilərin xidmət şəraitinin yaxşılaşdırılmasına müsbət təsir göstərəcəyini, onların mənzil-məişət problemlərinin həllinə indiyədək olduğu kimi, bundan sonra da daim önəm veriləcəyini qeyd etdi.20 il orduda qüsursuz xidmət etmiş hərbçilərə dövlət tərəfindən mənzillər verilir və bu günə qədər 2200-dən çox hərbçi dövlət tərəfindən mənzillə təmin olunmuşdur. Cari ilin sonuna qədər 130 hərbçi ailəsinə yeni mənzillər veriləcəkdir. Ordu dövlət tərəfindən, Prezident, Ali Baş Komandan tərəfindən daim diqqətlə əhatə olunub. Bu diqqət və qayğının nəticəsində bu gün Azərbaycanın Müzəffər Ordusu dünyada məhz müzəffər, döyüş meydanında qalib gəlmiş ordu kimi tanınır.
Müzəffər Ali Baş Komandan İlham Əliyev daha sonra Hadrut uğrunda gedən döyüşlərin İkinci Qarabağ müharibəsində xüsusi əhəmiyyətə malik bir əməliyyat olması barədə fikirlərini diqqətə çatdırdı:“Hadrut əməliyyatı İkinci Qarabağ müharibəsində xüsusi əhəmiyyətə malik olan bir əməliyyat idi. Strateji qəsəbəni işğaldan azad edilməsi müharibə zamanı gələcək planlarımıza əlavə dəstək verdi. Hadrut işğalçılardan azad edilməsəydi, gələcək əməliyyatlarımız daha böyük çətinliklərlə üzləşə bilərdi. Təsadüfi deyil ki, işğaldan ilk azad edilmiş şəhər olan Cəbrayıldan sonra ikinci böyük yaşayış məntəqəsi Hadrut olmuşdur. Müzəffər Azərbaycan Ordusu ötən il oktyabrın 9-da bu qəsəbəni işğalçılardan azad etmişdir. Ermənistan öz ordusunun mənəvi-psixoloji vəziyyətini anlayaraq Hadrut haqqında yalanlar yayırdı. Hadrut azad ediləndən sonra Ermənistan ordusunda fərarilik halları daha geniş vüsət almış və onların özlərinin etirafına görə müharibə zamanı 10 min fərari olmuşdur”.
Eyni zamanda, ordumuzun döyüş hazırlığı da yüksək səviyyədə idi. İşğal dövründə irimiqyaslı təlimlərin keçirilməsi, ordunun Ali Baş Komandanın diqqəti və səyi nəticəsində müasir silahlarla silahlandırılması, artilleriya və aviasiyanın, eləcə də digər sahələrin inkişaf etdirilməsi də qələbəmizi şərtləndirdi.Azərbaycan Ordusunun gücünü bütün dünya gördü. Bütün dünya gördü ki, Azərbaycanın qəhrəman övladları nəyə qadirdir.
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri dekabrın 24-də Hadrut qəsəbəsinə səfərdən sonra Şuşa şəhərində olarkən, dövlətimizin başçısı Şuşanın məşhur Cıdır düzündə çıxış edərək, əvvəlcə xalqımıza həm ad gününü təbrikə, həm də göstərilən dəstəyə görə minnətdarlığını çatdırdı: “Mən bu dəstəyi 2003-cü ildən – Prezident vəzifəsinə ilk dəfə seçiləndən bu günə qədər hiss edirəm. Bu dəstək mənə güc verir. Bu dəstək iradəmi möhkəmləndirir. Bu dəstək nəticəsində biz hamımız – bütün Azərbaycan xalqı böyük tarixi uğurlara imza atmışıq. Mən deyirdim ki, gün gələcək Azərbaycan bayrağı işğal edilmiş torpaqlarda, o cümlədən, Şuşada dalğalanacaq və bu müqəddəs günü biz şəhidlərimizin qanı-canı bahasına yaşadıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.
Bu gün biz artıq Böyük Qayıdış mərhələsinə qədəm qoymuşuq. Ölkə Prezidentinin qarşıya qoyduğu məqsəd və vəzifələrdən ən vacibləri sırasında vətəndaşlarımızın işğaldan azad olunmuş torpaqlara qayıdaraq rahat, əmin-amanlıq şəraitində yaşaması və bu torpaqlarda həyatın canlanmasıdır. Qazanılan hər bir uğurun əsasında məhz ölkədəki sağlam ictimai-siyasi mühit, xalq-iqtidar birliyi dayanır. Bu qarşılıqlı inam sayəsində Ölkə başçısı cənab İlham Əliyev xalqı bundan sonra da öz arxasınca qələbədən-qələbəyə aparacaqdır.