Oktyabrın 15-i Azərbaycan tarixinə iki əlamətdar hadisə ilə həkk olunub. Birincisi, 2003-cü ildə İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilib. İkincisi, ölkə Prezidenti Xocalı və Xankəndidə Azərbaycanın üçrəngli bayrağını ucaldıb. Göründüyü kimi, bu iki əlamətdar hadisənin hər biri məhz Prezident İlham Əliyevin adı ilə bağlıdır. Əslində ikinci tarixi hadisə birincinin məntiqi nəticəsidir. Əgər Prezident İlham Əliyev 2003-cü il oktyabrın 15-də Prezident seçilməsəydi, bu gün biz nəinki Şuşaya, Xocalıya, Xankəndiyə bayraq sancacaqdıq, əksinə, bəlkə də yeni ərazilər itirəcəkdik.
Qandan, işğalçılıq siyasətindən doymayan Ermənistanın qarşısında daha böyük missiya var idi. Dənizdən dənizə dövlət yaratmaq. Xəstə təxəyyüllərlə yaşayan ermənilər bütün qonşu ölkələrə qarşı ərazi iddiasında idilər. Sözsüz ki, onlar, ilk növbədə, Azərbaycan ərazilərini işğal edib bitirməli, sonra Türkiyəyə, Gürcüstana qarşı ayağa qalxmalı, niyyətlərini tamamlamalı idilər. Deməli, Azərbaycan Ordusu həm 2020-ci ilin sentyabrında həyata keçirdiyi 44 günlük Vətən müharibəsi, həm də bu il sentyabrın 19-da reallaşdırdığı lokal antiterror tədbirləri nəticəsində təkcə öz suverenliyini təmin etmədi, həm də erməniləri “böyük Ermənistan” xəstəliyindən qurtardı, onların gələcəyə hesablanmış təhlükəli planlarını alt-üst etdi.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı İltizam Yusifov deyib.
Azərbaycan Prezidentinin 20 il öncə qarşısına qoyduğu bütün vəzifələrin icra edildiyini diqqətə çatdıran deputat əlavə edib: “İyirmi il bundan əvvəl Prezident seçilmiş İlham Əliyev doğma xalqına müraciət edərək söz vermişdi ki, Azərbaycan xalqının və dövlətinin milli maraqlarını müdafiə edəcək, ərazi bütövlüyünü qoruyacaq. Azərbaycan xalqı hər gün, hər saat öz müqəddəs məqsədinə doğru gedirdi, müqəddəs anı yaxınlaşdırırdı. İyirmi il bundan əvvəl Prezident kimi öz vəzifə borcunu yerinə yetirməyə başlayan dövlətimizin başçısı qarşısına bir nömrəli vəzifə qoymuşdu ki, Azərbaycan Bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılsın.
Prezident İlham Əliyev verdiyi bütün vədləri yerinə yetirib. Bunu hətta onun həmkarları da etiraf edirlər. Prezident İlham Əliyevin doğum günü ərəfəsində yerli kanallara danışan Vladimir Putin dövlətimizin başçısı barədə belə deyib: “Ola bilər ki, onunla nədəsə razılığa gəlmək çətin olur. Bu, xüsusilə əsas məsələlərdə asan proses deyil. Lakin razılığa gəlinirsə, tam əmin olun ki, vəd yerinə yetiriləcək. Bu, istənilən insanın əsas xarakterik xüsusiyyətlərindəndir, siyasətlə məşğul olanlar üçünsə ikiqat vacibdir”.
Bu cür keyfiyyətlərə sahib İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı, Ordumuz 2020-ci ildə 44 günə ölkənin ərazi bütövlüyünü, 2023-cü ildə 24 saata dövlətimizin suverenliyini tam bərpa etdi. Qazanılmış tarixi Zəfər Prezident İlham Əliyevin düşünülmüş siyasəti, qətiyyəti və prinsipiallığı nəticəsində mümkün oldu. O, Azərbaycanın işğal altındakı torpaqlarını azad etməklə həm də ata vəsiyyətini yerinə yetirdi. Azərbaycan postsovet məkanında öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş yeganə, dünyada isə çox nadir ölkələrdən biridir. Prezident İlham Əliyev bu tarixi Zəfərlə kökü 200 il əvvələ gedən, neçə-neçə nəslə acı tale yaşadan bir problemi kökündən həll etdi”.
İltizam Yusifov qeyd edib ki, Qələbənin əsas memarı Ali Baş Komandan İlham Əliyev olsa da, o, heç vaxt təvazökarlıqdan uzaqlaşmadı və bütün çıxışlarında əldə olunan qələbələrə görə Azərbaycan xalqına, Ordumuza, şəhid və yaralılara borclu olduğumuzu xatırlatdı. Azərbaycanın, o cümlədən gözəl Qarabağın hər bir ərazisi, hər qarış torpağı bizim üçün əzizdir. Amma Şuşanın, Xocalının, Xankəndinin Azərbaycan tarixində fərqli bir yerləri vardır. Şuşa bizim mədəniyyət beşiyimizdir. Xocalı qan yaddaşımızdır. Xankəndi isə dövlətçiliyimizi, milli qürurumuzu tapdalayan, təhqir edən separatçıların sığınacağı, “məktəbi” idi. Onları orada qızışdırıb, təşkilatlandırıb üzərimizə qaldırdılar. Bütün bəlalarımız, faciələrimiz Xankəndidən başladı və Xankəndidə də bitdi. Prezident İlham Əliyev oktyabrın 15-də Xankəndidə bayrağımızı ucaltmaqla Azərbaycanın 32 illik müstəqillik tarixində tamamilə yeni, şanlı bir səhifə açdı. Dövlətimizin başçısı Xankəndidəki erməni separatizminə son qoymaqla iyirmi illik uğurlu fəaliyyətini taclandırdı.
“Suverenliyi təmin olunan Azərbaycan dünyaya hərbi ləyaqət dərsi keçdi. Qarabağda bir dənə ev, məktəb, xəstəxana dağıdılmadı. Mülki ermənilərdən heç kəs xəsarət almadı. Hadruta, Xocalıya, Xankəndiyə, Əsgərana baxın. Müharibənin getdiyi ərazilərə oxşayırlarmı? Qətiyyən. Amma Ukraynaya, Əfqanıstana, İraqa, Qəzzaya nəzər salın. Şəhərlər, kəndlər yerlə yeksan edilib, on minlərlə dinc əhali öldürülüb. Bu gün Qarabağda yaşayan ermənilər pulsuz qida ilə, isti geyimlə təmin olunublar. Onlar Azərbaycandan razılıq ifadə edirlər. Budur Azərbaycan dövlətinin fərqi”, - deyə deputat vurğulayıb.
Önümüzdə mükəmməl və aydın bir yol xəritəsinin olduğunu diqqətə çatdıran İltizam Yusifov əlavə edib: “Dövlətimizin gücünün, potensialının böyük hissəsi Qarabağın yenidən qurulmasına yönəlib. Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş, 2022-2026-cı illəri əhatə edən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" bu gün uğurla həyata keçirilir. Hər gün Bakıda və digər bölgələrimizdə yaşayan Qarabağdan olan sakinlərimizin öz dədə-baba yurdlarına köçürülməsi təmin edilir. Müharibədən cəmi il yarım sonra - 2022-ci il iyulun 19-dan başlayaraq azad olunmuş ərazilərə ümumilikdə 679 ailə olmaqla, 2715 nəfər keçmiş məcburi köçkünün qayıdışı baş tutub. İlin sonuna qədər ümumən 1400-ə yaxın ailə olmaqla, 5000-dən artıq şəxsin geri qayıdışı nəzərdə tutulur.
Çox çətin missiyaların öhdəsindən gələn Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağımızın yaxın vaxtlarda gülüstana çevriləcəyinə heç kəs şübhə etmir”.